Emin Hüseynzadə
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın bütün məntəqələrində dezinfeksiya işləri aparılır. Azərbaycanda medianın tən yarısı bundan danışır. Prosesin özü vacibdir. Amma jurnalistlərimiz sual vermək qabiliyyətini sanki unudublar. Olanları işıqlandırmaq dedikdə başqalarının təqdim etdiyini efirə verməyi nəzərdə tutmayıb jurnalistika kitabları. Olanları çatdırmaq – detallara varmaq, dəqiqləşdirmək, suallar vermək və araşdırmaq deməkdir. Dezinfeksiyayla da bağlı çoxlu sual var ki, cavabını axtarmalıyıq.
“Google” axtarış sistemində “dezinfeksiya aparılıb” sözlərini axtarışa verəndə 351 min, “dezinfeksiya aparılır” sözünə isə 786 mindən çox nəticə çıxır. Deməli, bu tipli xəbərlərin sayı 1 miyon 137 mindən çoxdur. Adətən görüntü belədir: başdan-ayağa ağ paltara bürünmüş maskalı adamlar bellərinə bağladıqları qabdan hər yeri dərmanlayırlar. Bəzən bu işlər yük maşınları ilə edilir. Burada hər şey aydındır. Bəs o qabın içindəki nədir? Dezinfektant koronavirusa qarşı qorunmamızı təmin edir, digər tərəfdən sağlamlığımıza ziyan vurmurmu? Bu böyük sualdır. Dezinfektantların nədən ibarət olması çox vacib məsələdir. İstənilən kimyəvi maddənin, dezinfeksiyaedicinin çoxlu yan təsirləri var. Jurnalistlər dezinfektant maddələrin nədən ibarət olduğunu öyrənməli və dədqiqləşdirməlidir.
Eyni məkanda bir dəfə deyil, bir neçə dəfə dezinfeksiya işləri aparıla bilər. Məsələn, Bakı bulvarı belə yerlərdən biridir. Ya da yaşayış binalarının blokları. Evdən çıxan adamlar bloklarda, liftlərdə, bəzən küçələrdə çox kəskin iyi olan kimyəvi maddələrin təsirinə məruz qalırlar. Çox adam bu iydən şikayət edir, amma media bu məsələni də işıqlandırmır.
Həkimlər müxtəlif təmizləyici maddələrin allergiyadan və bronxial astma xəstəliyindən əziyyət çəkənlərə pis təsir etdiyini deyirlər. Azərbaycanda bronxial astma xəstələrinin sayı 8 minə yaxındır, allergiyadan əziyyət çəkənlər isə bundan dəfələrlə çoxdur. Bundan başqa bu cür maddələr mərkəzi sinir sisteminə mənfi təsir göstərir, müxtəlif xəstəliklərin güclənməsinə səbəb olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda sinir sistemi xəstəliklərindən 65 min 500-ə yaxın adam əziyyət çəkir. Beləliklə, dezinfeksiya üçün suya hansı maddələrin qatıldığı və ya birbaşa yerə, divarlara, tutacaqlara və s. vurulan maddələrin tərkibi aydınlaşdırılmalıdır. Onların insana zərərləri aydın şəkildə göstərilməli, mümkün qədər ziyansız və ya az ziyanlı maddələrdən istifadə olunması dəqiqləşdirilməlidir. Müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin dezinfeksiya aparılmış yerlər haqda məlumatlandırılması bazası, əhalinin belə yerdə davranma və özünüqoruma qaydaları haqda məlumat verilməlidir.
Reportajı maraqlı eləməkdən ötrü jurnalistin xəbərlər proqramına küçədən əlcək və maskayla çıxıb, dayanmadan ora-bura gəzib, əl-qolunu ölçməsi yetmir, faktlarla, başqalarının diqqətindən kənarda qalanlar haqda danışmaq maraq yaradar. “Qaş düzəltdiyimiz yerdə gözü çıxarmamalıyıq” prinsipi hadisələrin ekoloji və səhiyyə istiqamətində araşdırılmasına kömək edən yanaşmadır. Ən son elmi araşdırmaları nəşr edən “Science” (Sayens) jurnalı koronavirusa qarşı dezinfektantlarla mübarizə ilə bağlı yazısında qeyd edir ki, dezinfeksiya aparanların özləri ciyər xəstəliklərinə həssas olurlar. Hazırda hamı dezinfektantlarla həmişə olmadığı qədər təmasdadır.
Digər məsələ bütün dünyada, xüsusilə də ölkəmizin ən çox ziyarət edilən yerlərində çoxlu kimyəvi maddədən istifadənin ekologiyaya təsiridir. Bu təsir ölçülməlidir. Elə maddələr var ki, onlar illərlə torpaqda qalır və müxtəlif konsentrasiyada havaya buxarlanır, torpağa və ətraf mühitə mənfi təsir edir.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz