QHT necə inzibati cəza protokolu tərtib edə bilər?
Ələsgər Məmmədli
hüquqşünas, media hüququ üzrə mütəxəssis
Bu ilin aprel ayında Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi yerləşdirildi.
İlk oxunuşdan keçmiş layihədə dövlət dili normalarının kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında pozulmasına görə inzibati cəza – cərimələr müəyyən edilirdi. Fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 300 manatdan 400 manatadək, hüquqi şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu.
Bu layihənin bir neçə aspektdən hüquqazidd olduğu və nədən qəbul edilməməli olduğu haqda bir yazı ilə çıxış etdim.
Əsaslandırmam belə idi:
“Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən ediləndən sonra məsuliyyət nəzərdə tutula bilər. Dövlət dili ilə bağlı məsuliyyəti nəzərdə tutan qanun isə “Dövlət dili haqqında” qanundur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulub. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, qanun özü müəyyən etməlidir, edib də.
“Dövlət dili haqqında” qanunun doqquz maddəsi (4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci maddələr) dövlət dilinin işlənməsinin zəruri olduğu sahələri göstərib. Qanunun həmin maddələrinə əsasən, rəsmi mərasimlərdə; təhsil sahəsində; televiziya və radio yayımlarında; xidmət sahələrində, reklam və elanlarda; xüsusi adlarda; coğrafi obyektlərin adlarında; hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda; beynəlxalq yazışmalarda dövlət dlinin işlənməsi zəruridir, eyni zamanda inzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə olunmalıdır.
Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdudlaşmalıdır. Amma məcəlləyə dəyişikliyi nəzərdə tutan layihədə həmin sahələrin birindən – reklam sahəsindən savayı heç birinə toxunulmur, üstəlik, layihə qanunda olmayan iki önəmli sahəni – kütləvi informasiya vasitələrini və interneti məsuliyyət çərçivəsinə salmağı planlaşdırır.
Diqqət etsək, görərik ki, “Dövlət dili haqqında” qanunda (6-cı maddə) kütləvi informasiya vasitələrindən yalnız televiziya və radiolar üçün məsuliyyət nəzərdə tutulub. (Əslində bu da mübahisəlidir, qanun yalnız dövlətin təsis etdiyi və maliyyələşdirdiyi televiziya və radiolarla məhdudlaşmalı idi).
Deməli, geniş şəkildə kütləvi informasiya vasitələri və internet resursları üçün məsuliyyətin müəyyən edilməsi mümkün deyil və buna hüquqi əsas yoxdur.
Dövlət dili normalarının pozulmasına görə bütövlükdə kütləvi informasiya vasitələri və internet resursları üçün inzibati cəzanın müəyyən edilməsi Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə də ziddir”.
Mayın 8-i Milli Məclisin plenar iclası haqqında parlamentin rəsmi saytında dərc edilən materialdan bəlli oldu ki, sadəcə İnzibati Xətalar Məcəlləsinə deyil, sahəvi bir sıra qanunlara da dəyişikliklər müzakirə edilərək qəbul olunub.
Milli Məclisin saytındakı materialdan: “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verdi. O bildirdi ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Qeyd olundu ki, qanun layihəsinin ictimai müzakirəsi də keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib.
Müzakirələr zamanı millət vəkilləri Siyavuş Novruzov, Nizami Cəfərov və Qüdrət Həsənquliyevin fikirləri dinlənildi və qanun layihəsi səsə qoyularaq təsdiqləndi”.
Müzakirə edilən və qəbul edilən dəyişikliklər vaxtında Milli Məclisin saytında yerləşdirilmədiyindən onların mahiyyəti ictimaiyyətə bəlli olmadı. İyunun 23-də isə Azərbaycan prezidentinin rəsmi saytında bu qanunların qüvvvəyə minməsi barədə sənədlər yerləşdirildi. Məlum oldu ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 533-1-ci maddədən layihədə olan “internet informasiya resurslarında” ifadəsi çıxarılıb, lakin kütləvi informasiya vasitələri saxlanılıb:
“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.
İyunun 23-də prezidentin rəsmi saytında daha bir sənəd – fərman yerləşdirilib. Fərman belə adlanır: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”.
Bu fərmana əsasən, prezidentin 2020-ci il 1 may tarixli 1013 nömrəli fərmanı ilə təsdiqlənmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”na aşağıdakı məzmunda 60-1-ci hissə əlavə edilib:
“60-1. Məcəllənin 533-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
60-1.1. teleradio yayımlarına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
60-1.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər”.
Beləliklə, 23 iyun fərmanına əsasən, dövlət dili normalarını pozan kütləvi informasiya vasitələri, onların vəzifəli şəxsləri və jurnalistləri haqqında inzibati protokolu Azərbaycan Mətbuat Şurası adından şuranın sədri, müavini, Naxçıvan Mətbuat Şurasının sədri tərtib edəcək.
Milli Televiziya və Radio Şurası kollegial dövlət qurumudur və onun teleradio sahəsinə dair inzibati xətalarla bağlı müəyyən səlahiyyətlərinin olması təbiidir.
Lakin diqqət çəkən 60-1.2-ci bənddə göstərilən Azərbaycan Mətbuat Şurasıdır.
Mətbuat Şurası təşkilati-hüquqi formasına görə qeyri-hökumət təşkilatıdır. Onun nizamnaməsinin 1-ci bəndində göstərilir: “Azərbaycan Mətbuat Şurası bu nizamnamədə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır”.
Təsisçiləri əsasən jurnalistlərdir. Nizamnamənin 3.2-ci bəndinə əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən mətbu nəşrlərin təsisçiləri və hüquqi şəxs olan redaksiyaları, informasiya agentlikləri, jurnalist birlikləri və şuranın nizamnaməsinin tələblərini qəbul edən fiziki şəxslər Mətbuat Şurasının üzvü ola bilərlər.
İctimai qurum olduğundan Mətbuat Şurası hüquqi baxımdan dövlət qurumu, yaxud müvafiq icra hakimiyyəti orqanı kimi inzibati səlahiyyət daşıya bilməz.
Artıq üçüncü dəfədir prezident fərmanlarında Mətbuat Şurası inzibati orqan kimi təqdim olunur və “müvafiq icra hakimiyyəti orqanı” yerində jurnalisti, vəzifəli şəxsləri, KİV-i cəzalandırmaq vəzifəsinə yiyələnir.
İlk dəfə 6 mart 2009-cu il tarixli 774-IIIQD nömrəli qanunla “KİV haqqında” qanunun 19-cu maddəsinə kütləvi informasiya vasitələrinə xitam verilməsini nəzərdə tutan əlavə edilib. Nəticədə bəzi qurumların KİV-in fəaliyyətini dayandırmaq və ya onun fəaliyyətinə xitam vermək məqsədilə məhkəməyə müraciət etmək hüququ tanınıb.
“KİV haqqında” qanuna əlavə ediləndən sonra qanunun tətbiqinə dair prezident fərmanı da yenilənib, nəticədə dövri mətbu nəşirlərin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmalı olan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri müəyyən maddələr üzrə Azərbaycan Mətbuat Şurasına verilib.
Sözügedən prezident fərmanı əlavə olaraq “KİV haqqında” qanunun 29-cu maddəsində dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin pulsuz nüsxələrinin tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum kimi Mətbuat Şurasına da məcburi göndərilməsini nəzərdə tutub.
Azərbaycan prezidentinin Mətbuat Şurasını müvafiq icra hakimiyyəti orqanı kimi göstərməsi ikinci dəfə 3 may 2017-ci ildə baş verib. İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulan əməllərə görə cəzalandırmaq üçün protokolları tərtib etmə səlahiyyəti də Mətbuat Şurasına verilib. Mətbuat Şurasının inzibati protokol tərtib etdiyi hallar bunlardır:
“Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə
388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:
388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa;
388.0.2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
388.0.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir”.
Əslində bu, konstitusion hüququn pozulmasıdır. Amma hökumətin hüquq siyasətinə nəzarət edən şəxslər və qurumlar bu məsələyə diqqət vermir, dövlət səlahiyyətlərini qeyri-hökumət təşkilatına yükləməyə davam edirlər.
Konstitusiyanın 6-cı maddəsində bildirilir: “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”.
Konstitusiyanın 7-ci maddəsində göstərilir:
“III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
– qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
– icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
– məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Konstitusiyanın 25-ci maddəsində deyilir: “III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.
Hazırda isə mətbu orqan təsis etmiş bir QHT ilə onu cərimələyən QHT (Mətbuat Şurası) arasında hüquqi bərabərsizlik yaradılıb. Bir QHT-yə (Mətbuat Şurasına) inzibati cərimə protokolu tərtib etmək hüququ verilib və başqa QHT-lərin üzərinə onun verdiyi cəzaya əməl etmək öhdəliyi qoyulub.
Təəssüf ki, indiyərək Mətbuat Şurası da öz nizamnaməsində olmayan vəzifələrlə yüklənəndə səsini çıxarmayıb, bu vəzifələrin onun missiyasına, nizamnaməsinə (“Şuranın fəaliyyətinin məqsədi və predmeti” hissəsinə) uyğun olmadığını dilə gətirməyib.
Bu hüquqi biabırçılıq dərhal dərk edilməli və düzəldilməlidir. Mətbuat Şurası dövlət qurumu, nazirlik deyil, özünütənzimləmə qurumudur. Onun səlahiyyətləri üzvlərinin qəbul etdiyi nizamnamə çərçivəsindədir və şura bu çərçivədən kənara çıxa bilməz. Mətbuat Şurasının onun üzvü olmayanlar barəsində hər hansı qərar, protokol qəbul etməsi səlahiyyətlərini aşması deməkdir. Mətbuat Şurasına inzibati vəzifələrin icrasının verilməsi isə hakimiyyət səlahiyyətini hüquqazidd “mənimsəmə”dir.
Müəllifin başqa yazıları:
İfadə azadlığının hüquqi məhdudiyyətləri və məsuliyyətlər
KİV: qanunların mənbəyi və daxili qanunvericilik
Dövlət niyə Allahın nümayəndəsini bəndəyə çox görür?
Media 2017-də: əyri düzəlişlər
Onlayn internet resursları qanuna zidd bloklanır
Dəyişikliyə ehtiyacı olan dəyişiklik
İnformasiya qanunvericiliyinə əlavələr ifadə azadlığını təhdid edir