İnformasiya qanunvericiliyinə əlavələr ifadə azadlığını təhdid edir
Ələsgər Məmmədli
Bu il martın 17-də Milli Məclis bir neçə qanunla birlikdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik və əlavə etdi. Yeni əlavə olunan 13-2.3.10-1-ci maddə daha çox diqqət çəkdi. Həmin maddəyə əsasən, “insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar”ın yayılmasına məhdudiyyət gətirildi.
Bununla da 2017-ci ilin martında bu qanuna edilən məhdudlaşdırıcı normalara daha biri əlavə edildi. 2017-ci ildəki əlavə nəticəsində 13-2-ci maddədə internet informasiya ehtiyatının və onun domen adının sahibilərinə həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın siyahısı verilmişdi. Bu siyahıda məhdudlaşdırılan informasiyalar 10 bənd üzrə 11 fərqli məlumat kateqoriyasında cəmlənmişdi. Yeni əlavə ilə bu siyahıdakı məhdudiyyətlərin sayı 12-yə yüksəldi.
Yeni əlavələrdən bir digəri məsuliyyət daşıyan şəxslərin qrupunun dairəsinin genişləndirilməsi oldu. Daha öncəki dəyişiklikdə “internet informasiya ehtiyatının və onun domen adının sahibilərinə” bu qadağalar gətirildiyi halda yeni əlavə ilə buraya “informasiya-telekommunikasiya şəbəkəsində”, “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” söz biləşmələri əlavə edilərək, məkan və məsuliyyət daşıyanların əhatə dairəsi genişləndirildi.
Hər iki dəyişiklik müəyyən problemlər yaratmağa meyillidir və tətbiqi zamanı fundamental hüquqların ciddi zədələnməsinə səbəb ola bilir.
Öncəliklə qeyd etməliyik ki, 2017-ci ilin martında bu qanuna “İnternet informasiya ehtiyatları” adlı fəslin əlavə edilməsi və həmin fəslin icrasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilməsi dərhal ciddi problemlər yaratdı. Yalan məlumatları yaxud zərərli – qanunla qadağan edilən məlumatları yayanlar yox, hökumətin fəaliyyətini və cəmiyyətdəki problemləri daha obyektiv işıqlandıran və zaman-zaman tənqidi yanaşmaları ilə diqqət çəkən və geniş auditoriyası olan resurslar bəhanə ilə bloklandı və sonra məhkəmə qərarı ilə bloklamanın hüquqi qüvvəsi saxlandı. Aradan 3 il keçməsinə baxmayaraq bu bloklanan resursların üzərindən məhdudiyyət götürülmədi. Daha sonra da sistemli şəkildə tənqidi elektron media bu bloklama təhdidi ilə qarşılaşdı və hazırda 60-dan çox resursa məhz məhkəmə qərarı olmadan birbaşa nazirliyin qeyri-qanuni bloklaması tətbiq edilməkdədir. Yəni 2017-ci ildə qanunvericiliyə əlavə edilən yeni fəsil ifadə azadlığını, media azadlığını məhdudlaşdırmaq üçün tətbiq edilməkdə, jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə maneə törətməkdə və ölkədə vətəndaşların obyektiv informasiyalara çıxış imkanlarını əsassız məhdudlaşdırmaqdadır.
17 mart 2020-ci il tarixli yeni əlavə də bu baxımdan məhdudlaşdırıcı zəncirə daha bir həlqə olaraq əlavə edilib. Bu normanın əvvəlkindən təhlükəli tərəfləri daha çoxdur.
Məsələnin ən narahatedici tərəfi budur ki, yeni əlavə olunan 13-2.3.10-1-ci maddədə birbaşa zərər vuran yalan məlumatların yayılması qadağan edilmir. Əgər sadəcə hər hansı yalan məlumatın yayılması “insanların həyat və sağlamlığına”, “əmlaklarına” zərər vurardısa yaxud “ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması”na səbəb olardısa və ya “həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması”na səbəb olardısa o zaman zərərin mövcudluğunu müəyyən etmək mümkün olacağından, belə bir tənzimləmənin normal tənzimləmə olduğunu fərz etmək mümkün olardı. Lakin bu yeni maddə yalan məlumatın yayılması nəticəsində zərər vurulmasını məhdudlaşdırmır, zərər vurma ehtimalını cəzalandırır. Ehtimalın (təhdidin) müəyyən edilməsi subyektiv dəyərləndirmədir. Yalnız başqasına zərər verən yalan məlumatlar məhdudlaşma üçün əsas ola bilər. Ona qərar verən isə nazirlik yox, məhkəmə ola bilər. Halbuki yeni maddədə məhkəmə qərarı olmadan da nazirlik birbaşa bu “təhdidin” olduğu qənaətinə gəlib, saytların bloklanmasına qərar verə biləcək. Ayrıca, maddənin son hissəsinə “başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidi” kimi tamamilə qeyri-müəyyən bir ifadə qoyulub. Beləliklə, məhdudiyyət tətbiq edən tərəfə qeyri-məhdud mülahizə imkanı yaradıb.
