Müxtəlif ölkələr pandemiya məhdudiyyətlərini tədricən yumşaldır, bəzilərini isə ləğv edir. Həkim, ABŞ-ın Ərzaq Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinin keçmiş başçısı Skott Qotlibin komandası koronavirus pandemiyası böhranından çıxışın dörd mərhələli planını hazırlayıb: virusun yayılmasını zəiflətmək; bütün regionlarda iqtisadi fəaliyyəti bərpa etmək; immun müdafiəsini təmin etmək və məhdudiyyətləri aradan qaldırmaq; digər ehtimal olunan pandemiyalara hazırlaşmaq.
Hazırda ölkələr pandemiyanın müxtəlif mərhələlərindədir: bəzi yerlərdə karantinin şərtlərini yumşaldırlar, digər ölkələrdə pandemiya hələ də yayılmaqdadır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin keçmiş rəhbəri Tomas Frayden hesab edir ki, pandemiya böhranından çıxışın dörd mərhələsindən hər hansı birinə əməl olunmasa, virusun növbəti sızması və partlayışla yayılması baş verər: “Xəstəliyə yoluxanların sayının artma tendensiyası qeyd olunan kimi həmin an “qapağı bağlamaq” və özünütəcridi bərpa etmək lazımdır”.
İki ay yarımdır davam edən karantin iş rejiminin ən qatı tərəfdarlarını da yorsa belə, məlum olur ki, heç də hamı yenidən camaat içərisinə çıxmağa tələsmir. Əksəriyyət bu dövrü başqa tərzdə yaşamışdı, kimi öz hesabına məzuniyyət götürmüş, kimi evdə işləmiş, kimi qısaldılmış iş günü ilə çalışmışdı. Karantin zamanı bir çoxları ondan narazılıq edir, məhdudiyyətlərin yorucu olduğunu deyirdi. Amma sona yaxın onların bu rejimə münasibəti kəskin surətdə dəyişdi: uzun sürən fasilədən sonra işə necə başlayacaqlarını təsəvvür etmədiklərindən deyirlər ki, karantini ləğv etməyə tələsmək lazım deyil.
İşçilərin iki aydan çox “dincəldikləri” və işə yeni qüvvə ilə başlayacaqları haqda düşüncələr doğru deyil. Hətta belə “istirahətdən” də sonra əksəriyyətə adaptasiya üçün ən azı bir həftə vaxt gərəkdir.
Ekspertlərin fikrincə, iş təqdim edənlərin öz işçilərinə tədricən əvvəlki rejimə qayıtmağa kömək etmələri düzgün addım olardı. Burada bir həftə qısaldılmış iş günü, sərbəst iş günü, sərbəst qrafik və ya evdə işləmək variantları mümkündür.
Böyük fasilədən sonra işə başlamaq mənəvi və fiziki cəhətdən çətin olsa da, işə qayıtmaq zəruridir. Bunu daha az ağrı ilə görmək üçün işə getməyə axşamdan hazırlaşmaq, lazımi qədər yatmaq, doyunca səhər yeməyi yemək, evdən 15-20 dəqiqə tez çıxıb təmiz havada gəzmək vacibdir.
Alışdığımız hər vəziyyətin dəyişməsi həmişə stresə səbəb olur. Bu mənada karantindən çıxmağın ağrısız keçməsi üçün şifahi və ya yazılı plan tutmaq tövsiyə edilir: bu, təcili işləri sonraya saxlanacaq işlərdən ayırmağa imkan verər. Bundan başqa unutmamalıyıq ki, karantindən çıxmaq təkcə işə getməyi deyil, həm də digər insanlarla ünsiyyətə başlamağı nəzərdə tutur.
Kimlərsə hamını ləngitməyə, bəziləri isə, əksinə, tələsdirməyə çalışacaq. Əvvəlcədən bütün belə hallara hazır olmaq lazımdır. Eyni zamanda insanlar keçirdikləri rahatsızlıq, qorxu və narahatlığı bölüşəcəklər və bunu problemə çevirməmək üçün diqqət işlə bağlı məsələlərə yönəldilməlidir.
Karantindən çıxmağa çox ehtiyatlı, ölçülü-biçili, məsuliyyətli yanaşılmalıdır. Əllə görüşməkdən, qucaqlaşıb-öpüşməkdən imtina edilməlidir. Unutmayaq ki, virus aramızdadır. Bu planda ekspertlər yayda kondisioner işlətməyi də çox təhlükəli hesab edirlər.
Karantin vaxtı adətən qidalanma rejimi dəyişir, yuxu pozulur, buna görə də ilk növbədə yuxunu normal hala salmaq lazımdır. Yuxu psixoloji fonun normallaşması üçün vacib olan melatonin hormonunun yaranması üçün əsas şərtlərdən biridir.
Qidalanmanın normallaşdırılması az əhəmiyyət daşımır. Karantin zamanı bütün günü soyuducuya yaxın olmaq qidalanma ritminin pozulmasına gətirib çıxara bilər. Onu qaydaya salmaq üçün düzgün qidalanma qrafiki tutub soyuducunun qapısına yapışdırmaq məsləhətdir.
Postkarantin dövründə başlıca risk 10 nəfərdən artıq əməkdaşın çalışdığı iş yerində olmağımızla bağlıdır. Əgər belə vəziyyət qaçılmazdırsa, hökmən maska taxılmalı, gigiyena qaydalarına əməl edilməlidir. Sosial məsafəni gözləmək və dezinfeksiya etmək vərdişi uzun müddət bizimlə qalmalıdır.
Karantindən sonra günəş şüaları altında gəzmək vacib tövsiyələrdən biridir. Məhz günəş şüası uzunmüddətli qapalı vəziyyətdən sonra orqanizmə bərpa olmağa, enerji tonusunu yaxşılaşdırmağa kömək edir. Bu zaman daha çox hərəkət etmək lazımdır, unutmayaq ki, hərəkət pozitiv emosiyaların mənbəyidir.
Karantin qurtarır, həyat isə davam edir.
Söhrab Məhərrəmov