Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.
Aynur Mirhəsən
Ölüm yaşanacaq bir andır, hadisədir. O an yaşanır.
Hər kəs öz ölümünü yaşayacaq, mən sənin, sən mənim ölümümü yaşaya bilməzsən. Yəni heç kəs deyə bilməz ki, sən ölmə, qoy mən sənin əvəzinə ölüm. Bunu hansısa bədii obraza salmaq olar, yaxud cavan balasını itirmiş ana, vəfalı həyat yoldaşı belə deyə bilər. Amma reallığa çevirmək qeyri-mümkündür.
Hətta burada “qeyri-mümkün” ifadəsi də öz gücündə, öz vəzifə və funksiyasını yerinə yetirmək iqtidarında deyil. Fərizə İlhamın ölümünə dayana bilməyib intihar etdi, amma İlhamın ölümünü yaşamadı, Fərizə öz ölümünü yaşadı.
İnsan yaşamağa, doğulandan ölüm gününə qədər bu yolu keçməyə məhkumdur. Bu həqiqəti təkrar etmək elə də vacib deyil, amma həqiqət olduğuna görə hər kəs onu tez-tez təkrarlayır. Ata, ana, bacı, qardaş, ər, arvad, övlad… bu silsilə ilə insanlar öz izlərini, öz ləpirlərini yaratmaqla bir-birlərini əvəz edir, bir-birləri ilə daim ünsiyyətdə ola-ola ömür sürür və həyatlarının hansısa mərhələsində bir-birlərindən ayrılırlar, ömürlük yoxa çıxırlar.
Bu itki qəlbimizdə o qədər dərin iz buraxır ki, çoxları sarsıntıdan illərlə qurtula bilmir, dərd-qəm onları için-için yeyir, tale yazısı ilə barışa bilmirlər. Fəqət…
İnsanlar nə qədər bir yerdə, cəm şəklində, məsələn, cəmiyyətdə, kollektivdə, ailədə yaşasalar da, onlar fərddirlər, təkdirlər. Bu dünyaya tək gəlib, tək də gedəcəklər. Mən də, sən də, o da. Hər hansı qəza zamanı kütləvi ölüm halları baş versə də, hər kəsin ölümü özünə aiddir, kimsə kimdən ötrü ölmür, öz həyatını, ömrünü, taleyini yaşayıb… ölür. Necə ki, kimsə kimin yerinə yaşaya bilmir…
Adəm övladı doğulduğu üçün yaşamağa məhkumdur, hər kəsin taleyi də fərdidir, ölümü fərdi olduğu kimi… İnsan öz ömrünü, ona yazılan, əvvəldən proqramlaşdırılmış həyatı da, ölümü də yaşayır.
Nədən təskinlik tapmalı? Həyatda doğma olan iki adamı ömürlük itirdikdən sonra bu həqiqəti dərk etdim: ən əvvəl ona görə ki, barışdım… ölümləri ilə, öz həyatlarını yaşayıb getmələri ilə. Daha sonra ona görə ki, onların ölümlərinin məndən başqa nə qədər adamı ağrıtdığını gördüm. Onların yaxşı insan olmalarının şahidi olmaq məni sevindirirdi… Bəlkə dəlilikdir, bəlkə eqoizmdir, bəlkə nə bilim nə… Amma mən onların ölümlərində sevinc tapmışdım, mənə təskinlik verən sevinc…
Bunu dərk etməyənə qədər “nə üçün ölmürəm” sualından rahatlıq tapa bilmirdim… onların ölümlərindən sonra yaşamağıma, nəfəs almağıma belə istehzayla baxırdım, hər şey mənasız görünürdü… Axı çox demişdim ki, onlarsız yaşaya bilməyəcəm. Bəs nə oldu, məni nə saxladı?..
Həqiqət bunlar idi: məni həyatda onların yaxşı insan olmaları və çoxlarının onların ölümlərinə belə həsəd aparmaları saxladı. Bu, TƏSKİNLİYƏ bürünmüş SEVİNC idi. Mən bir canlının doğum həqiqətini dərk etdiyim kimi əzizlərimin ölümlərini də qəbul etmək reallığı ilə üz-üzə idim.
Gördüm ki, atam-anam mənə nə qədər əzizdirsə, bacıma, qardaşıma, xalama, bibimə, əmimə, qonşulara, qohumlarıma, hətta tanımadığım adamlara da o qədər əzizdir. Mən elə bilirdim ki, ata-anamı ən çox mən istəyirəm, amma bu istək bu küllün istəkləri içində itib-batmışdı. Bu, itirdiklərimin yaxşı insan olmaları demək idi.
Onlar bu yaxşı olmanı necə qazanmışdılar? Qəribə məntiq olsa da, belə düşünürəm: hər hansı bir fərdin ölümünə yana-yana insan YAXŞI olur, hər bir itirilən adama görə, – onun pis, yaxud yaxşı adam olmasına baxmayaraq, – ölümə ürəkdən yanmaq həyatını davam etdirən adama mənəvi güc verir. Aydın məsələdir, pis adamın kimdən ötrüsə yandığını görmək olarmı? Çox nadir hallarda…
Qəribədir, insan öz ölümü ilə başqasına yaxşılıq balı qazandırır.
Deyirlər ərlə arvadın torpağı bir yerdən götürülür. Birgə qurulan ailə həyatı 99 faiz bir yerdə başa çatmır. Ya ər, ya arvad həyat yoldaşından sonra dul qalır. Yaş fərqinə baxmayaraq. Çox nadir hallarda ər-arvad vəfatı arasında qısa vaxt olur, ya da birgə dünyalarını dəyişirlər.
Xatırlayıram, orta məktəbdə ədəbiyyat müəllimimiz Rəsul Rza yaradıcılığından danışarkən həyat yoldaşı Nigar xanımla şairin vəfatı arasında qısa vaxt çəkdiyini demiş, bunu böyük məhəbbət adlandırmışdı.
Buna oxşar fakt yaşadığım məhəllədə olmuşdu, qonşu qadın ərinin vəfatından yarım il sonra dünyasını dəyişmişdi.
Mənim əzizlərimi isə bir-birindən düz 37 gün ayırdı. Taleyin yazısı ilə… Bu ölümə dul qalan qadınların həsəd çəkdiyini – “bəxtəvərlər, öləndə də cüt öldülər…” – görmək… əvvəl bunu anlamaq, bu həsədin arxasında nələrin dayandığını başa düşmək çətin olurdu, dərindən fikirləşəndə isə… bu, 65 yaşlı anamın və 70 yaşlı atamın ölənə qədər böyük məhəbbət yaşamaları demək idi…
Həm də bu, həsəd aparılan ölüm idi…
Ölümə də həsəd aparmaq olarmış…
22 aprel 2009-cu il, Mediaforum.az