İnformasiya qanunvericiliyinə ardıcıl məhdudlaşdırıcı normaların gətirilməsi və tətbiq edilməsi ölkədə ifadə azadlığına ciddi zərər verir. Avropa Məhkəməsinin müxtəlif qərarlarına baxdıqda bunu aydın görmək olar.
Avropa Məhkəməsinin təcrübəsində “Bladet Tromsö və Stensaas Norveçə qarşı” işində qeyd olunur ki, informasiya azadlığından istifadə legitim ictimai maraqların müzakirəsinə töhfə verirsə, informasiya yaymaq və əldə etmək azadlığı daha çox qorunmalıdır. Bir digər
“Timpul İnfo-Magazin və Angel Moldovaya qarşı” işində isə qeyd edir ki, ictimaiyyətin informasiya əldə etmək azadlığını məhdudaşdıran hər hansı addım atılarsa, bu addımın atılmasına haqq qazandıran çox ciddi səbəblər aydın göstərilməlidir. Hər iki işdə məhz Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi konteksində qərarlar qəbul edilib.
Yeni əlavələrdən digəri – məkanın və məsuliyyət daşıyan şəxslərin qrupunun dairəsinin genişləndirilməsi məsələsi də problem yaradan məsələlərdəndir. Öncəki dəyişiklikdə “internet informasiya ehtiyatının və onun domen adının sahibilərinə” tətbiq edilən qadağalar son dəyişikliklə “informasiya-telekommunikasiya şəbəkəsində” və “informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi”nə də şamil olur.
Maraqlıdır ki, bu qanunda anlayışlar hissəsində “informasiya-telekommunikasiya şəbəkəsi” anlayışının nəyi nəzərdə tutuduğu müəyyən edilməyib. İnformasiya-telekommunikasiya şəbəkəsi bütün rabitə şəbəkəsindən tutmuş, teleradio da daxil olmaqla digər şəbəkələri içinə ala bilir. Yəni qanun məhdudiyyəti tətbiq edərkən, əhatə dairəsini dəqiq göstərməlidir. Halbuki burada ifadə edilən anlayış qanunvericilikdə izah edilməyib, beləliklə, tətbiqi zamanı ciddi problem yaradılması yolu açıq qalıb. Məsuliyyət daşıyan şəxslərin qrupuna əlavə edilən ikinci kateqoriya – “informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” anlayış olaraq yenə qanunda müəyyən olunmamış anlayışdır. Qanun məsuliyyət müəyyən edərkən çərçivəni aydın müəyyən etməli, bütün anlayışları qanunun özündə izah etməlidir. Mövcud qanunun 2-ci maddəsində “Əsas anlayışlar” başlığı altında tam 23 anlayışa izah verilib. Lakin orada məhz qanuna yeni salınan bu anlayışlara dair hər hansı izah yoxdur. Bu da tətbiqdə yenə ciddi problem yaradacaq. Cəmiyyətdə hər bir mobil telefon istifadəçisi bu çərçivədə qiymətləndirilə biləcək. İnsanların kütləvi olmayan, özəl xəbərləşmə üçün istifadə etdikləri şəbəkələr bu dəyişikliklə müdaxiləyə açıq vəziyyətə salınır.
Beləliklə, qanuna gətirilən hər iki əlavə mövcud informasiya azadlığının vəziyyətini daha da daraldan və tətbiqi zamanı sui-istifadələrə açıq qapı buraxan dəyişiklikdir. Həri iki dəyişiklik həm Azərbaycan Konstitusiyasının 47 və 50-ci maddələrində qoruma altına alınan ifadə azadlığı və məlumat azadlığını, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsini zədələyən xarakterdədir.
Müəllifin başqa yazıları:
İfadə azadlığının hüquqi məhdudiyyətləri və məsuliyyətlər
KİV: qanunların mənbəyi və daxili qanunvericilik
Dövlət niyə Allahın nümayəndəsini bəndəyə çox görür?
Media 2017-də: əyri düzəlişlər
Onlayn internet resursları qanuna zidd bloklanır