Cavanşir Yusifli
Dostum Məsiağa Məhəmmədinin ad gününə
Bəzən gerçəklik «kitaba qayıdır». Kitabda yazılanları yaşamağa başlayır və kitabda nələrin təsvir edilməsi gerçəklikdə baş verənlərin qısa düsturuna çevrilir. Bu nədir? Əsərlə gerçəklik arasındakı əlaqələrin bir nöqtədə doğrultusumu? Yəqin ki, belədir. Ancaq… Hər şey həyatdakı «hə» ilə «yox»un bitişdiyi, biri digərinə yavuq gəldiyi məqamdan dəyişir, başqalaşır, az-az adamların anlayacağı bir nəsnəyə çevrilir. İbn Ərəbinin «Futuhat» əsərində belə bir məqam var.
Uşaq və fəlsəfə
Günlərin bir günü Qorduya, müsəlman mollası (kadi) Əbu Valid İbn Ruşdin evinə gəldim; hər yerdə Allahın mənə bəxş etdiyi işıqdan, nurdan danışıldığını eşidəndə çox təəccüblənmiş və mənimlə görüşmək istədiyni bildirmişdi. Dostlarından biri – atam ağlına gələn hansı bəhanəyləsə onun yanına tələsmişdi. O zaman üzünə tük çıxmamış bir uşaqdım, nə bığım, nə də saqqalım vardı. Özümü təqdim edəndə yerindən qalxdı, ehtiram və məhəbbətini bildirdi və məni bağrına basdı. Sonra dedi: «Hə». Mən də öz növbəmdə «Hə» dedim. Nə dediyini başa düşdüyümü görəndə üzündə təbəssüm yarandı. Ancaq sevincinin özəyində nəyin durduğunu anlayanda əlavə etdim: «Yox». Qaşları çatıldı, sifətinin rəngi dəyişdi və şübhə ifadə etməyə başladı: «İlahi vəhylə nəyi aşkar etdiniz? Bu, qəlbimizə şübhə toxumu səpən şeylərlə eynidirmi?» Cavab verdim: «Həm hə, həm də yox; hə ilə yox arasında düşüncəmiz uçur və… heç nə görünmür…” İbn Arabi, Futuhat, I, p. 153-154 (fransız dilindən tərcümə).
İbn Ərəbinin ən yaxşı tədqiqatçılarından olan A.V.Smirnov bu görüşlər haqqında yazmışdı: «Desək, yanılmarıq ki, orta əsrlər insanı həyatın hər bir anının məna ilə aşılandığı bir dünyada yaşayır və bu anlamda haqqında bəhs edilən məna bu an mövcud olan nəsnənin sərhədləri ilə qapanmır, gələcəyə uzanır və əbədiyyətlə bağlanır. Bu insan dibsiz və irrasional sonsuzluğu tanımır. Onun üçün maddi dünya fiziki baxımdan olmasa da fikirdə, mənada əl çatan səma sferasının sərhədlərini qapsayır və istənilən varlığın qurulduğu görünən elementləri yaxşı tanıyır. Dünya evi onun üçün yaradılıb və ona tabedir, çünki insan dünyanın ən ali varlığıdır, yaradıcılığın ən son həddidir. Orta əsrlər insanı qəfildən özü haqqında oturuşmuş təsəvvürləri dağıtma təhlükəsinin olmadığı sabit dünyada yaşayır…»
Başqa sözlə desək, bu dünya əbədiyyətə aparan yolda müvəqqəti dayanacaq olsa da, insana yaxın və anlaşıqlıdır. Mistisizmdə o, daha da şəffaflaşır: hər bir hadisənin içindən hadisələrin rəngarəng mozaikasını bir məqama düyümləyən bir məna doğulur. Ənənəvi dini təsəvvürün ayırdığı Allah və onun yaratdığı insan mistik üçün yerin və göyün, əbədinin və faninin bir yerdə olduğu məqmada qovuşur. Demək, sufi üçün təkcə dünya evi deyil, onun mənbəyi-başlanğıcı da «əllə toxunan məsafədədir». Dünyada insanın əliylə toxuna bilmədiyi heç nə qalmır…
Aydın məsələdir ki, orta əsrlər başa çatdıqdan sonra bu təsəvvür də köklü təbəddülata uğradı. Sufi – yerlə göyü birləşdirən, hər bir əşyanın və nəsnənin üzərinə işıq salan, onu tanıdan bir fiqurdur, bu fiqur aradan qalxdıqdan sonra səhnə başqa təsəvvürlərin, fərqli yaşama qaydalarının meydanına çevrilir. Canlı varlıq – mediator aradan qalxdıqdan sonra bütün hadisələr bənzətmə üsulu ilə qurulur, tarix səhnəsində sadəcə orta əsrlər mahiyyətinin oyunu çıxarılır – ancaq tərs üzünə… Axundovun «…Dərviş Məstəli Şahı»nda bu mediator təlxəklə əvəz edilir. Yeni dövr oyun əsrdir. Hər bir hadisə pərdə arxasına qədər uzanır, bura çatan kimi, həqiqi mahiyyətini əldə edərək dünyanın üstünə yeriyir (..ya Məlixa!), dünyanı dağıdır, daş üstə daş qalmır. Bu oyun qəliz siyasət sferasını formalaşdırır, orta əsrlərin insan anlayışı atrofiyaya uğrayır, dibsiz, sərhədsiz və… mənasız bir dünya yaranır. Bu formulun içindəki qəliz oyunlar indiki dövrdə də davam edir. Eynən Axundovun komediyasında olduğu kimi, əvvəl oyunun daşları düzülür, müəyyən hadisələr sırasının məntiqi «qarışdırılır», çalxalanır, o vaxta qədər çalxalanır ki, görünən mahiyyət itsin…
Yeni qurulan oyunda hadisənin əsl mahiyyətinə deyil, onun oxşarına istinad edilir, bu iş təkrarlandıqca nəyin yalan, nəyin doğru olmasının sərhəddi itir, meydana övliya libasında baş kəsənlər gəlir.