Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.
Aynur Mirhəsən
Dünyanın tərsinə dövran elədiyi vaxt çatdı. Uşaqlar qocalmış, qamətləri bükülmüş, saçları ağarmış, sifətləri qırışmış doğuldular.
Dünyaya hazır gəlmişdilər. Allah onları kimin kim olduğunu bilmək, olub-keçəni bir-birindən ayırmaq gücündə xəlq eləmişdi. Hələ dünyanı tanımasalar da, dünyaya xoşbəxt gəlmişdilər.
Doğulanda heç ağlamamışdılar da. Gülə-gülə gəlmişdilər. Onlar üçün son… başlanğıc olmuşdu.
***
Eyni gündə bir insan da doğulmuşdu. Balaca, lap əl boyda balaca. Gəlişiylə göz yaşı sel kimi axmış, aləmi ağlamaq bürümüşdü. Hamı məəttəl qalmışdı. Ahıl uşaqlar onu qucaqlarına alıb maraqla baxır, özləri ilə tutuşdurmaq istəyirdilər. Necə olur ki, onlar bu qədər yekə, başları ağarmış, qamətləri bükülmüş, sifətləri qırışmış idilər, amma bu insancığaz onlara bənzəmirdi – boyu bir qırıq, sifəti hamar, saçları qapqara. Bir kəlmə də danışa bilmir, məlul-məlul, gözü nəmli hamını seyr edirdi.
***
Uşaqlar böyüyürdülər…
Ahıl uşaqlar böyüdükcə cavanlaşırdılar – saç qaralır, qədd dikəlir, qırışlar yoxa çıxırdı. Amma ağılları azalırdı. Yaddaşları zəifləyirdi. Hissiyyatlarını itirirdilər. Heç nəyin, heç kəsin qayğısına qalmır, halını soruşmur, dərdinə şərik çıxmır, anlaqsız həyat keçirirdilər. Vaxtilə sevgidən, eşqdən vəcdə gələn, vəfasızlıqdan, xəyanətdən dad diləyən, ölüm-itimin, müharibənin ağrılarını çəkən ahıl, müdrik uşaqlar cavanlaşdıqca bu hissləri də geridə buraxırdılar.
Hissiyyatlarını itirmiş ahıl uşaqlar dərdi küləyin gətirdiyi sərin meh kimi qəbul edirdilər. Onun havasından xumarlanırdılar. Dünyanın kədərsiz pəncərəsi açılmışdı. Qəm dolu ev hər gün bir kərpic kiçilirdi. Onlar dərdlərini ağlaya-ağlaya yox, gülə-gülə unudurdular.
O biri uşaq isə böyüdükcə kamilləşirdi. Həyat ətrafdakıları güldürdükcə o ağlayırdı. Sevgi, xəyanət, xəstəlik, ölüm, ayrılıq – hər şey bir dərdə çevrilib onu yaxalamışdı. Bir dərdin üzüldüyü yer başqa bir dərdin başlanğıcı olmuşdu.
Vədə ona çatdı ki, ahıl uşaqlar qocalıb lap körpələşdilər. Danışa, hətta nə yemək istədiklərini belə dilə gətirə bilmədilər. Dünyaya körpə gəlmiş adamsa çoxdan dərd əlindən qocalmış, saç-saqqalı ağarmış, beli bükülmüşdü. Amma sifəti o qədər nurlanmışdı ki, gecənin qaranlığında da nur saçırdı. Allah qədər müdrikləşmişdi. Onu belə edən DƏRD idi.
***
Ölüm, bu dünyadan köç etmək anı gəldi – bu zaman dünyanı ağlamaq səsi bürüdü. Bu dəfə körpələşən ahıl uşaqlar yaş axıdırdı. İndiyə qədər dünya belə ağı görməmişdi. Can verən anda Allah onların hissiyyatını özlərinə qaytarmışdı. Onlar bu dünyadan bədbəxt getdiklərini – özlərini dərd yükündən azad etməklə nələrdən məhrum olduqlarını anlayıb ağlaşma qurmuşdular. Ömür boyu gülənlər son anda necə də ağlayırdılar… Onlar bədbəxt idilər…
***
Minlərin ağlamaq səsini bir nəfərin – müdrikləşən körpənin gülüş səsi tamam batırdı. Qoca, beli bükülmüş, saçları dümağ olan bu müdrik ölüm ayağında gülürdü… İlk dəfə gülürdü. Onun qəhqəhəsi xoşbəxtliyin zirvəsinə çatmağın xəbərçisi idi. Xoşbəxt idi…
Çünki o, ölüm anında belə DƏRDlə birgə idi. O, dünyanı DƏRD yükü ilə birgə, gülə-gülə tərk edirdi.
O, DƏRDi özünə dərd eləməmişdi, DƏRDi özünə yük eləmişdi.
DƏRD çəkmək gücü onu kamil eləmişdi.
Hər dərddən özünə dərs götürmüşdü, ibrət almışdı.
Ona görə xoşbəxt idi…
1 may 2009-cu il, Mediaforum.az