“Vəziyyət nəzarət altındadır”. Martın 3-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında koronavirus problemindən söz açan prezident İlham Əliyev belə deyib.
Kollektivlə görüşündə dövlət başçısı son 16 ildə Azərbaycanın bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzinin tikildiyini, 28 mərkəzi rayon xəstəxanasının əsaslı təmir olunduğunu vurğulayıb: “5 xəstəxananın tikintisi davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Bakı şəhərində də bir çox xəstəxananın tikintisi, təmiri yekunlaşıb. Bütövlükdə son 16 ildə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.
Demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var”.
Ötən ilin dekabr ayında Çində üzə çıxaraq 80-ə yaxın ölkəyə yayılan koronavirus xəstəliyi ilə mübarizə məsələsinə toxunan prezident Azərbaycanda vəziyyətin nəzarət altında olduğunu qeyd edib: “Mənim göstərişimlə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılıb. Göstəriş vermişəm əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın.
İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.
Məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti bağlanması haqqında göstərişlər verilib. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır.
Bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin, bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq gündə bir neçə dəfə monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb.
Heç bir ölkə yükdaşımalara məhdudiyyət qoymayıb, o cümlədən Azərbaycan. Azərbaycan tranzit ölkədir, heç bir tranzit yük üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə cənubdan ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı işlər aparılır, xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Göstəriş vermişəm xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Dünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır.
Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib, belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcək. İndiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.
Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, hökumət bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar”.
Novator.az bildirir ki, martın 3-nə olan hesabata görə, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyinə dünyada 91,3 min nəfər yoluxub, 3120 şəxs dünyasını dəyişib. Çində 2945, İranda 66, İtaliyada 52, Cənubi Koreyada 28, ABŞ-da 6, Yaponiyada 6, Fransada 3, Honkonqda 2, Avstraliya, Filippin, Tailand, Tayvan, San Marinoda 1 nəfərin, “Diamond Princess” səyahət gəmisində 7 nəfərin vəfat etdiyi açıqlanıb.