Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün 31 mart 2020-ci ildən 20 aprel 2020-ci ilədək bu iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilir:
– bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
– istirahət və əyləncə məkanları üzrə xidmətlər;
– mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
– bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
– dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
– dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
– fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
– tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– fərdi mənzillərdə təmizlik xidmətləri;
– fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə bəzi istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir. Bu sıraya müəyyən icra hakimiyyəti orqanları və təşkilatlar, səhiyyə və sosial sahə üzrə, infrastruktur sahəsi üzrə, nəqliyyat və logistika sahəsi üzrə, əsas istehsalat növləri üzrə, pərakəndə və topdan satış üzrə, məişət xidmətləri üzrə bir çox qurum, kütləvi informasiya vasitələri, maliyyə təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən, xüsusi xidmət növləri üzrə təsisatlar daxildir.