Emin Hüseynzadə
Pandemiya dövründə ən çox təsirə məruz qalan sahə haqda hamı danışır. Bu, səhiyyədir. Həm də əsas qorxu fərdi sağlamlıq məsələsi deyil, sistemin bu sınağa dözə bilməyəcəyi ilə bağlıdır. İkinci və daha böyük, üstəlik, uzunmüddətli təsirlənən sahə unudulur, sonraya saxlanılır. Bu, biznesdir.
On minlərlə işçi evdə qalıb, iqtisadi artıma, gəlirin əldə edilməsinə yardım etmir. Eyni zamanda yüz minlərlə adam hətta işləyən və ya potensial olaraq işləyə biləcək müəssisələrin məhsul və xidmətlərindən istifadə etmir. Artıq başlanmış iqtisadi böhran hələ pandemiya davam etdiyinə görə göz önündə deyil. Hələlik deyil. Belə vəziyyətdə bizneslər və fərdlər durmadan hansı sahələrin imkan yaratdığı haqda düşünürlər. Cavab isə üzdədir.
Əhalinin durmadan qəbul etdiyi və pandemiya ilə birlikdə qəbulunu artırdığı ən böyük məhsul – informasiyadır. İnsanların televiziya və internetdən informasiya alması bir neçə dəfə artıb. Bəziləri eyni videoları uşaq kimi on dəfə izləməyə hazırdır. İnformasiya paylaşımı və qəbulu o qədər artıb ki, aparıcı sosial şəbəkələr – Facebook, Youtube və s. hamının öz məlumatını vaxtında yükləyə və izləyə bilməsi üçün videoməzmunun keyfiyyətini aşağı salıb. Deməli, bu sahə pandemiyaya görə geriləmir, artır, böyüyür. Özü də bu sahə neftin qiymətindən və büdcədən ayrılmalarla birbaşa əlaqəli deyil. Bu da Azərbaycan biznesi üçün qeyri-adi imkanlar yaradır.
Düzdür, medianın durumu – qeyri-şəffaflığı, indiyə kimi böyük holdinqlərin onu partnyor deyil, təhlükə mənbəyi kimi görməsi inkişafa yardım etmirdi. Böyük bizneslər ayrı-ayrı fərdlərə məxsus mediaların “əlində qalır”, onlarla müxtəlif “razılaşmalar” bağlayırdı və ya durmadan reklam verməyə məcbur olurdular. Amma bu medialar əsasən qeyri-professionallar tərəfindən idarə olunduğuna görə onlara biznes kimi baxılmırdı. (Kənardan pul kəsilən kimi media çökür.)
Ölkədəki böyük biznesin diqqətinin bu sahəyə yönələcəyini, bunun ilin əvvəlindən baş verəcəyini proqnozlaşdırırdım. Pandemiya ilə əlaqədar bu prosesin daha da sürətlənəcəyini gözləmək olar. İndi hansı holdinqlər irəli düşsələr, qazanacaqlar. Əsas məsələ bu sahəyə pul aparan deyil, pul gətirən kimi baxmaqdır. Birinci növbədə medianın gəlir (birbaşa və ya qiyabi) gətirmədiyini deyənlərdən uzaq durmaq lazımdır.
Böyük bizneslər və ya özlərini böyük bilənlər media qurumları yaradırlarsa, bu sahədə müəyyən dəyişikliklər olacaq. Sözsüz ki, belə olan halda bir müddət sonra daha güclü media orqanlarının ortaya çıxacağını gözləmək olar.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü