“Sənin xeyrinə bitəcək, doğumdan başlanan oyun” (Şeirlər)
- 03 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Martın 3-ü Milli Arxiv İdarəsinin rəisi, filologiya üzrə elmlər doktoru, professor, görkəmli alim Əsgər Rəsulovun 66 yaşı tamam olur. Bu münasibətlə Artkaspi.az saytına istinadla alimin şeirlərini təqdim edirik.
Əsgər Rəsulov
Yorğunluq
O qədər yorğunam, barmaqlar belə,
Hərflərə qonmağa tənbəllik edir.
Qələm də yadlaşıb elə bil ələ,
Fikrim ayaq üstə yuxuya gedir…
Arzular, ümidlər suya düşübdü,
Xəbər yalan olub, xəbərçi yalan.
Tərs kimi, yaddaş da bərk ilişibdi,
Xarab qramofon valıtək çalan…
Canımda əzginlik bir əlçim ələm,
Bədənim ruhumu daşıya bilmir.
Nə yola salan var, nə də gözləyən,
Dünya da mənimlə yaşaya bilmir…
“Min bir gecə”nin də nağılı bitib,
İllərdir tapılmır min ikincisi.
Doğru əyrilərin içində itib,
Parlaq sədəfin də çürük incisi…
Susub dinləyirəm dörd bir yanımı,
Kədər var, sevinci udub bu dünya.
Astadan deyirəm “Ya Rəsulillah”,
Qeybdən səs gəlir “Ave Mariya”…
Sənsizlik xofunun dumanı, çəni,
Yenə asta-asta çökür canıma.
O qədər yorğunam, qınama məni,
Qorxuram deməyə dur gəl yanıma…
Sonuncu qonağıma məktub
Yıxanlar xatiri-naşadımı, ya Rəbb, şad olsun,
Mənimçün namurad olsun deyənlər bərmurad olsun.
(Naili-i Qədim, XVII əsr)
Ölümdən xəbərsiz ölüm,
Vaxtında gəl, ya beqəfil…
Hədiyyə-filan istəməz,
Gətir bir cüt tər qərənfil.
Elə ya belə itəcək
Başımı qoluna qoyum.
Sənin xeyrinə bitəcək,
Doğumdan başlanan oyun.
Olacaq olsun, yubatma,
Alacağını alıb get.
Arvad-uşağı qorxutma,
Üstümə örtük salıb get.
Yalnız bircə xahişim var,
Dava-dərmana buyurma.
Hər kəsə öz dərdi bəsdir,
Dostları işdən ayırma.
Bu dünyada qalanlara,
Minnətsiz, borcsuz gedirəm.
Mənə borclu olanlara,
Haqqımı halal edirəm.
Gəl son loxmamı bölüşək,
Can borcum var, onu da al.
Umu-küsüsüz öpüşək,
Vaxt tamamsa, salamat qal…
Ünvanı səhv məktub
Yaşa doluruq, qadınım,
Yerişimiz yorğun-yorğun.
Qarşıdakı illər məchul,
Günlər ötür oğrun-oğrun…
Gedən bizimdi, yaşadıq,
Gələn bizimmi, ya deyil?
Onu bircə Tanrı bilir,
Bizə ayırmış neçə il.
Kiminin ömrü bir gəmi,
Dalğalarda batır, çıxır.
Kimisinin ömrü qatar,
Qoşa xətt üstündə axır.
Elə ya belə – sonu bir,
Dünya nimdaş, insan bayat.
Üstündəki ünvanı səhv
Məktub kimidir bu həyat…
Əsli ilə düzdür
İsanı oğlum deyə bağrına basdı Məryəm,
Bir atasız körpədən bir peyğəmbər yaratdı.
(Faruk Nafiz Çamlıbel)
Bir dahi alimin qüdrətli əli,
İndi insanlardan klon yaradır.
Allahlıq eşqinə düşən bu alim,
Görəsən bilirmi ruhlar hardadır…
Dərdinə ürəkdən oluram şərik,
Əminəm, bir azca başı xəstədir.
Yoxsa bilərdi ki, neçə surətik,
İnsanoğlu rəngarəng güldəstədir
Oluruq gah qoz kimi, içdən çürük,
Gah dənizdə yırğalanan boş qayıq.
Vəzifəcə böyüklərlə bir cürük,
Vəzifəcə kiçiklərlə başqayıq.
Asmaq desən, əlimizdən gələndir,
Kəsmək desən, ustasıyıq bu işin.
Satmaq desən, çuğulçuyuq doğuşdan,
Atmaq desən, bizlərin ilk vərdişi.
Öldürmənin yüz şəklini bilirik,
İşgəncənin növləri var dəyişik.
Əzəldən belədir, bəşər övladı,
Tox ikən aslandır, acanda pişik.
Biganəlik xislətində, qanında,
Şakəridir mal-dövlətə hərislik.
Qız-gəlinə düşkünlük var canında,
Mayasında min rəzillik, min pislik.
Alim qardaş, hövsələnə tüstü ver,
Lazım deyil insanı klonlamaq.
İndilikdə keçinirik bir təhər,
Gələcəkdə barı rüsvay olmayaq.
“Əsli ilə düzdür” bütün surətlər,
İnsan birdir, altı milyard sayda da.
İnandırmaq üçün tək çarəm qalır,
Təsdiqlətmək notarial qaydada…
Səhv inanışlar
Bəşəriyyət zavallı, pək məsum,
Koşuyor bir səraba aldanaraq,
Koşuyor sanki bir dəniz bulacaq…
(Hüseyn Cavid)
İnsanlar hələ də elə bilir ki,
Cəzalar sərt olsa, cinayət bitər.
Oğrular bir anda doğruya dönər,
Qatillər yox olar, canilər itər.
Zalım zalim olub məzlumu əzməz,
Dönər Haqq yoluna yorulub bundan.
İnsanlar hələ də elə bilir ki,
Duz-çörək haqqını tapdamaz insan.
İnsanlar hələ də elə bilir ki,
Divin bir canı var, o da şüşədə.
Nakişi çevrilər ailəcanlıya,
Gözəlçə əl çəkər qədim peşədən.
Serial seyr edən elə bilir ki,
Qurdlar quzularla barışa bilər.
Tülkülər tərgidib tülkülüyünü,
Cəmiyyət içinə qarışa bilər.
İnsanlar hələ də elə bilir ki,
Yaltaqlar bezəcək yaltaqlığından.
Yorulub axırda təngə gələcək,
Züyçü zurnaçıya züy tutmağından.
Özgənin dərdinə biganələrdən,
Hələ də mərhəmət umur adamlar.
İnsanlar hələ də elə bilir ki,
Bizi qurtaracaq Sahib-zaman var…
Şəbi-yelda
“Hicran ömrü” kitabının müəllifi Teymur Kərimliyə
Ən uzun gecə bitir,
Dan qisasa başlayır.
Zülmət şəfəqdə itir,
Anbaan yavaşlayır…
İnsan üçün liman yox,
Sahil yox zaman üçün.
Şəbi-yelda şamını,
Əridir insan üçün…
Saat təqvim günün,
Dilimlənmiş zamanı.
Təqvim ömür yolunun,
Zamanda donmuş anı…
Hər bir “Hicran ömrü”nün,
Öz uzun gecəsi var.
Şəbi-yeldadan özgə,
Təqvim günündən kənar…
Zaman həyatımızın,
Ən kəskin qılıncıdır.
“Hər dəqiqə yaralar,
Öldürən sonuncudur”…
İkinci bahar
İkinci bahar –
Ömrün yalançı mövsümüdür…
Qışın oğlan çağı boy verən,
Novruzgülü, qardələn,
Yazın yalançısı olduğu kimi!
İkinci bahar –
Yalançı ümiddir…
İdmandakı ikinci nəfəs kimi.
Açıldı deyərkən, nəfəs itir,
Yarış bitir!
İkinci bahar –
Aldatmadır, təsəllidir…
Ölüyə verilən yas məclisi kimi.
İnsanlar əllərini açıb göyə,
Ölənin yerinə özləri deyil deyə,
Dua edərlər astadan…
İkinci bahar –
İkinci fürsət kimidir…
Yaxaladığın anda qaçar.
Dəyməz kədərlənməyə
Ölümsüz sevgini dadanlar var,
Ölümsüz aşiq necə, görmüsən?!
Oğlumla söhbət
Giley etməsən də heç zaman mənə,
Oğlum, görürəm ki, çox narahatsan.
Yəqin düşünürsən öz sevdiyinə,
Bir kərə sevirəm deməzmi insan.
Haqlısan, fərqliyəm başqalarından,
Fərqlidir övlada baxışlarımız.
Biri qucaqlayır, biri can deyir,
Mən isə sevirəm səssiz-sədasız…
Bu elə sevgi ki, içimdə gizli,
Görülməz baxmaqla, tutulmaz əllə.
Bu elə bir duyğu ki, bəsirət gözlü,
Yalnız yaşanılır, deyilməz dillə.
Mən ata sevgisi görmədim, oğlum,
Bilim necə gəlir bu sevgi dilə.
Ana şəfqəti də dadmadım, oğlum,
Bu hissin tamını, duzunu biləm.
“Bacın sənə qurban” deyən olmayıb,
Xaladan, əmidən, dayıdan kəməm.
Bir nənə, bir bibi, üç qardaşımdan,
Qeyrisi olmayıb kimim-kimsənəm.
Bir az bunun üçün məsafəliyəm,
Axı səndən başqa bacıların var.
Qorxuram mənsizlik anı gələndə,
Təkliyin gözünü bir az qorxudar.
Madam ayrılığın yoxdu çarəsi,
İndidən özünü təkliyə öyrət.
Unutma, evimin kişi balası,
Anan, bacıların sənə əmanət!
Azadlıq və məhəbbət
Azadlıq sevgiylə üz-üzə gəldi…
Elə o anda da yox oldu, bitdi.
Ayağı büdrədi, kəm gözə gəldi,
Əridi sevgidə, kimliyi itdi.
Sevgi sarayının elçi daşında,
Azadlıq qolları qandallı quldur.
Hürriyyət sevdanın özü deyildir,
Ona qovuşmaqçün gedilən yoldur.
Azadlıq və sevgi xələf-sələfdir,
Günəşlə ay kimi ömrü tən bölür.
Tək-tək ikisi də gözəldir, ancaq
Biri doğulanda, o biri ölür…
Fərqi yox
Bir taleyin oyununda cütlənmiş zərik…
(Məmməd Araz)
Əgər arzun uca dağlar deyilsə,
Ya qartal ol, ya dolaşa – fərqi yox…
Torpaq girov, qız-gəlinin əsirsə,
Ya ölgünən, ya da yaşa – fərqi yox…
Dadbilməzə ya şor, ya bal – dadı bir,
Dilbilməzə doğması bir, yadı bir,
Nankorluğun, namərdliyin adı bir,
Ya dolaylı, ya birbaşa – fərqi yox…
İstər danış, istər lal-kar dayan, dur,
İstər vaxtı yaxalayıb dayandır,
İnsan ömrü uduzulmuş oyundur,
Ya həp yek at, ya şeş qoşa – fərqi yox…