Azər Qaraçənli
Əl-üzünü yu, sakit ol.
Narahatsan – maska tax, taxmamısan – sakit ol.
Deyirlər evdən çıxmamaq məsləhətdi. Çalış evdən çıxmayasan, çıxmısansa sakit ol.
Camaat evə ərzaq yığır. Yığmısansa sakit ol, yığmasan da sakit ol.
Görsən qızdırman qalxır, boğazın-başın ağrıyır, həkim çağır. Həkim gəlib çıxınca sakit ol.
Həkim desə boş şeydi, adi qızdırmadı, səndə koronavirus yoxdu, sevin, amma çox sevinmə, çünki səndə yoxdusa da başqalarında var, indi bu xəstəlikdən karantinlərdə əziyyət çəkənlər var, can verənlər, ölənlər var, ona görə çox sevinmə, sakit sevin, sakit ol.
Həkim desə bu nəsə şübhəli qızdırmadı, səni karantinə götürmək lazımdı, həkimlə get karantinə, karantində sakit ol.
Karantində səni müayinə eləyəcəklər, yoxlayacaqlar, yoxlamanın cavabı gəlincə sakit ol. Desələr səndən koronavirus çıxmayıb, sakit sevin, sakit ol. Desələr koronavirus çıxıb, yenə sakit ol, sakit ol: bu xəstəlikdən sağalanların sayı ölənlərin sayından qat-qat çoxdu, deməli, sənin də sağalmaq şansın ölmək şansından çoxdu. Özünü ölməyə yox, yaşamağa köklə. Ölümü yox, sağalmağı gözlə. Ağlayıb sakitləşə bilirsənsə, ağla, sakit ol. Gülüb sakitləşə bilərsənsə, ye-iç, de-gül, sakit ol.
Vəsiyyət eləməməyin səni narahat eləyirsə, vəsiyyətini elə, sakit ol. Elə bilmə vəsiyyət adamı ölümə kökləyir. Elə adam var vəsiyyət onun ölüm qorxusunu götürür. Vəsiyyət eləməmiş sakitləşə bilmirsənsə, vəsiyyətini elə, sakit ol. Vəsiyyət fikri səni qorxudursa, onda qov bu fikri başından, vəsiyyət məsələsini birdəfəlik qoy qırağa, sakit ol.
Şər deməsən xeyir gəlməz. Birdən iynə-dərman kömək eləməsə, həkimin köməyi dəyməsə, gecənin bir aləmində Əzrayıl başının üstünü alsa, başını qoy yastığa, gözünü dik tavana, sakit ol.
Bu, epidemiyadı, pandemiyadı. Belə vəziyyətdə bizim eləyə biləcəyimiz iki iş var: biri ehtiyatlı olmaq, o biri sakit olmaq. Ehtiyatlı ol, sakit ol.
Deyəcəksən sakit ol deməyə nə var, sakit olmaq olmur. Düz deyirsən, sakit ol, sakit ol, sakit ol.