Erkin Qədirli
Arzulanan ictimai (geniş anlamda) nəticənin əldə olunmasında hüququn yerini, təsirini və faydasını, eləcə də həmin nəticəyə yönəlmiş siyasətin seçimini anlamaq üçün insanların nədən hüquqa hərdən uyğun, hərdən zidd davrandığını bilmək gərəkdir. Bu, nədən insanları deyil, onların motivlərini idarə etmək lazım olduğunu anlamağa yardımçı ola bilər.
Hüquqa uyğun davranan insanları motivlərinə görə dörd qrupa bölmək olar: hüquqa dəyər verənlər; hüquqda fayda görənlər; cəzadan qorxanlar; başqalarından seçilmək istəməyənlər.
Birinci qrup ən arzulanan olsa da, bu qrupa aid insanların hər yerdə nəzərə alınmayacaq dərəcədə az olduğunu bilməliyik. Qanunların qəbulunda və siyasətin yürüdülməsində insanların vicdanına güvənmək olmaz. Bu kontekstdə hüquq nə doğru-yalan, nə də yaxşı-yaman məsələsidir. Hüquq fayda-ziyan məsələsidir.
Ona görə də bizi ikinci və üçüncü qruplar düşündürməlidir. Dördüncü qrupa aid olanların davranışı uyğunlaşmadan başqa bir nəsə olmadığından onlar hüquq siyasətinin ünvanı sayılmırlar. Beləliklə, yalnız ikinci və üçüncü qrupda olanların motivlərini idarə etmək olur.
Hüquqda fayda görənlər məsələsini hüququn faydalılığı məsələsindən ayrı tutmaq gərəkdir. Birinci məsələdə söhbət insanların kəmfürsətliyindən gedir, ikinci məsələdə hüququn səmərəliyindən. Bu kontekstdə bizi daha çox birinci məsələ maraqlandırmalıdır.
İnsanlar kəmfürsətdir, hər yerdə fürsət axtarırlar, çünki fürsət olmayan yerdə fərasətin də olmadığını bilirlər. Ona görə də hüquqda fürsət bərabərliyi önəmlidir. İnsanlar hüquqda fürsət bərabərliyini görməsələr, hüquqda faydanı da görməyəcəklər. Belə bir ortamda hüquqa uyğun davranışı daha çox cəzaların hesabına təmin etməyə çalışırlar.
İnsanlar kəmfürsət olduqları qədər də cəzadan qorxurlar. Bunu anlamağa çalışarkən özəlliklə diqqətli olmaq lazımdır. Cəza qorxusu əsas motivə çevrilərsə, insanlar cəzadan yayınmaq fürsətini axtarmağa, bununla da cəzasızlığı fayda saymağa başlayacaqlar. Nəticədə pozğun davranış bir qaydaya çevrilə bilər. Yəni cəzadan qorxu motivini idarə etməyə çalışanda bunları bilməliyik:
– insanlar cəzalara öyrəşə və cəza qorxusunu itirə bilir;
– cəzaların sərtliyi ilə onların səmərəliyi arasında birbaşa əlaqə yoxdur;
– cəza qorxusu fayda anlayışına və faydanın qiymətinə təsir edə (onu bahalaşdıra) bilir, bahalaşmış fayda hələ də arzulanarsa, cəza öz çəkindirici gücünü itirir;
– cəza qorxusu cəzalandırılmalı olan kəslərlə cəzalandırmalı olan kəslər arasında motivlərin asimmetriyasını yarada bilir – birincilər faydanı cəzadan qurtulmaqda, ikincilər isə birincilərin hesabına varlanmaqda görə bilərlər…
Müəllifin başqa yazıları: