Aynur Mirhəsən
O, indiki zamanı tanımaq da istəmir. Yalnız keçmişi və gələcəyi düşünür. Keçmiş, daha çox da peşmançılıqlar əzir, ağladır, incidir. Gələcək isə ümid verir, güldürür, xoş günlər vəd edir.
Xatirələr, xəyallar aləmindədir. Birindən çıxıb o birinə qonaq olur. Reallıq onun deyil, cismən var – yeyir, gəzir, danışır… Feilin bütün hərəkət formalarında olsa da, indinin deyil. Onun indiki zamana məxsusluğu ölüb. O, indiki zamanda ruhən itib, yalnız iki zamana aiddir – keçmişə və gələcəyə… Bu iki zaman arasında mübarizə aparır. Hansı istiqamətə üz tutmalıdır – onu ağrıdan, sızladan keçmişə, yoxsa ümid dolu gələcəyə?
Zaman. Nədir insan həyatı üçün zaman? Süni insan yarada bilən bəni-adəm süni zaman yaratmaq qarşısında niyə acizdir?
Adəm övladı, niyə yarada bilmirsən ZAMANı? Niyə filmlərdə əks elətdirdiyin, böyük-böyük kitablarda qələmə aldığın keçmişə dönmək, yaxud gələcəyə getmək ixtirasını reallığa çevirə bilmirsən?
Çox əlləşmə, adam balası, heç çevirə də bilməzsən… Özünə güvənmə çox! Çünki Allah deyilsən! Bunu yalnız o edə bilər! Amma eləmir.
Eləmir?! Niyə? Hə, çox maraqlıdır, bəs niyə eləmir? Niyə bəşəriyyət boyu elə bir insan olmayıb ki, istədiyi an geri qayıdıb keçmişdəki səhvini düzəltsin, yaxud gələcəyə gedib onu nə gözlədiyini bilsin. Olmayıb belə fakt, kitabda yazılanlar sadəcə fantaziya, bəşər övladının təxəyyülünün məhsuludur.
Bəlkə Allahın zamana heç gücü çatmır? Nədir axı bu ZAMAN? Niyə Yaponiyada gün çıxanda Avropada hələ gecə olur? Qoxusu olmayan, dadı bilinməyən, əllə tutulmayan, hər şeydən güclü ZAMAN nədir – bəlkə də KİMdir – hökmranlıq edir? İnsan iradəsindən kənar olan bu vaxt, saat, dəqiqə, saniyə anlamı niyə bu qədər əzazildir, Allah bəndəsinə qənimdir? Bəlkə elə Allahı da ZAMAN idarə edir? Allahı da bəlkə o yaradıb? İnsana Allahın deyil, zamanın mərhəməti lazımmış…
Bəzən hansısa lentə baxırıq. Bu lent yazısının da məcazi mənada bəlli bir zamanı – vaxtı olur. Tutaq ki, lent yazısı üç saatlıqdır. Lent fırlandıqca zaman da keçir, insanlar hərəkət edir, hadisələr bir-birini qabaqlayır, belə deyək, bir neçə kəsin ömrü yaşanır, proseslər bir-birini əvəz edir, eynən real həyatda olduğu kimi. Fərq ondadır ki, bu lent yazısını kimsə düyməni basıb dayandıra, yaxud irəli-geri apara bilər. Böyük anlamda bunu bəşəriyyətə tətbiq eləmək olmaz məgər? Tətbiq edilmir. Söhbət böyük yaradanın buna gücünün çatıb-çatmamasından getmir, sadəcə ona görə bunu eləmək mümkün deyil ki, indiki zaman mövcud deyil.
Alimlər səhv edib feilin zamanlarının üç olduğunu deyəndə. Bu məsələyə bir də baxmaq lazımdır. İndiki zaman yalnız süni yolla yaradıla bilər, hansısa filmin ekranda donub qalan kadrı kimi. Reallıqda isə heç bir an donub qalmır. Yeriyirik, danışırıq, gülürük, hərəkət birindən o birinə keçib dəyişir, hərəkət öz içində də dəyişir: gülüş başlayır, güclənir, bir az keçir, zəifləyir və dayanır. Ən başlıcası isə zaman dəyişir, vaxt gedir. Allah hələ heç bir anı dondurmayıb. Ona görə də indiki zaman mövcud deyil!
Ötən hər saniyə keçmişə, gələn hər saniyə gələcəyə məxsusdur. Şair çox pis deyib: ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. İnanmıram. Ötən geri qayıtmır. Gəlin gələcəyimizi qurban verməyək.
İndiki zaman olsa-olsa yalnız bir andır – heç saniyə, saniyənin yüzdə biri, mində biri də deyil. O, bir hərəkətin başlanğıcıyla sonunun, uzaqbaşı kəsişdiyi nöqtə ola bilər. Başlanğıc keçmiş, son gələcəkdir.
Son həmişə başlanğıcdan güclü olub.
El misalıdır, Allah axırını xeyrə calasın!
Amin!
24 avqust 2009-cu il, Mediaforum.az
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.