Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin rejiminin tələblərinə əməl etdiyini vurğulayıb: “Mən prinsip etibarilə intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə ən çoxu 9 nəfər olur. Bizdə 10 nəfərdən çox adamın bir yerdə toplaşması qadağandır. Lakin mən ehtiyat üçün həmişə deyirəm, 9 nəfərdən çox olmamalıdır. Ən çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə, məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə də, görüşlərdə də belə olub. İlin birinci rübünün yekunlarına həsr olunmuş iclası videokonfrans rejimində keçirdik. Amma bu iclas əvvəl keçirdiklərimizdən o qədər də fərqlənmədi. Mənim tabeliyimdə olan işçilərlə söhbətlərim də videokonfrans formatında keçirilir. Yəni insan prinsip etibarilə hər şeyə alışır. Buna da vərdiş etmək lazımdır”.
İlham Əliyev koronavirus pandemiyasının dünyanı dəyişdirməkdə olduğunu qeyd edib: “Bir sıra siyasi və ictimai xadim, həmçinin geniş beynəlxalq ictimaiyyət qeyd edir ki, dünya başqalaşacaq və artıq başqalaşıb. Biz də yeni iş formatına, yeni həyat formatına, özünütəcrid rejiminə tədricən alışırıq. Əlbəttə, əslində bu, xüsusən sərt karantin şəraitində insanların çoxunun həyat tərzinə də, onların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Biz yaxşı başa düşürük ki, həftələrlə evdə oturmaq, evdən çıxmamaq fəal həyat tərzinə, fəal işləməyə adət etmiş insanlar üçün çox ciddi sınaqdır. Bəli, işini itirənlər üçün vəsait ödəyirik. Amma onlar üçün motivasiya təkcə əməkhaqqı deyil. İnsanlar əslində sevimli işindən məhrum olublar və əlbəttə ki, bu da onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə dünyanın gələcəkdə necə olacağını güman etmək çətindir”.
Beynəlxalq tədbirlərin videokonfrans formatında keçirilməsi məcburiyyəti yarandığını qeyd edən prezident ünsiyyət çatışmazlığından gileylənib: “Azərbaycan ilk növbədə humanitar əməkdaşlıq üçün artıq mühüm məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış bir sıra başqa tədbirlər də sual doğurur – biz onları necə keçirəcəyik? Beynəlxalq forumları, diskussiyaları videokonfrans rejimində keçirməyə imkan olacaqmı – bütün bunlar gələcəyin məsələləridir. Lakin bir şey aşkardır ki, koronavirus üzərində qələbədən sonra sırf işçi baxımdan, psixoloji baxımdan bu vəziyyətdən çıxmaq üçün hələ uzun müddət lazım gələcək. Bunun nə qədər davam edəcəyini demək çox çətindir. Lakin mənim fikrimcə, əsas məqam, o cümlədən beynəlxalq siyasət məsələlərində əməkdaşlığın müsbət təcrübəsini qoruyub saxlamaqdır ki, bu müvəqqəti ayrılıq ölkələri bir-birindən ayırmasın. Biz dialoqu davam etdirək, videokonfrans formatında işləyək. Yeri gəlmişkən, mən həmkarlarımla videokonfrans formatında bir neçə görüş keçirmişəm. Əlbəttə, forma fərqli olacaq, lakin əsas məsələ müsbət məzmunu saxlamaq və pandemiya nəticəsində gördüyümüz müsbət məqamların sayını artırmaqdır. Ola bilsin, bunlar hələ ilk təzahürlərdir, lakin həmrəylik, hətta münasibətləri gərgin olan ölkələr arasında da əməkdaşlıq elementləri görünür”.
“TASS agentliyi pandemiya üzərində qələbənin rəmzi olacaq gələcək fotoqrafiya üçün ümumdünya müsabiqəsi elan edib. Sizin fikrinizcə, həmin fotoqrafiyada nə ola bilərdi” sualını dövlət başçısı belə cavablandırıb: “Bu mövzu hər kəsi narahat edir və hər kəsi bu xəstəliyə qalib gəlmək istəyi, onları öz yaxınlarını xəstəliyin ağır fəsadlarından qorumaq istəyi birləşdirir. Buna görə düşünürəm ki, həmin fotoqrafiya və ya simvol bu cür birləşdirici xarakter daşımalıdır. Bir də, şübhəsiz, dünya pandemiyaya qalib gələndə bunun rəmzi insan, onun zəkası olmalıdır. Ona görə ki, vaksin icad ediləndə insanın zəkası bu xəstəliyə qalib gələcək. İnsanın iradəsi. Ona görə ki, çətin dövrdə çox məsələləri məhz iradə qüvvəsi həll edir. Əlbəttə, mərhəmət hissi də. Ona görə ki, vəziyyətin çox mürəkkəb olmasına, çoxsaylı insan tələfatına baxmayaraq, mənim fikrimcə, ictimai şüurda mərhəmət səviyyəsi xeyli yüksəlib, insanlar anlayırlar ki, təbiətin və Allahın qarşısında hamı bərabərdir, hər kəs öz yaxınları qarşısında məsuliyyət göstərməli və özünü ləyaqətlə aparmalıdır. Buna görə mövzular palitrası bir qədər geniş ola bilər, lakin əminəm ki, bu müsabiqə bir simvolika ilə kifayətlənməyəcək. Düşünürəm ki, burada ən yaxşı duyğular, ən yaxşı arzular, insanın və insanlığın ən yaxşı keyfiyyətləri cəmləşməlidir”.