Koronavirus pandemiyası həyatımıza ciddi təsir etdi. Onlayn təhsildə canlanma, “Zoom” platformasında işgüzar görüşlər, mülki aviasiyanın klinik ölüm keçirməsi və s. cəmiyyət həyatının bütün sahələrinin sürətlə dəyişdiyini göstərir. Bununla belə, yaranmış vəziyyət özündə bəzi imkanlar ehtiva edir. Söhbət ekstremal vəziyyətlərdə lazım olan, pandemiyadan sonrakı dövrlərdə daha sürətlə inkişaf edəcəyi gözlənən sahələrdən gedir.
Elm və texnikanın fasiləsiz inkişafı informasiya-kommunikasiya texnologiyalarının (İKT) həyatın bir çox sahələrinə tətbiqini zəruri edir, bu isə informasiyalaşdırmanın artmasına, yeni fəaliyyət növlərinin yaranmasına gətirib çıxarır. Müasir informasiya cəmiyyətində internet yüksək keyfiyyətli, sürətli və rahat kommunikasiya üçün şərait yaratmağa imkan verir. Bu kontekstdə İKT-nin təhsil sisteminə cəlb edilməsi yeni təhsil formalarının, məsələn, distant təhsilin yaranmasına səbəb olur.
Çin portalı “Baijiahao” pandemiya vaxtı populyar olan, həm də inkişaf sürətini artıran bəzi sahələri qeyd edir. Onlayn təhsil siyahıda ilk yerdə qərarlaşıb.
Epidemiya zamanı bir çox böyük şirkət öz əməkdaşlarına evdə işləməyə icazə verdi, bu səbəbdən məsafədən işləmək üçün proqram təminatına tələbat çoxaldı. Bu sahədə əməkdaşlar arasında qarşılıqlı fəaliyyəti reallaşdırmağa imkan verən ofis əlavələri daha çox tələb olunur. Məsafədən (distant) iş zamanı fəaliyyət coğrafi hüdudlarla məhdudlaşmır.
Epidemiya şəraitində ən çox tələbat səhiyyə sahəsinədir. Tibbi avadanlıqların və qorunma vasitələrinin istehsalı koronavirusla mübarizənin ön cəbhəsini təşkil edir. Geniş əhali kütləsi arasında tibbi xidmətlərə tələbat birincilər sırasında artır.
Xeyli insanın evdə qaldığı hazırkı şəraitdə qida məhsullarının evə çatdırılma xidməti populyarlıq qazanır. Hətta adi vəziyyətdə belə bu sahə sürətlə inkişaf edir. Ərzağın evə çatdırılması getdikcə çox yayıldığı üçün bu sahəyə diqqət yetirməyə dəyər.
Son vaxtlar valideynlər və uşaqlar üçün ailə istirahətinin müxtəlif növlərinin sürətli artımı müşahidə edilir. Bu, əhalinin gəlirlərinin artması, həyat tərzinin dəyişməsi, uşaq malları və xidmətləri sənayesinin inkişafı ilə bağlıdır. “Evdə qal” kampaniyası vaxtı valideynlərin və uşaqların qarşılıqlı fəaliyyəti üçün çoxlu variant yaranır: müxtəlif tematik parklar, qapalı əyləncə parkları, ailəvi foto çəkilişləri və s. Epidemiya qurtardıqdan sonra uzun müddət evdə qalmağa vərdiş etmiş uşaqlar valideynlərdən hansısa fəal istirahət forması tələb edəcəklər.
Virusla daim mübarizə şəraitində insanların psixikası böyük təzyiqə məruz qalır. Həyəcan, depressiya və digər psixoloji reaksiyalara ön cəbhədə olan tibb işçiləri, təcrid edilmiş xəstələr və onların ailə üzvləri xüsusilə meyilli olur. Belə olan halda epidemiya vaxtı psixoloji məsləhət xidmətləri və epidemiyadan sonra psixoloji bərpa xidmətləri başlıca prioritet olacaq.
KİV-in, müxtəlif müstəqil təşkilatların pandemiya ilə mübarizədə böyük xidmətləri danılmazdır. Müstəqil KİV sayəsində insanlar hər hadisəyə müxtəlif tərəflərdən baxa bilir, fərqli yanaşmalar mümkün olur. İstehlak olunan informasiyanın həcminin sürətlə artmasının ardınca müstəqil KİV-in populyarlığı da artır.
Uzunmüddətli “evdə qal” – özünütəcrid şəraitindən sonra istehlakçıların əksəriyyəti malların saxlanması və ehtiyatın yığılmasına yenidən baxacaq. Bunu nəzərə alsaq, loqistika sahəsində peşəkar işçilər çatışmaya bilər. Təzə tərəvəz, meyvə, ət və balıq məhsullarının evə çatdırılması sahəsi pandemiya dövründə inkişaf üçün stimul qazanan elektron ticarətin yeni sahələrindən biridir. Aydındır ki, gələcəkdə təzə ərzağın çatdırılmasına tələbat artacaq.
Pandemiya insanları sığortanın vacibliyi barədə düşünməyə sövq edir. Qısa müddətdə sığorta bazarında artım olacağı gözlənir. Diaqnoz qoyulandan sonra müalicənin yüksək qiyməti sadə adamlar üçün ağır yükə çevrilir. Dövlət xəstələrin müalicə xərclərini öz üzərinə götürsə də, əhalinin bəzi kateqoriyaları yoxlamadan keçmək üçün vəsait çatışmazlığı problemi yaşayır. İnsanlar arasında müxtəlif cür xəstəliklərin olması barədə narahatlıq sığorta sahəsində inkişafa yeni imkanlar yaradır.
Bütün bunlar cəmiyyətin həyatında pandemiyanın səbəb olduğu mürəkkəb və çoxsaylı dəyişikliklərin dərindən araşdırılması və dərkinin zəruri olduğunu göstərir və bu çətin vəzifənin öhdəsindən məhz bütün digər yanaşmaları özündə birləşdirməyə qadir olan fəlsəfə gələ bilər.
Söhrab Məhərrəmov