Aynur Mirhəsən
O özünə bir ev tikdi. Nə qapısı vardı, nə pəncərəsi.
O özünə bir ev tikdi. Nə tavanı vardı, nə döşəməsi.
O özünə bir ev tikdi. Nə damı vardı, nə bacası.
O özünə bir ev tikdi. Divarları suvaqsız, rəngsiz.
Bəs o nə tikmişdi?
***
Bənna elə ev qurmağı düşünmüşdü ki, indiyə qədər elə tikili olmayıb. Heç yerə tərpənmədən, bir nöqtədə dayanıb, öz dövrəsində hərlənə-hərlənə tikəcəkdi bu evi.
Evin EV olacağı bünövrəsindən bilinirdi. Təməli çox dərindən başlamışdı. İşə ürəklə girişmişdi. Yaxşı olacağına inanırdı. Möhkəm bünövrələr üzərində çox belə bina tikilmişdi axı. Əsrlərin o tayından boylanan abidələri yada salırdı. Düşünürdü gör ətrafda nə qədər zəlzələyə, uçquna duruş gətirmiş, nə qədər davadan salamat çıxmış bina var. Evin göyə dirənəcəyini, yüz illər boyu yaşayacağını güman edirdi. Sevinirdi…
***
Sevinirdi deyə səhvlərə yol verdi. Daşı daş üstə qoyanda nələrisə düz seçmədi. Yaxşını pisdən, düzü əyridən ayıra bilmədi. Öz hisslərini də daşa-quma qarışdırdı. Çox məsləhət verdilər, amma heç kimin dediyinə baxmadı, bildiyini elədi.
Bina qalxdıqca bənna düşüncələrini də tikirdi, arzularını divara hörürdü. Belə bir ev ucalırdı…
Daşlar arasında sıxılan düşüncələr yorulmuş, əzgin, üzülmüş görünürdü. Can verən adam kimi. Arzular da hörgü kimi bərkimiş, quruyub qaxaca dönmüşdü. Ümidlər su kimi axıb gedirdi, saxlamaq mümkün olmurdu. Hörgünün dadını-şirəsini götürüb aparırdı.
Bənnanın həyəcanı divarlara da hopmuşdu deyə hərdən titrəyir, ən xəfif mehdən əsim-əsim əsirdi. Amma hörgüyə bənnanın hissləri də qatıldığından ev qəribə, əsrarəngiz naxışlara qərq olmuşdu. Bu naxışlara o qədər vurulmuşdu ki, qurduğu evin tayı-bərabəri olmadığını deyirdi. Tikili onu bənzərsiz duyğuların ağuşunda yırğalayırdı. Beşikdə yırğalanan bala kimi qayğısızıydı…
***
Vurğunluq bənnanın ağlını başından almışdı. Eyni nöqtədən ayrılmadan, öz dövrəsində hərlənə-hərlənə çox şeyin fərqində olmamışdı. Bir zamanlardakı inamın yoxa çıxdığını, evin bünövrəsinə çat düşdüyünü duya bilməmişdi.
İnamsızlıq özü ilə qadağalar da gətirmişdi. “Olmaz, olmaz” dilindən düşmürdü.
Bir gün isə… Tikdiyi evə qapı-pəncərə qoymadığını sezdi. Elə bil indi görürdü. Əvvəl-əvvəl köks ötürsə də, az sonra qadağa hissi yenə ona güc gəldi: “Yaxşı ki, qapı-pəncərəsi yoxdur”. Düşünürdü ki, birdən kimsə onun evinin içinə baxar, necə xoşbəxt olduğunu görər, ev-eşik nəzərlənər.
Hərdən ürəyindəki bu hisslə davaya qalxsa, onu özündən kənar eləmək istəsə də, mümkün olmurdu. Sonun pis olacağını da bilirdi. Amma özüylə bacarmırdı.
***
Ev tamamlandıqca bənnanın iztirabları da artırdı. Tikiliylə birlikdə qoyduğu qadağalar da böyüyürdü. Bünövrədəki çat da…
Bənna baş sındıra-sındıra qalmışdı – evinin tavanı, döşəməsi olsunmu? Yox, lazım deyil, bu evə kim gələsidir ki, hələ bir döşəmə də qoysun. Heç tavan da lazım deyil, qoy evi gün işığı tutsun, yağış damcıları döysün. Birdən kimsə gəlib onun evində qalmaq istəyər. Döşəməsiz, tavansız evdə qonaq başını gündən-yağışdan qoruya bilməyib qaçacaq.
Birdən yadına düşdü ki, evin heç qapı-pəncərəsi də yoxdur, qonaq hardan girəsidir bu evə… Amma “ehtiyat igidin yaraşığıdır” deyib evi döşəməsiz, tavansız tikməkdə davam elədi. Bünövrənin çatı isə boy atırdı…
***
Evin damının-bacasının qoyulma vaxtı çatdı. Bənnanın yenə də qadağa damarı tutdu. Nuh dedi, peyğəmbər demədi. Nə dam, nə baca? Kimsə onun damını, bacasından çıxan tüstünü görsün, desin ki, bənnanın evində qazan asılıb, ona həsəd aparsın? Olmaz ki, olmaz…
Olmaz, olmaz və… bünövrədəki çat üzə çıxdı. Bənna da gördü. İnamının yoxa çıxdığını da elə onda hiss elədi. Otaqlara suvaq, rəng çəkmək həvəsi də beləcə öldü.
Nəhayət, bənna indiyə qədər dayandığı nöqtədən tərpəndi. Kənara çəkildi. O boyda evin əcaib-qəraib bir koma olduğunu gördü. İllərin əziyyətini çəkməsi, hisslərinin həmişə ağlına güc gəlməsi onu yaman yandırdı…
Düşünürdü onun tikdiyi nəydi, o nəyə əziyyət çəkmişdi – qapısız, pəncərəsiz, döşəməsiz, tavansız, damsız, bacasız, suvaqsız, rəngsiz – qadağalarla dolu bu ev kimə lazımdır?
O, içini didən qadağa hissinə lənət eləyə-eləyə başını bulayıb… getdi.
Bənna arxaya baxmadı. Baxsaydı, çatın artıq ev boyda olduğunu görərdi…
14 may 2009-cu il, Mediaforum.az
Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.