Ruzanna Rəşidqızı
Hansısa səhifədə belə cümlə gördüm: “İndi bütün jurnalistlər COVİD-19 jurnalistidirlər”. Yalan deyil, siyasət, iqtisadiyyat, şou, idman jurnalistləri də koronavirusdan yazır. Auditoriyanı maraqlandıran budur. Xəstəlik artıq 198 ölkə və vilayətdə yayılıb, yazını yazdığım an 488 min 345 nəfərin virusa yoluxduğu təsdiqlənib, ölənlərin sayı 22 min 71, sağalanlar 117 min 608 nəfərdir (rəqəmlər hər an dəyişir). Azərbaycanda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 120-ni keçib. Avropada, qonşu İran, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiyadakı kimi Azərbaycanda da məktəblər bağlıdır, xeyli müəssisə işləmir, rəsmilər əhalini evdən çıxmamağa çağırırlar. Xəbərlərə baxmayanlar da televiziyanı, xəbər saytlarını izləməyə başlayıblar. Demək ki, jurnalistlər də işləyir, işləməlidir və bütün sahələrdə, bütün fövqəladə hallarda olduğu kimi fərqli işləməlidirlər.
“Vaşinqton Post” qəzetinin Romadakı bürosunun rəhbəri Çiko Harlan (Chico Harlan) indiki fəaliyyətini müharibə jurnalistikası ilə müqayisə edib (İtaliya hazırda virusdan ən çox zərər çəkən Avropa ölkəsidir). Amma bu müharibə qeyri-adidir; hərəkət məhdudlaşıb, xaricə çıxış və ölkə daxilində bəzi yollar bağlıdır, küçədə dolaşmaq qadağandır deyə jurnalistlər evdən sənədlə çıxmalıdırlar, təhlükə isə görünməzdir, səssizdir və təkcə “meydandakına” deyil, onun yaxınlarına da sirayət edə bilər…
Məsuliyyət
Beynəlxalq media mütəxəssisləri jurnalistləri iki əsas məqamda diqqətli olmağa çağırırlar. Bunlardan biri etika məsələsidir. Pandemiyanın ölçüsünü, indiki durumu nəzərə alsaq, hər informasiyanın, deyilən hər sözün xüsusi əhəmiyyəti var. İtaliyada ölənlərin sayı artdıqca Avropada, eləcə də Azərbaycanda supermarketlərə axınları xatırlamaq yetər. Qorxu, təşviş, stress virusdan az zərərli deyil. Jurnalistlərin ikiqat məsuliyyətli olması, peşə etikasına diqqət etməsi indi həmişə olmadığı qədər vacibdir. Məsələn, təşviş yaradacaq sözlərdən, tondan istifadə edilməməlidir. Həyəcana səbəb olan məlumatla yanaşı qorunmağın yolları haqda danışmaq təsirli olar. Rəqəmlər, faktlar verilərkən mənbə xüsusi vurğulanmalı, onun etibarlılığı yoxlanmalıdır. İndi internetdə özünü infeksionist adlandıran xeyli adamın videosu var. Jurnalistlər müsahibə aldıqları ekspertlərin kimliyini dəqiqləşdirməlidirlər.
Xəbərlər, həmçinin şayiələr virusdan sürətlə yayılır. Jurnalist meydana şayiələrlə deyil, onları təkzib edən faktlarla çıxandır. Şayiədən danışmaq zərurəti yarananda (Hantavirus haqda olduğu kimi) fakt başlığa qaldırılmalı, təhülkənin olmadığı yazının əvvəlində bildirilməlidir.
Koronavirusun istidə məhv olduğunu yazırdılar (ABŞ prezidenti Donald Tramp da belə demişdi), ancaq virus isti ölkələrdə də yayılmaqdadır. Xəstəlikdən qocaların öldüyünü deyirdilər, sonra cavanların da vəfatı xəbərləri artdı. Əsası olmayan informasiya vermək istəmirsizsə, elmdən yazan jurnalistlər kimi davranmaq, araşdırmaq tövsiyə olunur.
Yararlı tövsiyələr çoxdur. Beynəlxalq “First Draft” təşkilatı Reportyorlar Üçün Koronavirus Resursları adlı mərkəz yaradıb. İnformasiya mənbələri, faktların toplanması və yoxlanması vasitələri, müxtəlif alətlədən ibarət resurs mərkəzi tez-tez yenilənir, vebinarlar keçirilir. Yəni məsuiyyətlisinizsə, silahınız var.
Təhlükəsizlik
Çox mühüm məsələlərdən biri də təhlükəsizlik məsələsidir. Bu gün İtaliyada, İranda onlarla jurnalist koronavirusa ya yoluxub, ya da karantindədir. Özünü riskə atıb, evdən çıxaraq reportaj hazırlamaq istəyən müxbirlər sənədlə yanaşı vacib əşyalarını da götürməli olurlar, çünki bir reportaja görə günlərlə karantinə düşürlər. Halbuki onlara da əlcək və maskalardan istifadə etməyi, müsahibdən 2 metr aralı dayanmağı, lazım gələrsə, qışqıraraq danışmağı məsləhət görüblər.
Ancaq bəzən virtual müsahibə də təhlükəlidir. İtaliyada evdən çıxmayan müxbirlər saatlarla telefonla danışdıqlarını, məlumat axtarmaq, almaq, ötürməkdən ötrü bəzən yüz dəfə zəng etdiklərini deyirlər. Fövqəladə hallarda çalışan jurnalistlər travmalardan sığorta olunmadıqlarını və buna hazırlığın yollarını bilirlər. Məsələn, sarsılanda dərindən nəfəs almaq, döşəmədə oturmaq, yeri gələndə iş prosesini dayandırmaq kimi adi qaydalar var.
Beynəlxalq jurnalist təşkilatları indiki halda bütün jurnalistləri sarsıntılara qarşı savadlanmağa çağırır. Kolumbiya Jurnalistika Məktəbinin jurnalistlərə psixoloji yardım mərkəzinin (The Dart Center for Journalism and Trauma) direktoru Keyt MakMahon deyib ki, koronavirus pandemiyası fərqli təcrübədir, çünki indi müxbirlər şahid olduqları hadisənin həm də birbaşa iştirakçısıdırlar, hərə bir şəkildə, amma eyni problemin içindədir. Ona görə də psixoloji sarsıntıya hazır olmaq, gördüklərindən daha az təsirlənmək, dayanmaq üçün bəzi şeyləri öyrənməkdə fayda var. Məsələn, durumunuzdan halisinizmi? Səhhətiniz bütün hallarda işləməyə yol verirmi? Qorxunc faktla qarşılaşdığınız an necə davranacağınızı bilirsizmi?
Müəllifin başqa yazıları: