Yalçın İmanov
Aqilin çörək davasında insan emosiyalarının bütün şəkli, rəngləri var. Qəzəb, ümidsizlik, nifrət, çarəsizlik, üsyan, mərhəmət və başqa nələr… Bu emosiyalar, bu rənglər vaxtaşırı bir-birinə qarışır, mürəkkəb, qarışıq halə yaradır, nifrət mərhəmət doğurur, qəzəb ümidsizlik yaradır, çarəsizlik üsyan formasını alır. Kaleydoskop kimi. İnsan emosiyalarının kaleydoskopu. Belə fırlayırsan, üsyan görünür, o biri tərəfə çevirirsən, çarəsizlik dil açıb danışır. Və yaxud da əksinə.
Dünyanın ən yeni, mədəni dövründə, insanın ən ilkin ehtiyacı, özünün və doğmalarının ac qalmamaq instinkti və harayı cildini dəyişib, beləcə ilkin ictimai-siyasi məzmun alır.
Avtoritar rejimlərdə bütün tələblər, o cümlədən ən adi məişət tələbləri belə siyasi motivlidir.
Belə quruluşlarda siyasi mübarizə aparanların ruhi xəstəxanalara məcburi yerləşdirilməsi ənənəsi həmişə olub, var və yəqin gələcəkdə də olacaq.
Ancaq mövcudluq uğrunda mübarizə aparanların psixiatriya müəssisələrinə salınması yeni növ avtoritarizmin əlamətidir.
Hümmətov ağır məişət problemlərini sadalayıb, yorulandan sonra onun təbii səbəbkarı kimi bir ünvanı, vur-tut bir nəfəri göstərir və insanın həyəcanla dinləməyə məcbur olduğu cəmi müraciətlərini də davamlı şəkildə məhz o bir ünvana, bir nəfərə ünvanlayır: İstiqlaliyyət küçəsi, 19!
O, səliqəli, fikir yayındıran manevrlərdən məharətlə yararlanıb çoxmənalı və müxtəlif cür yozula biləcək ünsiyyət üslubuna əl atmır, ata bilmir, yəqin buna heç intellekti də imkan vermir. Orta təhsilli, fəhlə və naturaca qeyri-siyasi bir adam fəhmlə ölkənin problemlərinin əsas ünvanını dəqiq və kəskin nişan verir. Düzxətli, bir istiqamətli və şahraza təhkiyə. Məişətin siyasətə transformasiyası!
İnsan simalı siyasi quruluşlarda belə adamlarla nə edər, necə davranardılar? Çağırıb, cibinə bir az pul basar, başına sığal çəkər, fiziki imkanlarına uyğun bir iş təklif edər, adamı ağır yoxsulluğun vəhşi təhdidi qarşısında bir balaca toxtadıb, maddi və mənəvi təskinlik verərdilər.
Ancaq insan simalı quruluşlarda! Halbuki normal cəmiyyətlərin bu vacib əlaməti ölkəmizdə çoxdan tozlu arxivlərə təhvil verilib.
Aqilin psixiatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsindən imtina barədə qərarı oxuyuram (Sonradan bu qərar apellyasiya qaydasında ləğv ediləcək, xəstəxananın baş həkiminin ərizəsi təmin ediləcək, Aqil xəstəxanaya yerləşdiriləcək). Qərarda ən təsirli məsələ gənc bir hakimin rəğbət doğuran və karyerasına son qoyan cəsarətindən də çox Respublika Psixiatriya Xəstəxanası Həkim Məsləhət Komissiyasının psixiatrik müayinəsinin rəyidir. Həmin rəydə Aqil Hümmətov belə xarakterizə olunur. Bəzi sitatlar: “Düşüncəsi kobud pozulmamışdır… Bələdliyi qorunur… Zahirən gərgindir. Xəstəxanaya gəlməsinə narazılıq bildirir… Özünü xəstə hesab etmir… Ünsiyyətə həvəslə qoşulur, çoxsözlüdür… Xəstə Facebookda sayt (?) açdığını, dövlətdən sosial yardım ala bilməməsini, qazancının xərclərini ödəmədiyini, İlham Əliyevə müraciət edəcəyini deyir. İfadələri detalizasiyalıdır. Yuxusu pozğundur. Fikirlər hissəvi korreksiyalıdır”.
Və rəyin nəticə hissəsi: şəxsiyyətin paranoyal tip pozuntusu! Rəyin təsviri hissəsi ilə nəticə hissəsinin ziddiyyəti göz deşir. Bu rəyə qol atmış ağxalatlıların qapqara üzlərini əbədi yaddaşa vermək lazımdır.
Aqilin hadisəsi atipik hadisədir. Onun çörək savaşı yaxşı bir əsərin süjet xətti, maraqlı bir filmin əla ssenarisi ola bilər. Amma hardan? Amma necə? Bir sıra ictimai-siyasi dairələr və dəstələrdə olduğu kimi, yazıçılar və rejissorlar da bu real və dramatik həyat elementləri ilə dolu fakta qeyri-təbii şəkildə həvəs və maraq göstərmirlər. Siyasi-sosial mənsubiyyətin yaratdığı iyrənc ayrı-seçkilik və sönmüş sənət təxəyyülü həyatın dibində çapalayan cəmi insanların ağır həyat hekayətlərini görünməz edir. Kübar və tox adamlar axşam iştahlarının küsməməsi üçün üzlərini nifrətlə kənara çevirirlər.
Yaşanmayan heç bir şey, hiss edilməyən heç nə səninki olmur, sənin həyat həqiqətinə çevrilmir!
Gələcəkdə avtoritar rejimlərin sərt qalıqlarına dair repressiya muzeyinə verəcəyimiz sanballı nəsrimiz, filmimiz, bir sözlə, heç nəyimiz olmayacaq!
Psixiatriya yardımı haqqında qanunda qeyri-könüllü hospitallaşdırmanın və müalicənin təyin edilməsinin əsaslarından biri də şəxsin əsas həyati tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmamasıdır. Normativ akt bunu psixi pozuntunun yaratdığı acizliklə əlaqləndirir. Bəs psixi pozuntusu olmayanlar? Bəs saysız-hesabsız, yüz minlərlə Aqillər? Çörək qazanmaq imkanından məhrum olunmaq əsas həyati tələbatı müstəqil təmin etmək qabiliyyətinin olmaması hesab edilə bilərmi?
Azərbaycan cəmiyyəti ona təklif edilən məcburi stasionar müalicədən imtina eləməlidir.
Aqilin yaşamaq uğrunda hekayəti gələcəkdə indiki Azərbaycan cəmiyyətinin anamnestik məlumatına dair ən vacib və heyrətamiz faktlardən biri kimi xatırlanıb, nəzərdən keçiriləcək.
Müəllifin başqa yazıları: