Aynur Mirhəsən
Adsız heç nə olmur. Canlı-cansız – hər kəsin, hər şeyin öz adı var. Hətta gözlə görünməyən, əllə toxunulmayan hisslərimizin belə. Adsız nəsə ortaya çıxanda qorxu, həyəcan saçır. Adsızlığın hər sifəti ola bilər…
Adsızlıq müəmma göstəricisidir. Adsız xəstəlik ən əvvəl bəla qorxusuna görə yox, məhz müəmma olduğuna görə təhlükəlidir. Ona görə hardasa adı bilinməyən xəstəlik yayılanda həmin ərazini “qadağa zonası” elan edirlər. Yalnız xəstəliyin nə bəla olduğu bilindikdən, o, müəmma çərçivəsindən çıxdıqdan, alimlər ona ad qoyduqdan sonra təhlükə ikinci mərhələyə keçir. Adı, hədəfi bəlli olan xəstəliklə çarpışmağa başlayırlar. Belədə mübarizə aparmaq asandır.
Adsızlıq yaddaşsızlıq yaradır. Kompüterdə açdığımız sənədlərə ad verməsək, texnika onu yaddaşına salmır. Qəfil işıq sönsə, adı olmayan fayllar elə amansızlıqla yoxa çıxar ki… Ya da adsız fayldan çıxmaq istəyəndə kompüter “yaddaşa ver” əmrinə əməl olunmasını tələb edir. Ad qoymasan, nə illah eləsən, səhifə bağlanmır.
İnsana da ad qoyulur – kimliyi bilinsin, çağıranda hay versin. Adsız insan olmur.
Bəs ad insanın taleyində necə rol oynayır? Adın insan həyatında rolu nə dərəcədədir? Bunun cavabı hələ tapılmayıb. Məncə, heç tapmaq da mümkün deyil. Bəzən adı Sevinc olan adam əzizlərinə o qədər kədər, məşəqqət gətirir. Yaxud adı Vəfa olan vəfasızlığıyla sağalmaz zərbə vurur. Əks nümunələr də çəkmək olar: Hicrana vüsal, Ehsana şadyanalıq, Həsrətə birlik nəsib ola bilər.
Körpəyə insanlar ad verir, Allahın yazdığı taleyin sayəsində isə o, tarixin yaddaşına düşür. Qismətə düşən tale adaşları bir-birindən fərqləndirir. Tarixdə çox Məhəmməd olub. Amma Məhəmməd peyğəmbər təkdir. O yalnız öz peyğəmbərliyi ilə, Allahın ona bəxş etdiyi lütfün sayəsində tarixin yaddaşına düşüb. Buna bənzər çox fakt, nümunə gətirmək olar.
Bir ada görə taleyi dəyişmək, yaxud bir insan taleyinə görə ondan imtina nə dərəcədə mümkündür?
Mümkünmüş… Bu həyatda hər şey mümkünmüş… Hətta dövr nə qədər dəyişsə də, insanlar nə qədər müasirləşsə də, ada, taleyə yanaşma olduğu kimi qalırmış…
“20 il tanıdığım, duz-çörək kəsdiyim adamlar məndən üz döndərdi, əlaqələri tamam kəsdi”. Bunu həbsdə yatan jurnalist Eynulla Fətullayevin atası Emin müəllim deyir.
Oğlundan xəbər olanda, yaxud həbsxanaya gedib onunla görüşəndən sonra bizə – redaksiyaya gəlir. Dağ boyda kişi utana-utana, çəkinə-çəkinə qapına açıb: “Olar?” – icazə istəyir. Hər dəfə də “Vallah, sizə yaman əziyyət verirəm, xəcalət çəkirəm” deməklə elə bil düşdüyü vəziyyətə görə özü günahkarmış kimi üzr istəyir. Oğlu həbs olunduqdan sonra illərlə dostluq elədiyi insanların ondan imtina etdiyini də belə gəlişlərin birində demişdi.
Atadır, imtinalara, çətinliklərə baxmır, Güzdəyin tozlu-torpaqlı yollarını ölçməkdən, oğlunun müdafiəsi üçün səfirliklər qapısı döyməkdən, qəzet-jurnala məlumat ötürməkdən usanmır, yorulmur.
Başqa bir ata isə oğlundan imtina edir. Yarımçıq ömürlərin, tar-mar olmuş talelərin, yıxılan evlərin müəllifi Fərda Qədirovun atası Əsəd kişi oğlunun meyitinə yiyə durmadı. “O adda oğlum yoxdur ki, aparıb basdırım” dedi.
Zənnimcə, hansısa addan imtina etmək iqtidarında olan şəxs heç olmasa imtina elədiyinin əks qütbündə durmağı bacarmalı, imtina etdiyinin nə dərəcədə aşağıda, özünün isə yuxarıda durduğuna əmin olmalıdır. Ən əsası, nədən – addan, yoxsa taledən imtina elədiyinin fərqinə varmalıdır.
Babək düşmənə əsir düşən oğlundan imtina edir. Oğlunun hansısa bir günahına, satqınlığına görə yox, acizliyinə, döyüş yoldaşları ilə ölmədiyinə görə, həm də oğlu hələ diriykən imtina edir. Məhz buna görə, eyni zamanda azadlıq mübarizəsinin başında – yüksəkdə dayandığına görə Babəkə haqq qazandırmaya bilmirsən.
Əsəd kişi isə Fərdanın adından deyil, Allahın oğluna bəxş elədiyi taledən, həm də öləndən sonra imtina elədi. Əsəd kişi nədən imtina etdiyinin fərqində idimi? Bəs o, oğlundan Babək kimi imtina edə biləcək qütbdə durmağı bacarırmı? O, ömrünün sonuna qədər Allahın qismətindən, tale yazısından – “Fərdanın atası” olmaq qismətindən imtina edə biləcəkmi? Onun bir Fərda kimi yetişməsinin məsuliyyətindən qurtulmaq mümkün olacaqmı? Ən əsası – övladının sahibsiz kimi torpağa tapşırılmasının əzab yükünü nə qədər çəkəcək?
Adsızlıq həm də sahibsizlikdir.
21 may 2009-cu il, Mediaforum.az
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.