Zülmətə gömülənlər (Başıma gələnlərdən)
1900-cü ildə doğulmuş Oleq Volkov 28 yaşında qanunsuz tutulub, ömrünün 27 ilini həbsxana və sürgündə keçirib. Ədəbi fəaliyyətə bəraət aldıqdan sonra başlayıb: ingilis və fransız ədəbiyyatından rus dilinə, rus ədəbiyyatından fransız dilinə bir sıra tərcümənin, onlarca povest, hekayə və oçerkin müəllifidir. 1996-cı ildə vəfat edib.
Aleksandr Soljenitsından sonra Stalin düşərgələri barədə yazan ikinci ən böyük yazıçı sayılır. Soljenitsın özünün “QULaq arxipelaqı” romanında Volkovun xatirələrindən gen-bol istifadə edib.
Oleq Volkovun “Zülmətə gömülənlər” romanı təxminən 30 ilə yazılıb, SSRİ-də yasaq edilmiş əsər kimi ilk dəfə 1987-ci ildə Parisdə çap olunub. Sovet oxucuları “Zülmətə gömülənlər”lə “Roman-qazeta”nın 1990-cı ilin 6-cı (mart) nömrəsində tanış olmaq imkanı qazanıblar. Romandan bir parçanı dərc edirik.
Oleq Volkov
Zülmətə gömülənlər
(Başıma gələnlərdən)
“Sumqayıtdan sonra bir çox moskvalı kimi mən özüm də ekstremistlərin bəd əməllərini həm də dini fanatizmlə əlaqələndirirdim. Lakin yadımdadır, tanış bir tacik qızğınlıqla mənə izah eləyirdi ki, islam dözümlü olmağa səsləyir. Deməli, burada zor işlədənlərlə qan verənləri ayırd etməmək olmaz və bu fikir şəxsən məndə uzun illər QULaq (Baş Düşərgələr İdarəsi – tərcüməçi), dustağı olmuş Oleq Volkovun “Zülmətə gömülənlər” kitabını oxuduqdan sonra möhkəmləndi… Oleq Vasilyeviç Volkov mənə insanlıq dərsi verdi. Adamları din yox, damarlarında axan qan yox, hər cür zorakılığa, azadlığın olmamasına münasibət ayırır…” (A.Vasinski. Günün aktual mövzusu. “İzvestiya”, 21 mart 1990-cı il).
…Çarpayı yoldaşım, uzaq Zaqafqaziyada doğulmuş Mahmud Məmmədovu da mənimlə bir gündə, eynilə apendisitdən operasiya etdilər.
Onlar üç yüz nəfərə qədər idilər. Müsavat Partiyasının üzvləri, türk, sonralar deyildiyi kimi isə Azərbaycan ziyalılarının qaymağı.
Onları Butırka həbsxanasından Solovkiyə sürgünə göndərmişdilər… Bu adamların timsalında mən özümə məlum olmayan, özgün bir dünyanı kəşf elədim. Öz müstəqilliyini, ənənəvi baxışlarını və əcdadlarının adət-ənənələrini var qüvvəsi ilə qoruyub saxlamağa çalışan kiçik bir xalqın dünyasını.
Sonralar Solovkidə müsavatçılarla qonşu düşəndə görürdüm ki, onlar necə dərin övlad məhəbbəti ilə ağsaqqalların qeydinə qalırlar, göz qoyurlar ki, süfrə başında kiminsə payı o birisindən əskik olmasın, qəlbini Allah-taalaya bağlayanlara necə də canıyananlıqla qayğı göstərirlər. Onlara əsasən mən mühakimə yürüdə bilirdim ki, son onillikdə rus cəmiyyəti nə qədər də cırlaşıb. Ucqarlarda yaşayan xalqlarla – yəni əxlaq qaydalarının daha gec gedib çatdığı və ilk əvvəllər ehtiyatla yayıldığı xalqlarla müqayisədə xaraktercə nə qədər də qəddarlaşmışıq.
Budur, ağ mələfə ilə müqayisədə kömür kimi qapqara olan Mahmud şərqlilər sayağı bardaş qurub oturub və öz ata-baba yurdu barədə danışır.
Kiçik rayon mərkəzində müəllimlik etməsinə baxmayaraq Mahmudun sir-sifətindən təbiət adamı olduğu açıq-aşkar sezilir. Səsinin ahəngi mənə onun doğma Qarabağının dağ döşündə və dərin dərələrində əks-səda verən çoban tütəyinin zümzüməsini xatırladır.
Rusiyanı bürümüş inqilabi hadisələr Zaqafqaziya boyu yayılır, yerli rəqabət və milli nifaqa qarışırdı. Belə bir şəraitdə köhnə incikliklərin haqq-hesabını çəkmək üçün tayfa və icmaların əl-qolu açılırdı. Mahmud müsavatçıların təqib olunmasına Moskvanın adamı, o vaxtkı Azərbaycan canişini Bağırovun öz şəxsi düşmənlərindən hayıf çıxması kimi baxırdı.
Bakıda, həbsxana divarları arxasındakı qətllər, üzləşdirmə zamanı verilən əzab-əziyyət və işgəncələr barədə az danışırdı. Bədənindəki göy ləkələr, qançırlar həmin işgəncələrdən xəbər verirdi. Orta əsrlərə xas olan üsullara qayıdışa dair bu gözgörəsi sübutlar o vaxt adamın ağlına batmırdı, bunlar amansız Şərqin əxlaq qaydalarının inikası – yəni Sovet Rusiyası ilə bir araya sığmayan teymurləngçilik təsiri bağışlayırdı.
…Geniş görüş otağı – köçürmə dəstələrini burada yaradırdılar – Şərq bazarını xatırladırdı. Quzu dərisindən papaq qoymuş, yüngül yun Qafqaz corabı geyinmiş, tük döşəklərini və xurcunlarını çiyinlərinə atmış qaraşın adamları kameralardan çıxarıb bura yığırdılar. Otaqda yaman qələbəlik idi, hay-küydən qulaq tutulurdu. Bir yolun yolçusu olan adamlar sevinclə bir-birini qucaqlayır və bu zaman onların salam-kəlamı adət etmədiyimiz dərəcədə daha gur səslənirdi.
Mən türk dilində bir neçə kəlmə öyrənməyə macal tapmışdım, ərəbcə höccələyə-höccələyə oxuya bilirdim. Mahmudun həmyerliləri “salam-əleyküm”ümə təbəssümlə cavab verib məni irəli buraxır, möhkəm-möhkəm əlimi sıxıb sanki demək istəyirdilər “dostumun dostu mənim də dostumdur”.
Bizi ayıran dil səddinə baxmayaraq həbsxana həyatının başa çatması münasibətilə sevincimizi bir-birimizə bəyan edir və sadəlövhcəsinə güman edirdik ki, düşərgədə günümüz xoş keçəcək.
Müsavatçılar onlara vəd olunan siyasi dustaq rejiminə keçiriləcəklərinə qəti inanırdılar. Gücü birlikdə olan bu adamlar onun uğrunda mübarizə aparmağa hazır idilər. Onların arasında Avropa təhsili görənlər, inqilab hərəkatının tarixini bilənlər, çar dövründə təqiblərə məruz qalan siyasi xadimlər az deyildi.
…Budur, mən, sanitariya hissəsinin əməkdaşı maneəsiz onların yanına gedirəm. Xəstəxananın giriş qapısı ağzında dayanmış növbətçinin vecinə də deyil ki, mən müdiriyyətin müsavatçıları sındırmaq və onları bir-birindən təcrid olunmuş qruplara bölmək planlarının tamam əksinə olan bir işlə məşğulam: uzaq yerlərə ezamiyyətə göndərilmiş müsavatçıların yazılı və ya şifahi tapşırıqlarını xəstəxanaya yetirir, buradan isə aclıq elan etmiş tətilçilərin başçısı, Müsavat rəhbərlərinin göstərişlərini onlara çatdırıram. Belə əlaqənin mövcudluğu qiyamçıları ruhlandırır, onlara güc-qüvvət və cəsarət bəxş edir.
Onlar iki həftədən çoxdur ki, aclıqdadırlar. Bu, “siyasi məhbus” statusu almaq, deməli, məcburi ümumi işlərdən xilas olmaq üçün onların fədakar, lakin ümidsiz və elə buna görə daha ülvi cəhdidir.
İlk vaxtlar müsavatçıların hamısını bir yerdə, köhnə monastırın korpuslarından birində yerləşdirmişdilər, buna rota deyirdilər və onlara dəyib-dolaşan olmurdu. Lakin belə bir vəziyyət düşərgənin məqsədləri və müdiriyyətin niyyətləri ilə daban-dabana zidd idi: məhz bu dövrdə “kustarçılıq” təzəcə işlənib hazırlanmış irimiqyaslı cəza tədbirləri siyasəti ilə əvəz olunurdu.
Müsavatçıları da qəfildən yaxalamağa cəhd göstərdilər: siyahı üzrə yoxlama adı ilə həyətə çıxarıb… naryad verənlərə təhvil verdilər. Qarmaqarışıqlıq düşdü.. Ona görə də əsassız qaba hücumdan əl çəkməyə məcbur oldular.
Gecələrin birində operativ işçilər və ən böyük rəislər də daxil olmaqla hərbiləşdirilmiş mühafizə dəstəsi müsavatçıların hamısını təzədən həbs edib kimi hara gəldi – Savvatyevoya, Rebaldaya, Muksalmaya apardılar. Elə həmin yerlərdə də zorla işə çıxarmağa başladılar.
Müsavatçılar öz aralarında gizlicə əlaqə yarada bildilər və günlərin birində eyni vaxtda bütün düşərgə boyu aclıq elan etdilər.
Əlli nəfərə yaxın müsavatçını kremlə (qədim rus şəhərlərində iç qala – tərcüməçi) saldılar. Aclığın on birinci, ya on ikinci günü xəstələri köçürüb onların hamısını keçmiş monastır hospitalının palatalarına doldurdular.
Həkimlərə tapşırmışdılar ki, aclıq elan eləyənlərin gizlində bir şey yeməməsinə göz qoysunlar: gözətçi ayırmışdılar, – adam salırdılar ki, qılıqlarına girsinlər, başlarını bişirsinlər – bəlkə aralarında əhdə dönük çıxanı tapıldı…
Bir sözlə, müdiriyyət vaxtı uzadır, üç yüz qiyamçının öhdəsindən necə gəlmək barədə Moskvadan göstəriş gözləyirdi.
Demək artıqdır: biz müsavatçıların halına yanır və onlara uğur diləyirdik, eyni zamanda qəlbimizdən qəribə hisslər keçirdi: nəyə əsasən onların düşərgə rejimi bizimkindən fərqlənməlidir? Axı biz də adicə cinayətkarlar deyilik, onlar kimi “siyasi dustaqlarıq”.
Lazaretin kargüzarı Georgi deyirdi:
– Onlar kimiyik, amma həm də onlar kimi deyilik. Bax, gör onlar necə mehriban və həmrəydirlər. Biz isə hərəmiz közü öz qabağımıza eşirik, üstəlik, kimimiz meşə qırır, kimimiz də odun yarır… Sonrası da budur ki, tüfəng çıxdı, kişilik getdi. Onlar açıq-aşkar deyirlər: bolşevikləri tanımaq istəmirik, xalqımıza bizim qoyduğumuz qayda-qanunlar gərəkdir və biz də həmin qayda-qanunları müdafiə edirik. Gör bizlərdən hər hansı birimiz nə cavab verəcək? Başlayacaq burcutmağa: “Əfv edin, mən Sovet hakimiyyətinə tərəfdaram, ancaq bilirsinizmi, məni bir balaca incidiblər…” və sonra da avara bir şey barədə ağlayıb-sızlayacaq…
Yeri gəlmişkən, o “hamı” barədə belə danışsa da, dindirilərkən hər dəfə qətiyyətlə deyirdi: “Monarxist və mömin adamam”.
…Onlar sakitcə, qayğılı halda uzanmışdılar. Çarpayıların arası ilə keçib Mahmuda tərəf gedə-gedə balışların üzərindən sərt və yad baxışların məni müşayiət etdiyini bütün varlığımla hiss edirdim. Müsavatçıların əksəriyyəti axıradək davam gətirmək əzmində idi.
Həmişəki kimi Mahmudun üzü gülürdü, sanki amansız döyüşə girmişdi, qəlbində əmin-amanlıq və rahatlıq vardı. Narahatlıqla verdiyim suallara qeyri-müəyyənliklə, əsl Şərq adətincə əlini yelləməklə cavab verirdi. Birbaşa cavabdan isə yayınaraq bir qədər zarafatla dedi: “Allah bilən məsləhətdir”.
Ona vermək istədiyim bir torba doğranmış qəndi balışın altında gizlətmək barədə pıçıltılı təklifimi qətiyyətlə rədd etdi.
Şərəfsiz düşmənə qarşı mübarizədə hər cür müdafiə vasitələrindən istifadə etmək məqbuldur – Mahmud bu fikirlə razı idi. Amma ümumi dərdə şərik çıxmamaq, yoldaşlarına münasibətdə səmimi olmamaq mümkün deyil.
Deməliyəm ki, gözlərinin öləziyən parıltısından və dodaqlarının zəif titrəyişindən bilmək olurdu ki, sakitcə uzanmış bu adamlar onları haqlayan ölüm kabusunu özlərindən uzaqlaşdırmaq üçün apardıqları daxili mübarizədə üzülüb əldən düşmüşdülər.
Aclıq edənlərin çoxu – Bakı həbsxanalarında amansız işgəncələrə məruz qalanlar ağır vəziyyətdə idilər, taqətdən düşmüş bu adamlar vərəmin pəncəsində çapalayırdılar…
Onları axır ki, sındırdılar. İstədikləri işi verəcəklərini və təzədən bir yerdə yerləşdirəcəklərini vəd etdilər – düşərgənin rəisi Eyxmansın özü gəlmişdi. Elə o dəqiqə yemək – qaynadılmış süd və düyü gətirdilər…
Aydın məsələdir ki, onları aldatmışdılar… Bildirdilər ki, üç həftə ölüm dalanına tərəf sürüşən adamlarda həyat relsi üzərinə keçmək səadətinin ləzzətini duyandan sonra təzədən relsdən çıxmaq əzmi olmayacaq.
Təkcə müsavatçıların rəhbəri və onun bir neçə yaxın dostu bu səadətə uymadılar. Biz Georgi ilə birlikdə onları dilə tutduq ki, daşı ətəklərindən töksünlər.
Müsavatçıların rəhbəri dedi:
– Ölməyi qət eləmişəm. Ona görə yox ki, həyatdan bezmişəm. Ona görə ki, bütün hallarda biz ölümə məhkumuq. Çoxumuz bu qışdan salamat çıxmayacağıq – görürsünüz ki, az qala hamı vərəmə tutulub. Sağ qalanları onsuz da məhv edəcəklər, ya güllələyəcəklər, ya da cərimə ezamiyyətlərinə göndərəcəklər. Əgər bizi siyasi dustaqlar üçün izolyatora keçirsəydilər, bu, müəyyən vaxt üçün bizim qurtuluşumuz olardı. Amma onu da… Bizi Solovkiyə ona görə gətiriblər ki, olan-qalan müstəqilliyimizin də axırına çıxsınlar. Bakıda biz onlardan ötrü real və təhlükəli düşmənlərik… Gəlin bu barədə danışmayaq. Bizim özümüzə, məqsədlərimizə o qədər iftira yaxılmayıb ki, xalqımızın faciəsini bir-iki kəlmə ilə izah edə bilim…
O, gözlərini yumub bir müddət susdu. Yorğun sifətindən vicdanın yaxın buraxmadığı qaydalarla razılaşa bilməyən adamın qətiyyəti oxunurdu.
