Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (4)
Şakir Yaqubov
…Artıq axşam 10-un yarısıdır. Redaksiyanı tərk edirik. Mən əməkdaşları vəziyyətdən xəbərdar etmək üçün qapıya kiçik bir elan yapışdırıram: “Redaksiya bağlıdır. Fövqəladə vəziyyət götürülməyincə qəzet çıxmayacaq”. (Evə gələndən sonra, balalarımın narahat baxışları ilə üz-üzə qalanda başa düşdüm ki, məhz fövqəladə vəziyyət şəraitində idarə qapısına o cür elan yapışdırmazlar… Nə isə, keçər olsun!).
…Sulu qar yağır, yol kənarında ağacların arxasında, kolların dibində gizlədilmiş hərbi texnikadan, marığa yatmış əsgər və zabitlərdən savayı heç bir ins-cinsdən soraq yoxdur. “Ölü şəhər”də adda-budda atəş səslərindən başqa heç nə eşidilmir. Sürücümüz – təbiətən narahat, kəmhövsələ insan olan Ramiz kişi adəti üzrə tələsir. Onu sakitləşdirməyə çalışırıq: “Tələsmə, asta sür, qəfil gülləyə tuş olarıq”. O isə, əksinə, tez sürüb aradan çıxmağı məsləhət görür. Bir necə gün ötəndən sonra isə deyirmiş: “Bunlara, yəni hərbçilərə etibar yoxdur, adamı öldürüb meyitini də gizlədirlər…”. (Zarafat idi, ancaq bu zarafatın özündə də həqiqət vardı – Qara yanvar HƏQİQƏTİ!).
…Yanvarın 23-nü qətiyyən xatırlamıram. Hər halda, bildiyim budur ki, redaksiyaya getməmişdim. Yanvarın 24-də isə yalnız axşam tərəfi mətbəənin açılmasına güman yarandı.
Nəşriyyata yollandıq. Müxtəlif iş sahələri üzrə 10-15 fəhlə və ustanı direktorun qəbul otağına yığa bilmişdilər. Deyilənə görə, bunlar əsasən böyük-kiçik yeri bilən və nəşriyyatın nisbətən yaxınlığında yaşayan (həmin günlərdə bu, heç də az əhəmiyyətli amil deyildi) işçilər idi. Nəşriyyat rəhbərliyinin onları yola gətirmək cəhdləri bir-birinin ardınca puça çıxırdı. AXC-nin ümumrespublika etiraz aksiyasına çağırışı öz təsirini göstərirdi: heç bir vəchlə işə başlamağa razı olmurdular. Nəhayət, şərt qoydular: qoy Xalq Cəbhəsinin rəhbərlərindən biri gəlsin, sözümüzü ona deyək…
Nəcəf Nəcəfovun ardınca adam göndərdilər – qadağan saatının başlanmasına lap az qalmış onu nəşriyyata yetirdilər. Keçirdiyi mənəvi sarsıntılara (bunun əlamətləri danışığında, hərəkətlərində hiss olunurdu) baxmayaraq ümumən vəziyyəti başa düşüb, çətinliklə də olsa, mətbəə işçiləri ilə dil tapa bildi. Fəhlələrin 5-10 nəfərdən ibarət kiçik bir qrupu yalnız “Səhər”i və “Bakinski raboci”ni işləməyə razılıq verdi. Ona qədər isə Rəfail Nağıyevlə Gennadi Qluşkov baş hərbi senzorla əsl alver etmişdilər: “Bunu olar, bunu yox”, “Bunu verəcəyiksə, onda bunu da…”. Nəticədə Elmira Qafarovanın bəyanatını yox, sessiyanın müraciətini yox, rəsmi məlumatı və sessiyanın qərarını, Qorbaçovun fərmanı və televiziya ilə çıxışı müqabilində şeyxülislamın məktubunun xülasəsini, hərbi komendantın əmri müqabilində fotoittiham kimi ürəyimizdən olan şəkli və s. verməyə icazə aldıq.
O vaxt “Kommunist”in iqtisadi əlavəsi olan “Səhər” xırda – A3 formatında, həftədə bir dəfə 4 səhifədən ibarət çıxırdı. Dərdimiz dərin, müsibətimiz böyük idi, 4 səhifəyə sığmazdı. Nəşriyyatın rəhbərliyi qarşısında şərt qoyduq: necə səhifə alınırsa-alınsın… İnsafən, razı oldular. İlk dəfə “Səhər” 12 səhifədən ibarət çıxdı.
“Səhər”in birdəfəlik tirajı 50 min nüsxə, “Kommunist”inki yarım milyondan çox idi. Buna da mətbəə rəhbərliyinin icazəsini aldıq: qəzet dörd “Kommunist” tirajı qədər – yəni 2 milyon nüsxəylə çap olunub yayılmalıdır.
“Səhər”in 12 səhifəsi “Kommunist”in 6 səhifəsi demək idi. Adətən 6 səhifəlik nömrəni 2 məsul redaktor, 3 səhifə növbətçisi, 2 nəzarətçi növbətçi, 3 korrektor və 3 korrektor köməkçisi (yəni oxucu), 3 metranpaj, 3-4 linotipçi və 1 buraxıcı – 20-22 nəfər hazırlayırdı.
“Danışıqlar”ın əvvəlində elə təqribən bir o qədər də adamımız vardı. Nömrə üzərində işə başlayanda isə cəmi-cümlətanı on bir nəfər idik: Rəfail Nağıyev, Məzahir Süleymanzadə, baş müxbir Dilman Musayev, müxbirlər Zülfüqar Rüfətoğlu, Hidayət Elvüsal, buraxıcı Mehman Fərzullayev, linotipçilər Pənah Seyidov və Fazil Yusif oğlu, metranpajlar Arif Rzayev və Xanlar Əliyev, bir də mən.
Yanvarın 25-də gecə saat 1-də başladığımız qəzeti gündüz saat 12-də çapa imzaladıq. Bu vaxta dördümüz qalmışdıq: Hidayət Elvüsal, Dilman Musayev, sürücü Əzim kişi və mən.
Həmin nömrəni görənlər görüb, oxuyanlar oxuyub. Hətta peşəkarların da tuta bilmədiyi bəzi cizgilərini qeyd etməyi lazım bilirəm.
“Səhər”in həmin nömrəsi kommunist mətbuatı tarixində ilk dəfə “Bütün ölkələrin proletarları, birləşin!” şüarı olmadan çıxıb.
Amansız senzura şəraitində sözlə deyə bilmədiyimiz fikirləri tərtibatla demişik: birinci səhifəsi son mənzilə aparılan “qəm karvanı” fotosu ilə açılan nömrə sonuncu səhifədə zirehli transportyor və tanklarla kəsilmiş yolda əli qalxanlı hərbçilərin şəkli ilə tamamlanır və həmin şəklin altında hərbi komendantın rus dilində (Azərbaycan dilində çıxan qəzetdə rusca! – anlamaq istəmədiyimiz dildə!) 1 nömrəli əmri verilib.
Qorbaçovun fərmanı və çıxışı ilə eyni səhifədə, yan-yana şeyxülislamın hər hansı bir dövlət başçısının yeddi qatından keçə biləcək məktubu dərc olunub.
Orta səhifələr (6-7-ci) səhifələr səssiz fəryaddır: başdan-başa fotoşəkillər və ölənlərin, yaralananların sayı-hesabı barədə iki abzaslıq rəsmi məlumat.
Rusdilli əhali əleyhinə psixoza qarşı iki məktub – ikisi də rus dilində.
Bakıya respublika ağı deyir, onunla yanaşı Dağlıq Qarabağda vəziyyətə dair xəbərlər verilib – Qanlı şənbə öz başlanğıcını Qarabağ faciəsindən götürür (hər halda, rəsmi versiya belədir. Ancaq gün kimi aydındır ki, Bakı qırğınını törətməkdən ötrü Qarabağ problemi bəhanədir. Burada böyük imperiya siyasəti xalqın demokratiya uğrunda milli azadlıq mübarizəsi ilə kəllə-kəlləyə gəlmişdi və təbii ki, heç nəyi olmasa da, nəhəng hərb maşınına malik imperiya bu mübarizədə üstünlük qazanmışdı…).
Sonrakı səhifədə isə Naxçıvandan, İran-Sovet sərhədindən reportaj – Bakıya ordu yeritmək zərurətini sərhəd xəttinin dağıdılması ilə çox əlaqələndirirdilər. “Literaturnaya qazeta”ya və onun icmalçısı, islamın açıq-aşkar düşməni, ”islamşünas” İqor Belyayevə cavab və “Kommunist”in iki müxbirinin – təcrübəli Firudin Rəsulovla gənc Araz Qurbanovun Ermənistan ərazisindəki Nüvədi kəndindən reportajı: “Nüvədililər deyirlər: “Bu torpaqdan köcdü yoxdur!”
“Səhər”in bu nömrəsinin yaranmasının baiskarları da “Bu torpaqdan köcdü yoxdur” qətiyyəti ilə güllə qabağına çıxmışdılar.
Və bu da sonuncu sütun, sonuncu akkord, ən ağır söyüşdən də sərt səslənməli olan kiçik statistik məlumat: “Yalnız Azərbaycanın RSFSR-ə borcu yoxdur!”.
Səmimi sözümdür: nömrə atüstü, fəhmlə, daxili intuisiya ilə belə alınıb. Sonradan öz-özümə çox fikirləşmişəm: əgər istəsəydim, nömrəni bu şəkildə tərtib edə bilərdimmi? Hər dəfə də cavabım eyni olub: Yox! Yox! Yox! Onda o dərd bizim şüurumuza hakim kəsilib, bizi idarə eləyib.
…Nömrənin sonunda qeyd vermişik: “Bu nömrənin qonorarı şəhidlərin şərəfinə ucaldılacaq abidənin fonduna köçürüləcəkdir”.
450 manat. Yəqin ki, o müqəddəs fonddakı ilk ianə elə bu məbləğ olub – “Şəhidlərə abidə fondu”nu ağıla gətirən, mətbuata gətirən “Səhər”in yaradıcılarının köməyi.
“Səhər” həmişə “Redaksiya heyəti” imzası ilə çapa imzalanıb. Həmin ənənə də bu nömrədə pozulub və mən qəzeti hazırlayan işçilərin hamısının ad-soyadını verməkdən özümü saxlaya bilməmişəm (subordinasiya – tabelik qaydasında):
“Buraxılışına məsul: Rəfail Nağıyev
Nömrəni hazırlayanlar:
Məzahir Süleymanzadə
Şakir Yaqubov
Vaqif Bəhmənli
Hidayət Elvüsal
Rusvat Bayramov
Bəxtiyar Sadıqov
Tahir Rüstəmov
Dilman Musayev
Zülfüqar Rüfətoğlu.
Fotolar Fərman Bağırovun, Cahangir İbadovun, Ağəli Məmmədovun, Rafiq Nağıyevin və Yaşar Xəlilovundur”.
Bircə ona təəssüf edirəm ki, birinci səhifədəki elegiyanın müəllifi, qələm dostumuz Ə.Əfqanın adı bu siyahıya düşməyib. Görünür, bu da onun həmin vaxt artıq “Kommunist”də işləməməsiylə bağlı olub.
Nömrənin quruluşu barədə bu qədər.
Təxminən saat 14-də qəzetin siqnal nüsxələri çap maşınının ağzından çıxdı. Az qala bütün mətbəə burada idi. Heç kim – hər halda mən və Hidayət – bilmirdi ki, ağlayaq, yoxsa sevinək. Qəribə hiss idi. Bir həftə idi ki, bu mətbəədə qəzet çap olunmurdu – yanvarın 18-dən sonra ilk dəfə nifrət-kədər, hüzn buzunu qırmışdıq, “Səhər” həyat nişanəsi idi bizim üçün. Deməli, biz ölməmişik, biz varıq, olacağıq da!
Necə deyərlər, rəngi qurumamış bir qom qəzeti Dilmanla redaksiyaya göndərdim. Tapşırdım ki, bir nüsxəsini üzbəüzdəki “Arşın mal” mağazasının vitrininə yapışdırsınlar. Belədə eyni vaxtda çox adam ayaq üstdəcə qəzeti görüb oxuya bilər. Dilman getdi. (Yeri gəlmişkən, biz redaksiyaya qayıdanda məlum oldu ki, qəzeti mağazanın vitrininə Sabir İsmayılov yapışdırıbmış. O, işini bitirməmiş camaat vitrinin önünə yığışıb və yaxınlıqda gəzişən əli avtomatlı hərbçilər bunu “ekstremistlər”in növbəti yığnağı sayıb tez “aradan cıxmaq istəyən” Sabirin başının üstünü alıblar. Onları zorla inandırmaq mümkün olub ki, vitrinə yapışdırılan intibahnamə yox, rəsmi qəzet səhifələridir… İndiyəcən “Səhər”in “güllələnməsi” barədə deyilənlər, yazılanlar isə nağılbaz xalqımızın növbəti uydurmasından başqa bir şey deyil: Sabir rəhmətə gedib, Dilman isə sağ-salamatdır, dediyimə şahid dura bilər.).
…Saat 15 üçün biz də çap sexini tərk elədik.
Əzim kişi salonu, yük yeri “Səhər”in matəm nömrəsi ilə dolu “QAZ-24”nü Dağüstü parkın girəcəyində saxladı: cümə axşamı idi, iynə atsaydın, adam əlindən yerə düşməzdi. Qəhər məni boğa-boğa Hidayətə dedim:
– Kömək elə, camaata paylayaq…
Maşından qucağı dolu çıxdıq. Adamlar sanki bir komanda ilə nəzərlərini bizə tərəf çevirdilər. İlahi, bu nə möcüzədir? Bunlar kimdir belə? Qəzet hardandır onlarda? Yəqin belə düşündülər həmin anda. İlk nüsxələri çəkinə-çəkinə, tərəddüdlə uzatdıq onlara: “Buyurun, baxın, bu da…”.
Sonra hər şey gözlərimizdə dumana büründü. Qıçlarımız tutulurdu. Biz yerə çökmək istəyirdik. Lakin özümüzdə qüvvə tapıb yenə maşına doğru gedir, qucaq-qucaq qəzet götürür, bu dəfə bir-bir yox, topa-topa üstümüzə gələn adamlara uzadırdıq. Bu səssiz filmin ləng hərəkət edən sonuncu kadrı da yadımdadır: axır ki, yerə çökdüm və qucağımdakı qəzet topası asfaltın üstünə dağıldı. Hidayət göz yaşlarını saxlaya bilmirdi…
…İlahi! Deməli, ölmək hələ tez imiş! Deməli, hələ kiməsə, nədəsə gərəkmişik!
…Sonralar deyirdilər ki, axundlar, mollalar matəm mərasimlərində “Səhər”in həmin nömrəsini qabaqlarına qoyub adbaad onu hazırlayanların ölənlərinin ərvahına fatihə oxuyurlarmış…
Kəndimizdə Vaqif adında bir oğlan vardı – indi haqq dünyasındadır. Səkkizillik məktəbdə qardaşım Fikrətlə bir sinifdə oxumuşdu. Çox zirək, diribaş, necə deyərlər, tülüngü uşaq idi, ayağı dəyməyən yer yoxuydu. Həmin günlərdə Bakıda olmuş və “Səhər”in 25 yanvar nömrəsindən bir nüsxəni də alıb kəndə aparıbmış. Sonradan Fikrət danışırdı ki, həmin qəzeti kənd çayxanasında ortaya qoyub oxuyurlarmış. Axırıncı səhifədə nömrəni hazırlayanların ad-soyadını oxuyanda deyirmişlər: “Biz bilirdik ki, Hənifə kişinin uşaqları belə qeyrətlidirlər. Onlardan yalnız belə şey gözləmək olarmış…”
Qarğış da söyləyə bilərdilər ünvanımıza. Bu, vəziyyəti dəyişdirməyəcəkdi – hər halda biz, konkret olaraq, mən bacardığımızı eləmişdik…
“Səhər”in həmin tarixi nömrəsini araya-ərsəyə gətirənlərin kimliyi, bu prosesdə hansı formada iştirakı, çəkdiyi əziyyətlər barədə bu qədər. Qəzetin sonrakı taleyi, nömrələrinin hansı əziyyətlər hesabına, necə çıxması ayrı söhbətin mövzusudur, həm də bu onun redaksiya heyətinin üzvləri və əməkdaşlarının vəzifə borcuydu – mənim bununla işim yox.
“Kommunist”in əlavəsi olaraq nəşr edildiyi dövrdə “Səhər”də növbəti iştirakım bir də təxminən beş ay sonra baş verdi. Moskvada 3 milyon 360 min nüsxə tirajla nəşr edilən məşhur “Roman-qazeta”ya abunəçi idim; o vaxt ayda iki dəfə çıxan jurnalın altıncı (mart) nömrəsində tanınmış rus yazıçısı, ikinci Soljenitsın ömrü yaşamış Oleq Volkovun “Zülmətə gömülənlər” (О.В.Волков. “Погружение во тьму”) sənədli romanı, daha doğrusu, romanın 2-3 jurnal səhifəsi həcmində olan hissəsində müsavatçılardan, onların şamaxılı liderinin müsibətli və eyni zamanda şərəfli, ibrətamiz həyat yolundan vəcdlə söz açılması diqqətimi cəlb elədi. Bu söhbət məni tutdu və mən romanın həmin hissəsini tərcümə edib Məzahirə təqdim elədim…
93-cü ilin gərək ki, avqust ayında gördüm ki, “Yeni Müsavat” qəzetində həmin tərcümə hətta 4 ay əvvəlki redaksiya qeydi ilə hissə-hissə təkrarən çap olunur. Düzü, bu, məni bir qədər təəccübləndirdi və adi şəhər telefonu ilə (ax, nə gözəl əyyamlar idi – adi telefonla istədiyin rütbəli şəxsə zəng vurub danışa bilirdin!) qəzetin baş redaktoruna zəng elədim. Dedim ki, filankəsdir sizi narahat edən: “Çox sağ olun ki, tərcüməni təkrar dərc edirsiniz. Ancaq xahişim budur ki, axırda tərcümənin mənbəyini və dərc olunma tarixini də göstərəsiniz. Bu, oxucunun bizim redaksiya qeydimizi düzgün anlaması üçün çox vacibdir”.
Baş redaktor yaxşı dedi, çap olunmuş axırıncı hissədə yalnız tərcüməçinin ad-soyadını verdi. Belə çıxdı ki, mən buna görə zəng eləmişdim…
… Amma “Səhər” müstəqil qəzet kimi nəşr olunanda mən nəinki onun fəal müxbiri, hətta 1992-ci il oktyabrın 5-dən ştatlı işçisi oldum…