Mərhum jurnalist Aynur Mirhəsənin kitabı çapa hazırlanır. Kitabda jurnalistin bir hekayəsi, esse və məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb.
Novator.az həmin yazılardan birini təqdim edir.
1976-cı il yanvarın 27-də Bakı şəhərində doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.
2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.
İlk, torpaq, məcburi köçkün, məmur, vəzifə, yüngüllük sözlərinin bir-biri ilə əlaqəsini axtaracam bu yazımda.
Adamın ilk bəxti, ilk qisməti… Bunu babalarımız elə-belə deməyib. Yüz illərin sınağından çıxmış deyimdir. İlk sözünü çox yerə yozmaq olar. Yaşadığın, doğulduğun yerlə, evliliklə, övladla, nəvəylə, yeməklə, pal-paltarla, hisslərlə… Bəs onun şirinliyinin nüvəsində nə dayanır? O, birinciliyi, toxunmazlığı, yalnız şəxsin özünə məxsusluğunu ehtiva edir. Burda ilahilik, saflıq, təmizlik, şirinlik var. Hər kəs bunun mümkün qədər uzun olmasını, hisslərin əbədiyyətə qovuşmasını istəyir. Onun acısını dadmaq, itkisini yaşamaq asan deyil. Onun uğrunda sonacan mübarizə aparmaq asan olmadığı kimi…
Torpaq daha böyük mətləbdir. İnsan niyə torpağa bağlıdır? Çünki onun yetirməsidir, onunla üzvi bağlılığı var, ondan qidalanır, ən əsası, onun üzərində qərar tutub. Ayağı ona toxunmasa, duruş gətirə, müqavimət göstərə, özünü tarazlaya bilməz.
İlk ayaq dəyilən yer isə vətəndir. Burda biz ilk və torpaq sözlərinin birləşməsindən vətən sözünün əmələ gəldiyini, onların əlaqələrini görürük. Vətənin – ilk torpağın da şirinliyi, saflığı, təmizliyi, ona sevgi burdan gəlir. Sevgilər dəyişə bilir, amma ilk torpağa sevgi dəyişmir. İnsan ilk övladını çox sevə bilər, amma sonrakı uşaqları dünyaya gəldikcə sevgisi bölünür, valideyn sonrakı uşaqlarını da sevməyə bilmir. Yaxud ilk sevgi qədər nəsə ülvi ola bilməz. Amma kamil insanın kamil sevgisi də olur bu dünyada.
Lakin insan eyni ölkədə, eyni torpaqda yaşasa da, doğma kəndi, el-obası qədər heç yerə bağlı ola, onu sevə bilmir.
İlk torpaq itkisi, ondan ayrılıq – qaçqınlıq, köçkünlük yaratdı. Ötən əsrin 90-cı illərindən başlayaraq…
İlk qaçqınları, ilk məcburi köçkünləri də yerlilər böyük sevgi, hörmət-izzətlə qarşıladılar. Onlara hər yerdə qucaq açıldı, dərdlərinə şərik çıxıldı. Zaman keçir, yaşlı məcburi köçkünlər, qaçqınlar dünyadan köçür, bununla onların ilkinliyi də itir. Özləri də öz talelərinə mat qalırlar – 20 il qaçqın, köçkün yaşamaq… 20 il harasa müvəqqəti qeydiyyata alınmaq… 20 il ilk torpaqdan ayrı düşmək…
Bu həyatda onların belə vəzifə daşımaq missiyası da varmış…
Başqa vəzifələr də var. Kürsüdə oturan, səlahiyyəti, rütbəsi olan şəxslərin, məmurların tutduğu vəzifələr. Vəzifəni necə yerinə yetirmək vicdan məsələsidir. Hərdən məmurların ağır-ağır yerişinə-duruşuna fikir verirəm. Təsəvvürümdə belə canlanır ki, üzərinə düşən əsas vəzifəsini vicdanla yerinə yetirmədikcə vəzifələr məmurun boynundan asılı qalır, onlara rahat, sərbəst gəzməyə mane olur. Hərdən mənə elə gəlir ki, uzun illər vəzifə daşıyan adamların yükü daha ağırdır – yerinə yetirmədiyi vəzifələri daha çox olduğuna görə. Onların son vəziyyəti ürəyimi ağrıdır – yerlərindən heç tərpənə bilməyəcəklər.
Vəzifəni öhdəlik, borc, missiya kimi yerinə yetirmək lazımdır. Bir mömin bir namazının vaxtını keçirəndə, namazı qəzaya qalanda necə narahat olursa, o qəza namazını yerinə yetirəndən sonra necə rahatlıq tapır, yüngülləşirsə, məmur da vəzifəsini yerinə yetirib eləcə yüngülləşməli, rahatlaşmalıdır.
“Qaçqınkom”un sədri Əli Həsənov da məmurdur. İlk torpaqlarını itirmiş insanlara torpaq axtarır – Abşeronda. Amma deyir yataqxanalardan köçürüləcək məcburi köçkünlərə bina tikmək üçün boş torpaq tapılmır. “Torpaq məsələsi həll olunandan sonra layihə də hazırlamaq lazımdır” deyir.
O biri yandan da sıxlıqda, paytaxtın ortasında boş torpaq sahəsi yaradılır. Köhnə Basin küçəsində. Park salmaq üçün.
Bir də boş torpaqlar gözləyir Göyçədə, Qarabağda – qayıdıb yaşamaq üçün.
Aynur Mirhəsən
12 mart 2010-cu il, Mediaforum.az
Aynur Mirhəsənin başqa yazıları:
Aynur Mirhəsən barədə: