Rövşən Ağayev
Türkiyə Mərkəzi Bankının keçmiş başqanı, millət vəkili Durmuş Yılmaz deyir ki, ölkəsində akademik araşdırmalarla məşğul olan azı üç təşkilatın pandemiyanın ömrü, koronavirusdan sonrakı dövrlə bağlı proqnozları açıqlanıb. Onun fikrincə, hökumətin dəstək planları yalnız elm adamlarının araşdırmaları üzərində qurula bilər. Çünki, məsələn, Mərkəzi Bankın iqtisadiyyatı stimullaşdırma planları 6 ay, 1 il və daha çox davam edəcək gözləntilərə görə çox fərqli siyasət alətləri tələb edər.
Dediyinin mahiyyəti aydındır. İllərdir bizim də Azərbaycan üçün dediyimiz də elə budur. Məmur icraçıdır. Siyasətçi bəlli dövr üçün xalqdan mandat almış keçici ictimai xidmətçi və icraçıdır. Onların bağlı qapılar arxasında, qapalı dairədə hər cür plan qəbul etmək azadlığı olmamalıdır. Siyasi qərar üçün 1 nömrəli istinad mənbəyi akademik araşdırmalar, rəy sorğuları olmalıdır.
Hanı Azərbaycanda elə bir araşdırma mərkəzi ki, yaxın 3 ayda, 1 ildə baş verəcəklərlə bağlı mümkün ssenariləri cəmiyyətə təqdim eləsin. Yoxdur.
Olmasına siyasi ambisiyalar imkan vermədi. Başqa sahələri demirəm, iqtisadi sahədə yaxşı vətəndaş cəmiyyəti vardı. Vurdular, vurdular, bütün müstəqil maliyyə mənbələrini kəsdilər, dövlət qurumları ilə əməkdaşlıq və təcrübə-informasiya mübadiləsi kanallarını qapatdılar, dedilər siz də bu cür marginallaşın, öz dediyinizi özünüz eşidin.
Nəticəsi nə odu? Bu gün baş verənlər oldu. Bircə obyektiv və müstəqil analiz yoxdur. Halbuki hökumət hətta onu hər cür tənqid edən, amma peşəkar beyin mərkəzlərinin ayaqda qalmasına şərait yaratmalı, bütün dövlət qurumlarının informasiya kanallarını onların üzünə açmalı idi. Bu cür əməkdaşlıqdan hamı, ən əsası, ölkə qazanacaqdı.
Hökumət necə qapandısa, beyin mərkəzlərindən necə düşmən obrazı düzəltdisə, eyni mərəz biznesə keçdi. Sorğu keçirib vəziyyəti dəyərləndirmək istədin, biznes dedi kommersiya sirrini bölüşə bilmərəm. Bir az da uzağa gedəndə “Hökumətin iqtisadi siyasətini ələşdirirsiniz, sizinlə əməkdaşlıq edə bilmərik” dedilər.
Neçəsinə dedik, ay müəllim, biz sizdən kommersiya sirri istəmirik. Yalnız durum dəyərləndirməsi aparırıq – dövriyyənizin, vergi ödənişlərinin, işçi sayınızın, zərərinizin, mənfəətinizin, xərclərinizin, ixracınızın, yığımlarınızın mütləq həcmini göstərmədən ötən aya, ilə nisbətən necə dəyişdiyini bizə deyin, biz də biznesin durumunu, ondan da çıxış edərək makroiqtisadi durumu dəyərləndirək, belə dəyərləndirmə həm sizə, həm də hökumətə lazımdır.
Son dərəcə alçaldıcı münasibətlə üzləşmişəm hər dəfə bizneslə işləmək istəyəndə. Niyə? Çünki əksəriyyəti tutduğu mövqeyə rəqabətlə, öz ayaqları üstündə gəlib ora çatmayıb. Bir dəfə biznes assosiasiyası təmsilçisinə sorğu üçün müraciət edəndə mənə nə desə yaxşıdır: “Vətəndaş cəmiyyətinin sorğularında niyə iştirak edək, sifarişlə iş götürüb sorğu keçirəcək, pul qazanacaq, biz də onların sorğusuna cavab verəcəyik?”
Qınamıram, indiki idarəetmədə və rəqabətsiz mühitdə yetişən biznes təfəkkürü belə olar…
…Koronavirus fonunda hökumətin vətəndaşlara və biznesə yardımları qısamüddətli dəstəkdir. Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsi ilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlandı. Səhv eləmirəmsə, yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək.
Görünən odur ki, neftin ucuzlaşmasından başlayan 2009-cu və 2015-ci illərin böhranlarının nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çalxalanmaların qısamüddətli (maksimum 3-5 ay) olacağını təxmin edib, planını da buna uyğun formalaşdırıb.
Real baş verənlər isə göstərir ki, qlobal iqtisadiyyatda enmə və durğunluq daha uzun müddət çəkəcək, qeyri-müəyyənlik və iqtisadi sarsıntılar ən azı ilin sonuna qədər davam edə bilər. Ona görə hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır. Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə, xidmət sektoru tam gücü ilə işə düşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq.
Hökumət nə edə bilər bu planı hazırlayarkən? Elmi müəssisə və müstəqil beyin mərkəzlərindən ibarət mütəxəssislərin də (iqtisadçılarla yanaşı həkimlərin də prosesə cəlbi çox önəmlidir) cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks etdirən bir sənəd hazırlamalıdır. Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir. Yardımlarlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır, həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi ictimaiyyətə çox detallı və operativ çatdırılmalıdır.
Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyyə balansında Türkiyə təcrübəsində olduğu kimi aylıq statistika yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır.
Nəhayət, dövlət zəmanəti ilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır.
Ən vacibi dövlətdən pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır. Buna deyirlər şəffaflıq və ünvanlılığın ictimaiyyətin gücü ilə təmin edilməsi…
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar