Vahid Qazi
Yenə yuxum qaçıb. Yenə pəncərənin ağzındayam.
Dan yeri sökülhasöküldədir. Qarğalar oynaşan vədə. Ala-toran! Günün ən qorxunc çağı!
Şəhər yatıb. Evdə mən oyağam, çöldə qarğalar.
***
Sinirə bilmirəm!
Sabah Şuşada Araik Arutunyan and içəcək. Adına qondarma dediyimiz ölkənin prezidenti kimi. Paşinyan da gələcək!
Xankəndində, işğal altında qalan rayon-şəhərlərin heç birində yox, məhz Şuşada!
Niyə Şuşada?
…Babam Qazıyev Həbib Əliş oğlunun cümhuriyyət ordusunun generalı Həbib bəy Səlimovun komandanlığı altında gedən Əsgəran döyüşündə yaralanmasından yazmışdım bir dəfə. Onun nənəmə, nənəmin də mənə danışdıqlarından bilirəm ki, o vaxt ordumuz Xankəndini, Şuşanı azad edibmiş.
Xankəndində qələbə paradı keçirilməsini o dövrün “Azərbaycan” qəzeti də yazıbmış. Bu yaxınlarda xəbər tutduq.
Şuşada qələbə atəşfəşanlığı haqda isə atam bunları danışıb mənə: “Erməni-müsəlman davasında bizimkilər erməniləri Şuşadan qovublar. Əsgərlərimiz şəhərdə qələbə bayramı ediblər. Ağam (atasına ağa deyirdi) erməni kilsəsinin qızılı xaçını göstərib deyirdi ki, bizim əsgərlər dilxoşluğa mərcə girib atırmışlar. Bəlkə 100 güllə dəyib o xaça”.
Qarabağda qələbənin baş memarı cümhuriyyətin ora general-qubernator təyin elədiyi Xosrov bəy Sultanovdur. Mayın 10-u ad günü idi. “Facebook” səhifəmdə onu belə yad etdim: “15 yanvar 1919-cu ildən cümhuriyyətin süqutunacan Qarabağın qubernatoru olmuş Xosrov bəy Sultanovu Qarabağın xilaskarı adlandırırlar. Onun komandanlığı altında Azərbaycan ordusu 1920-ci ilin Novruz günlərində baş qaldıran erməni qiyamlarını yatırıb, Xankəndini, Şuşanı azad edib. Xankəndində ordumuzun qələbə paradı, Şuşada qələbə atəşfəşanlığı keçirilib”.
10 mayda kimin xəbəri oldu Xosrov bəy Sultanovdan?.. Başqasına qarışmışdı başımız.
Büdcəsində “siçanlar oynaşan” bir dövlətin generalları 100 il əvvəl əsgərlərinə qələbə sevinci yaşatmışdılar. Bugünkü miskin durumu isə neft pulu təpəsindən xəzəl kimi tökülən dövlət yaşadır bizə.
Bir də ermənilər. Şuşada inauqurasiya mərasimi keçirərək.
***
Ala-toran qarğalarla lap qorxunc olur. Nə pis qarıldaşırlar, cəhənnəm quşları kimi…
Görən ali baş komandan da oyaqdır? O da yata bilmir? Bəs sayını itirdiyimiz generallar necə?
…Evdə mən oyağam, çöldə qarğalar…
Vahid Qazi
20 may 2020
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?