Natiq Cəfərli
Niyə ABŞ, Yaponiya, Avropa ölkələri operativ, effektiv iqtisadi qərarlar alaraq biznesə dəstək ola bilir, xalqa birbaşa yardımlar edir, Azərbaycanda isə bu mümkün olmur?
Birincisi, həmin ölkələrdə seçki var deyə hökumətlərin xalq qarşısında məsuliyyəti də var – bu, fundamental və əsas fərqdir.
İkincisi, həmin ölkələrdə mürəkkəb iqtisadi mexanizmlər var: qiymətli kağızlar bazarı, investisiya mərkəzi rolunu oynaya biləcək maliyyə-bank sektoru, sahələr üzrə məslək və lobbi qrupları – bu mexanizmlər və institutlar mürəkkəb və çoxpilləli qərarlar almağa yol açır.
Üçüncüsü, həqiqətə çox yaxın statistik məlumatlar, məlumat bazası, həcmcə kiçik olan kölgə iqtisadiyyatı, geniş yayılmış nağdsız ödənişlər sistemi – bu məsələlər iqtisadi diaqnostikada həlledici rol oynayır, doğru diaqnoz düzgün müalicə metodları doğurur.
Dördüncüsü, həmin ölkələrdə çoxpilləli və bir-birini sığortalayan idarəetmə sistemi var – mərkəzi hökumət qlobal qərarlar alır, boşluqları yerli idarəetmə orqanları (mer və bələdiyyə institutları) doldurur, yenə boşluq yaranırsa, sivil toplum dövlətin və yerli idarəetmə institutlarının buraxdığı boşluqları doldurur.
Nəhayət, həmin ölkələrin dövlət mexanizmləri, institutları oturuşmuş və peşəkar məmurlardan ibarətdir – nazir siyasi vəzifə olduğundan dəyişir, amma nazirdən aşağı pillələrdə işləyən məmurlar yerində qalır, onlar alınmış qərarların peşəkarlıqla yerinə yetirilməsinə çalışırlar.
Bizim məmləkətdə bu institutlar və mexanizmlər yoxdur, statistika siyasidir, bank-maliyyə sistemi primitivdir, seçki institutu çalışmır, sivil toplumun işləməsi üçün şərait yoxdur.
İqtisadi model bəsit, Mərkəzi Bank zəifdir.
Camaata pul paylamaq üçün statistik məlumat bazası belə yoxdur. Hökumət illərdir deyir ki, bizdə cəmi 5 faizə yaxın işsiz var, indi on minlərlə insan işsiz kimi qeydiyyata düşür. İndi bu rəqəmlərdən çəkinməsin gərək hökumət, məsələyə siyasi ritorika çərçivəsində baxmasın, bəlkə də bu ağır virus dönəmi bizə şans verir ki, normal, obyektiv statistik baza quraq. Gerçək statistikanı siyasi mövqeyə qurban verməkdən əl çəkilməlidir – həqiqi statistik məlumatlar olmasa, doğru qərarlar vermək mümkün deyil. Bu dönəm bir daha sübut etdi ki, obyektiv statistika artıq dövlət təhlükəsizliyi məsələsidir…
Müəllifin başqa yazıları: