Zirvə görüşündə koronavirus müzakirəsi
- 04 May 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransı keçirilib. Koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş zirvə görüşü Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsüdür.
120 üzvü olan Qoşulmama Hərəkatı həmçinin 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata Azərbaycan 2011-ci il mayın 26-da qəbul olunub, 2019-2022-ci illər üçün sədrlik hüququ əldə edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı İlham Əliyev zirvə görüşündə koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqların meydana çıxdığını vurğulayıb: “Pandemiya bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə infeksiyaya qalib gələ bilərik. BMT baş katibinin koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planı elan etməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Dünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirib. Mənim sərəncamımla ilin əvvəlində Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb.
Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Mart ayının 3-dən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Martın 14-dən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib.
Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib.
Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb.
Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.
Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən yumşaldılıb.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub.
Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanıb, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsini dövlət ödəyib. Bununla yanaşı 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənir.
İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur.
Bankların sahibkarlara yeni ayırdığı kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək.
Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcək”.