Nazirlər Kabineti yanında operativ qərargah aprelin 18-də yeni rəsmi açıqlama yayıb. Qeyd olunur ki, dünyada 2 milyon 160 min 207 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 146 min 88 nəfər vəfat edib. Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci ildən aprelin 18-dək 1373 nəfərin xəstəliyə tutulduğu, 590 nəfərin müalicə olunaraq sağaldığı, 18 nəfərin dünyasını dəyişdiyi vurğulanır: “Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır”.
Operativ qərargah bildirir ki, xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.
Xüsusi karantin rejimi 20 aprel 2020-ci ildən 4 may 2020-ci ilədək uzadılır. Uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. Yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.
Novator.az bildirir ki, xüsusi karantin rejimi əsasında sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi yasaqlanıb, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı
Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi
Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər
Operativ qərargahdan məhdudiyyətlər