Əntiqə Rəşid
Deyilənə görə, Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət kəsiləndə onun şeir söylədiyini hiss edir:
– Siz də şair-mairsiniz?
– Şair nədir, mair nədir? – müştəri suala sualla cavab verir.
Bərəçi ah çəkir:
– Şair Səməd Vurğundur, mair sizin kimi ara-bərədə yazanlar…
Müştəri heç nə demir, bərədən enib dinməzcə ağacların arasında onu gözləyən atlıların yanına gedir. Bir azdan meşəbəyi bərəçiyə yaxınlaşır:
– Səməd Vurğunla nə danışırdın?
– Nə Səməd Vurğun? – bərəçinin gözü kəlləsinə çıxır.
– Bərəylə bu üzə keçirdiyin adam şair Səməd Vurğun idi.
Bərəçi yerində donub qalır.
Bunu oxuyandan sonra illər əvvəlin bir hadisəsi yadıma düşdü.
2010-ci il olardı. Vahid Qazinin “Ruhlar şəhəri” əsərini oxuyub, kövrəlib-ağlayan vaxtlarımıydı. Bir gün xəbər gəldi ki, “Qarabağ mövzusu ədəbiyyatda” adlı dəyirmi masa keçiriləcək. Qarabağlı jurnalist olaraq mən də dəvətliyəm. Getdim!
Kimlər yox idi dəyirmi masada?! Tanıdığınız bütün qarabağlı jurnalistlərin hamısı burdaydı. Çoxunu tanıdım, amma tanımadıqlarım da vardı. İştirakçıların yarıdan çoxu danışıb fikirlərini söyləmişdi. Hər kəs öz subyektiv düşüncələrini məclis əhlinə çatdırmışdı. Maraqlı müzakirələr getdiyi vaxtda söz mənə verildi. Başladım (təxminən bu sözlər): “Son zamanlar bir neçə yazarımızın əsərlərini oxumuşam və hər dəfə oxuduqca o əsərlərdə sözün həqiqi mənasında Qarabağın nəfəsini, yanğısını hiss eləmişəm. Məsələn, Aqil Abbasın “Dolu”, Nüşabə Məmmədlinin “Zəngulə”, Vahid Qazinin “Ruhlar şəhəri” və sair əsərləri…
Yerdən replika: – Əşşi, Vahid Qazi nə bilir yazı yazmağı…
İlk ağlıma gələn fikir: kimdir o, neçə gündür ağlaya-ağlaya oxuduğum yazıçını kim cəsarət eləyib tənqid elədi?
Ardıcıllıqla, təmkinlə, mədəni-mədəni danışdığım mövzu yadımdan çıxdı. Gözümlə axtarıb “atmaca atanı” tapdım. Gülümsəyən sarıbəniz adama gözüm sataşanda coşdum: “Axı siz oxumadığınız bir əsər haqqında, tanımadığınız bir adam haqqında niyə belə danışırsınız? Siz ömrünüzdə bir dəfə Vahid Qazinin yerinə qoydunuz özünüzü? Onun həsrət qaldığı o cığırları, yolları, məhləni heç olmasa bir dəfə gəzdiniz, arzuladınız, xiffətini çəkdinizmi?”
Susdura bilən yoxdur eyyy məni… Sarıbənizi ağ yuyub, qara sərirəm.
Yanımda kimsə məni dürtmələdi, dartışdırdı ki, otur… Bir iki cümlə də kövrələ-kövrələ nəsə dedim oturdum.
Day məndən sonra danışanları dinləmirdim. Amma arabir “pıqqıldaşma” hiss edirdim. Heç maraqlanmadım da.
Uzun sözün qısası, məclis sona yetdi. Hamımız foyeyə çıxdıq. Qarderoba yaxınlaşdıq.
Elə bu an da o sarıbəniz “atmaca atan” gülümsəyərək yaxınlaşdı. Mənim sevimli yazıçımı və sevimli əsərimi tənqid etdiyi üçün ona tərəf heç çönmədim. Amma “Çox sağ olun xanım, təşəkkür edirəm” dediyini eşitdim.
Səhv eləmirəmsə, ondan sonra qarderoba yaxınlaşan Zamin Hacı idi. Paltosunu əlinə alıb qapıdan çıxmağa hazırlaşan sarıbəniz ”atmaca atan” tərəfə ucadan və nümayişkaranə səsləndi: – Vahid Qazi, məni də gözlə!
10 ildən çox keçib e, hadisə yadıma düşəndə hələ də bilmirəm, gülüm, ağlayım. pərt olum, utanım….
Amma Vahid Qazi” Ruhlar şəhəri” ilə həmişə məni ağladıb.