“Bu dövr xərclərimizi artırmaq və yoxsul vətəndaşlarımıza, sahibkarlara yardım etməli olduğumuz dövrdür”. Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə videokonfransda bir araya gələn dövlət başçısı İlham Əliyev belə deyib.
Koronavirus pandemiyasından söz açan prezident qeyd edib ki, Azərbaycan ilk gündən xəstəliklə bağlı real vəziyyətə əsaslanan tədbirlər görüb: “Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi. Bunun qarşısını almaq üçün müvafiq addımlar atdıq, qonşu dövlətlərlə razılıq, birgə qərar əsasında sərhədlərimizi bağladıq. Bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik, beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər yoluxmuş insanın müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.
Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq.
Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmadı. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız vardı. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. İlk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.
Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.
Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olub və artıq iki həftədir bizdə müsbət dinamika var. Yəni sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.
İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaq. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz vardı. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.
Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilib. Xidmət sektorunda, digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əmək haqlarının böyük hissəsini dövlət ödəyib. Bununla yanaşı 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun ödənişlər edilib.
Təbii ki, bu bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcək. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmaq və yoxsul vətəndaşlarımıza, sahibkarlara yardım etməli olduğumuz dövrdür.
Bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaq.
Sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənir və onların sayı 80 minə çatıb. Bununla yanaşı 12 min insan üçün, – burada da 70 faiz artım var, – özünüməşğulluq imkanları yaradılıb”.
İlham Əliyev Azərbaycanın əsas iqtisadi hədəflərindən birinin kölgə iqtisadiyyatının miqyasının azaldılması olduğunu vurğulayıb: “Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il də çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir”.