“Bu gün faktiki olaraq danışıqlar prosesi getmir”
İyulun 6-sı Bakıda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edən prezident tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, qısa müddətdə ərsəyə gələn xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur: “Koronavirus xəstələrinin sayı artır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır. Bu xəstəxanada bütün lazımi şərait yaradılıb. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait var. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay, ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə əlavə imkanlarımız olacaq.
Modul tipli 5 xəstəxana fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. İkisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq.
Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilib. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.
Bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik – yəni xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350.
Dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bəzi ölkələr bizim kimi yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıb. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər.
Biz bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaq. Bu bizə imkan verəcək ki, daha çox test aparaq. Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq. May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar.
Biz bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.
Dağlıq Qarabağ münaqişəsindən danışan prezident ATƏT-in Minsk qrupunu tənqid edib: “Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir, həm tarixi ədalətə, eyni zamanda beynəlxalq hüquqa əsaslanır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçi olan ATƏT-in Minsk qrupundan konkret bəyanatlar gözlədiyini vurğulayıb: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!
Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı o dövr keçib. Biz aydınlıq tələb edirik.
Bu addımları kim atır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir.
Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kimin tanımadığı bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun.
Nədir bunların bəyanatında əsas tezis – hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik.
Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib!
Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu sadəcə olaraq Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir – bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.