Nazirlər Kabineti yanında operativ qərargahın martın 9-da yaydığı məlumata görə, İrandan qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb: “Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.
Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti sabit-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir”.
Ötən ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi başqa ölkələrə də yayılıb. Çin, İtaliya, İran, Cənubi Koreya, ABŞ, Fransa, Yaponiya, İraq, İspaniya, Avstraliya və başqa bir neçə ölkədə ölənlər var.
Azərbaycanda koronavirusa 11 yoluxan qeydə alınıb. Koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, fevralın 29-dan İranla sərhəd sərt rejimə keçib.
Nazirlər Kabineti tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər məqsədilə martın 3-dən bütün təhsil müəssisələrini qapadıb. Öncə təhsil müəssisələrinin martın 10-dan açılacağı bəyan olunub, ancaq sonradan tətil martın 20-dək uzadılıb. Martın 20-dən 26-dək Novruz bayramı qeyd olunacağı üçün ilk tədris günü martın 27-si müəyyən edilib.
Başqa bir qərara əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı bu il iyunun 1-dək idxal gömrük rüsumundan azad olunub.