Azərbaycan Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb. Rəsmi açıqlamaya görə, lüğət Nazirlər Kabinetinin 16 aprel 2019-cu il qərarı ilə təsdiqlənən orfoqrafiya normalarına uyğun tərtib edilib. Tərtibçi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, yazıçı Afaq Məsud, redaksiya heyətinin üzvləri filologiya üzrə elmlər doktorları Nizami Cəfərov, Vilayət Quliyev, Qulu Məhərrəmli, Cahangir Məmmədli, Cəlil Nağıyev, Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovdur.
İyulun 28-də AZƏRTAC-a danışan Afaq Məsud deyib ki, yeni orfoqrafiya lüğətinə zərurət Dövlət Tərcümə Mərkəzinin qarşısına qoyulmuş vəzifələrin icrası zəminində yaranıb: “2015-ci ildən başlayaraq dövlət qurumlarının saytlarında, təşkilatlar arasında yazışmalarda, dil və tədris vəsaitlərində, KİV, bədii nəşrlər, dublyaj, eləcə də digər aidiyyəti sahələr üzrə aparılan yoxlamalar aşkarlanan xətaların, dil və tərcümə qüsurlarının eyni bir mənbədən – əslində başlıca funksiyası sözlərin vahid düzgün yazılış qaydasını bildirməli olan orfoqrafiya lüğətindən qaynaqlandığını üzə çıxardı və ilkin mənbənin özünün araşdırılması tələbi gündəmə gəldi. İşə başlanarkən vəziyyətin göründüyündən daha ağır olduğu, məsələnin hər hansı nöqsan, ya çatışmazlığın aradan qaldırılması ilə həll edilə bilməyəcəyi üzə çıxdı. Azərbaycan dilinin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən mənbə bu halda olduğu təqdirdə dilimizin saflığının qorunması, düzgün istifadəsi uğrunda çəkilən bütün zəhmətin hədər olduğunu anladıq. Lüğətin yenidən tərtib edilməsi məsələsi də beləcə gündəmə gəldi.
Yeni orfoqrafiya lüğəti əvvəlki lüğətlərdən orfoqrafiya lüğəti formatının tələblərinə cavab verməsi ilə fərqlənir. Yəni Azərbaycan dilinin söz ehtiyatının həqiqi mənzərəsini əks etdirməsi, sözləri vahid düzgün yazılış qaydasında təqdim etməsi ilə. Orfoqrafiya lüğəti əvvəlki lüğətlərdə yazılışı səhv, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərdən, söz anlayışına sığmayan lüzumsuz səs təqlidlərindən, bir neçə sözdən düzəldilmiş, yaxud müxtəlif şəkilçilər artırılaraq eybəcər hallara salınmış minlərlə söz quramalarından təmizlənib, ona əvvəlki lüğətlərdə yer almamış 9 mindən çox söz əlavə olunub”.
Azərbaycan dilinin 90 illik lüğətçilik tarixi ərzində altı orfoqrafiya lüğəti çap olunub. Son lüğətdə 110 min söz yer alıb. Mərkəzin tərtib etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə isə 65 min söz toplanıb.
Afaq Məsud deyib ki, lüğətdən çıxarılan sözlərin dəqiq mənzərəsini əks etdirən təsnifat nəşrə hazırlanır: “50 mindən çox sözü əhatə edən bu tarixi sənəd kitab formatında nəşr ediləcək və araşdırılması üçün Dövlət Dil Komissiyasına təqdim ediləcək.
Yeni lüğətin tərtibinə başlanarkən 1929-cu ildən bəri işıq üzü görmüş milli orfoqrafiya lüğətlərinin araşdırılması işinə start verildi. Sözlərin seçiminə gəlincə, proses “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin etimologiya lüğəti”, “Azərbaycan dilinin dialektoloji lüğəti”, “Azərbaycan dilinin frazeoloji lüğəti”, “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri”, “Azərbaycan dastanlarının leksikası” və sair bu kimi mənbələrdə aparılan təhlil və araşdırmalarla həyata keçirildi, keçmiş lüğətlərdə yer alsa da, yeni orfoqrafiya lüğətinə daxil edilməməsi qərara alınan hər bir söz detallı şəkildə təhlil edildi. Ortaya sözün əsl mənasında mükəmməl orfoqrafiya vəsaitinin çıxarılması naminə bu beş il ərzində çox iş görülüb. Yazılışı əvvəlki orfoqrafiya lüğətlərində səhv, yaxud iki, bəzən üç variantda verilmiş söz və terminlər vahid düzgün yazılış qaydasında təqdim olunub, minlərlə ərəb, fars və digər xarici sözlərdən yalnız işləkləri, minlərlə lüzumsuz söz törəmələrindən yalnız semantik yükü olanlar, 2 mindən çox səs təqlidi və onlara dair törəmələrdən yalnız müəyyən məna kəsb edənlər saxlanılıb, mənası anlaşılmayan qədim sözlər işləklik qazanması məqsədilə izahlarla verilib, həmçinin eyni cür səslənsə də, ayrı-ayrı mənalar daşıyan söz və terminlər izahlarla verilib, lüğətin “Azərbaycan Respublikasının coğrafi adları” bölümləri və “Dünya üzrə coğrafi adlar” əvvəlki orfoqrafiya lüğətlərində yer almamış ölkə və şəhər adları ilə təkmilləşdirilib, “Azərbaycanın milli musiqi adları”, “Azərbaycan xalçaları adları” bölmələri əlavə edilib…
Yeni orfoqrafiya lüğətinə olan kütləvi tələbatı nəzərə alaraq kitabı hər il nəşr etməyi planlaşdırırıq. Hər bir azərbaycanlının, eləcə də qurum və təşkilatların ehtiyac duyduğu bu vəsait 50-100 min tirajla nəşr olunmalıdır. Bu il ilkin olaraq lüğəti 500 tirajla, yəni imkan daxilində nəşr etdik. Kitabın kütləvi nəşrinə vəsaitin ayrılması üçün prezident, Dövlət Dil Komissiyasının sədri İlham Əliyevə məktub hazırlanır. Ölkə başçısının bu məsələyə həssas yanaşacağına inanırıq”.