– Belə yaxşıdır, təslim olmadan ölmək yaxşıdır, – dedi və zarafatla əlavə etdi. – Tələb elədim ki, məni bu adadan… günəşli Şamaxıya götürsünlər. Allah qismət eləsə, yolunuz düşəndə bizim bağlara, çinarlara, üzümlüklərə salam deyin… Əlvida, dostlar, sizin kimi rusları sevirik…
Mən Azərbaycan xalqının bu qəhrəman oğlunun adını xatırlamıram, hərçənd ki, nəm-nişanələri yadımdadır, ucaboylu, qaraşın, qəşəng kişi idi, qalın qaşları və ağıllı gözləri geniş alnına xüsusi yaraşıq verirdi. Bildiyim budur ki, o, Avropa təhsili görmüşdü.
Hamılıqla aclıq dayandırılandan sonra onu və üç yaxın yoldaşını keçmiş Anzersk monastırına apardılar – oranı cərimə bölməsinə çevirmişdilər. Elə orada bir-birinin ardınca keçindilər – müsavatçıların rəhbəri aclığın əlli üçüncü günü öldü. Deyilənə görə, onları süni yolla yedizdirmək istəyirlərmiş və buna görə hansı birisə venasını kəsmişdi…
Müsavatçıların qalanları get-gedə çoxalan dustaq axınına qarışıb itib-batdılar… Onlardan xəbər-ətər yox idi. Bir neçə aydan sonra Mahmuddan soraq çıxdı. Mən Savvatyevoya onu görməyə getdim – xeyirxah adamlardan birinin köməyi ilə sürücülük fermasına hesabdar düzəlmişdi.
Sonuncu dəfə ona baş çəkməyə gedəndə o, sanki bir daha görüşməyəcəyimizi hiss edərək mənimlə xeyli yol gəldi.
Biz hamar meşə yolu ilə addımlayırdıq, başımızın üzərində alçaqdan iri buludlar üzürdü, yerə düşən kimi əriyən qar dənəcikləri ara vermədən yağırdı – yağmurlu oktyabr günləri idi. Mahmud Qarabağın ilk payızından, günəşin şəfəqləri altında üzüm salxımlarının bərq vurmasından, bayram plovu bişirmək üçün düyü arıtlamağa gələn qonşu qadınlardan… danışırdı.
Gümrahlaşmışdı, ümidlə söylədiyim fikrə şərik çıxıb: “Hə, hə, ola bilməz ki, hökmü dəyişdirməsinlər, bu, çox gedə bilməz!” deyir və üşümüş əllərini qoyun dərisindən tikilmiş kürkün qollarına keçirirdi. Təngnəfəs olmamaq üçün asta-asta gedirdi.
Ayrılanda qucaqlaşdıq və mən qollarımın altında onun üzülmüş bədəninin kövrəkliyini açıq-aydın hiss etdim.
Uzun ömrün arxada qalan illərinə boylanarkən – mən bu sətirləri 1966-cı ildə yazıram – rus olduğum üçün, qüdrətli istilaçı və qəsbkar bir xalqın, qarşısında digər millətlərin təslim olduğu və geri çəkildiyi bir xalqın nümayəndəsi olduğum üçün özünü təqsirkar saydığım əhvalatlar yadıma düşür.
Pan Felikslə bir neçə dəqiqəlik ünsiyyət zamanı da, çox-çox sonra macar tələbə ilə tanışlıq zamanı da belə olmuşdu.
Lakin müsavatçıların faciəli epopeyası gözlərim önündə canlananda daha müsibətli olur: sanki mən də gücsüz üzərində zorakılığın iştirakçısıyam!..
Tərcümə edəni: Şakir Yaqubov
10 may 1990-cı il