Aləmdə Nəsib
Avtobusdan enəndə yolumu gözləyirmiş kimi üzümə gülümsəyən yad kişi ilə qarşılaşıram. Əhəmiyyət vermədən yoluma davam edirəm ki:
– Xanım, ay xanım! – səs eşidirəm.
Zənn edirəm məndən sonra avtobusdan enən olub, yəqin onunladır. Gödəkcəmin papağını başıma atıb bir-iki addım evə tərəf addımlayıram ki, “xanım” səslənişinin məni izlədiyini hiss edib, geri çevrilirəm.
– Siz jurnalistsiniz?
– Sizə nə lazımdır? – təəccüblə soruşuram.
Adam mənim jurnalist olub-olmadığımı dəqiqləşdirmək üçün sualı o yan-bu yana çevirir. İsrarla kim olduğunu soruşanda indicə avtobusdan endiyim marşrut xəttinin sahibi olduğunu deyir. Bir az da israrlı və sərt şəkildə:
– Adınız, soyadınız nədir? – soruşuram.
– Sənan Səlimovam, 204 nömrəli marşrut xəttinin sahibi.
– Bəs deyirlər bu xəttin sahibi bir xanımdır. Hətta eşitmişəm şəhid anasıdır. Sərnişinlər həmişə gileylənirlər ki, şəhid anası olduğuna görə ona təsir edə bilmirlər, elə bu səbəbdən də 204-ün problemləri uzun illərdir olduğu kimi qalır.
– Yox, yol mənim adımadır.
– Lap yaxşı, bəs mənim jurnalist olub-olmadığım sizi niyə maraqlandırır?
Şər qarışan vaxtdır, hava da soyuq. Bu qarşılaşma heç ürəyimi açmır. Mobil telefonumda səsyazanı işə saldığımdan duyuq düşən adam cərəyan vurmuş kimi yerində dik atılır.
– Səs yazırsınız, eləmi? Belə olmadı ki… Mən sizə səmimi yanaşmışam. Bacı deyə müraciət edirəm.
– Yox, siz elə bilin telefon yazmır. Buyurun, sözünüzü deyin.
– Belə olmadı ki, onu söndürün.
Narahat olmağa əsas olmadığını bildirirəm. Halbuki özünü xoşniyyətli birisi kimi təqdim edən sahibkar gərək səs yazısından narahat olmasın.
Söhbətimizə davam edirik. Elə bu əsnada iki “Jiquli” maşın qarşı-qarşıya gələrək, bizlə üzbəüz, yolun o biri tərəfində dayanır. İçərisindən düşənlərin siması tanış gəlir. Elə həmin marşrutun sürücüləridir. (Daha sonra videolara baxanda məlum olur ki, elə sərnişinlərin həyatını təhlükəyə atan sürücü kimi videosu yayılan adamlardır). Daha iki nəfər də uzaqdan bizi izləyir. Biz isə söhbətə davam edirik.
– Bacı, bilirsiniz, neçə gündür ki, bizim marşrut haqda silsilə xəbərlər paylaşılır. Sürücümüzü siqaret çəkəndə, telefonla danışanda, çay içəndə videoya çəkib filan saytda yayırlar.
– Xəbərin altında müəllifin imzası olur. Kimin adı yazılıb?
– Bilmirəm, filanov filankəsdir. Amma mən görüntülərə baxmışam, incələmişəm, çəkilişi aparan xanım əlidir.
– Bəs mən elə bilirdim sizin avtobuslardakı kameraları toz basıb, işləmir. – Kinayə ilə deyirəm.
– Yox, nə danışırsınız, hamısı işləyir.
– O zaman həmin sürücülər haqda niyə özünüz tədbir görmürsünüz?
– Görürük, özümüz də cəzalandırırıq.
– Görünür, indiyəcən yaxşı nəzarət etməmisiniz. Mən də deyirəm, nə əcəb son bir həftədir 204 normal işləyir. Deməli, video yayılıb. Hər kimdirsə, görünür, yazan jurnalist yaxşı yazıb.
– Xeyr, daim diqqətimizdədir. Sizi narahat edirəmsə, üzrlü sayın. Mənə dedilər ki, bəs bizim marşrutla gəlib-gedən belə bir xanım var, jurnalistdir. Bizi saytda yayan da odur. Mən də öyrənmək istəyirəm ki, bəlkə hansısa sürücü sizə qarşı kobudluq göstərib, ona görə qəsd-qərəzlik edib yazırsınız. Bunu dəqiqləşdirməyə çalışıram.
– Sizə axı kim deyib ki, mən jurnalistəm? Axı alnımda “mən jurnalistəm” yazısı ilə gəzmirəm.
– Mən də neçə vaxtdır araşdırıram. – Və qarışıq bir neçə cümlə deyir.
– Bu hərəkətiniz heç yaxşı deyil. Deməli, məni izləmisiniz. Halbuki həmin saytla əlaqə saxlaya, jurnalistlə danışa bilərdiniz. Görüntülərdən videonu çəkənin xanım olduğunu ehtimal edib məni izləməyiniz və araşdırmağınız yolverilməzdir.
Təxminən 30 dəqiqəlik söhbətimizdə dəfələrlə məni kimin işarə verdiyini öyrənməyə çalışsam da, konkret cavab ala bilmədim. Nəticədə isə bəlli oldu ki, məni uzun müddətdir izləyirlərmiş. Evə gəldiyim vaxtı müəyyənləşdirib, hansı avtobusda olduğumu xəbərləşərək qarşıma çıxıb sorğu-suala çəkmək cəsarəti tapıblar. Avtobusdan endiyimdə tanış adam kimi üzümə gülümsəyərək nəzakət maskası altında yad adamın “Siz jurnalistsiniz” sualı ilə yanaşmasını təqibdən əlavə, həm də təzyiq hesab etmək olar. Çünki iş-güc sahibi bəlli problemin həlli istiqamətində sürücüləri ilə iş aparmaq əvəzinə yol kənarında məni gözləyir, araşdırdığını və izlədiyin deyir.
Bəs məqsəd nədir? Özü dediyi kimi sürücüsünün ciddi səhvi, kobudluğu olubsa, buna görə onun adından üzr istəmək, yoxsa?..
Hər bir halda, ümumi situasiyadan da məlum olduğu kimi, bu cür ayağa getmə halları xoş təəssürat bağışlamır. Marşrut xətləri üzrə müvəqqəti idarəetmə səlahiyyəti qazanmış hər bir sahibkar sözdə yox, əməldə sərnişinləri üçün çalışmalıdır. Əks halda sosial şəbəkədə də videoları yayılacaq, lap elə xəbər saytlarında da. Dövr əvvəlki deyil, indi mobil telefonu olan hər kəs anındaca istənilən informasiyanı yaymaq imkanına malikdir. Və bir çox yerdə olduğu kimi ictimai nəqliyyatda da çəkiliş qadağası yoxdur. Buna görə nə kimisə qınamaq, nə də başqa cür qısnamağa cəhd etmək yolverilməzdir.
…Evə məndən beş dəqiqə sonra gələn bacım isə qapıdan girər-girməz məni soruşur. Sən demə, sahibkarla söhbətimizin səsi-sorağı bütün marşrut xəttinə yayılıb. Danışırlarmış ki, marşrutdakı sürücüləri çəkib yayan jurnalistlə məktəbin yanında “razborka” gedir.