“Kaspi” dalğası
- 05 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribuna
Fevralın 3-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurası 2020-ci ilin ilk yarısı üçün qəzetlərə maliyyə yardımı göstərilməsi haqda qərar qəbul edib. Həmin qəzetlər arasında “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur (“Kaspi” azərbaycanca, “Kaspiy” rusca nəşr olunur).
Fondun qərarı birmənalı qarşılanmayıb. “Kaspi” və “Kaspiy” qəzetlərinin kollektivi, bir sıra digər jurnalistlər, ziyalılar, ədəbiyyat, incəsənət nümayəndələri fondun qərarını etirazla qarşılayıblar.
Kollektivin müraciəti
Fevralın 3-də “Kaspi” və “Kaspiy” qəzetlərinin kollektivi prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
– Hörmətli, cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində “Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib.
Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə?
Hazırda “Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır.
1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə qoyulub. Ona görə də qəzeti “Üç əsrin qəzeti” adlandırırıq. Hazırda “Kaspi” gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir.
Azərbaycan dilində nəşr olunan “Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əməkhaqqı alan kollektivi var. Bundan əlavə, qəzet 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir.
Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri “Teatr”, cümə günləri “Gənclik”, şənbə günləri isə “Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır.
Qəzetin 3 dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Kaspi.az internet resursu da onlayn fəaliyyət göstərməkdədir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış Artkaspi.az saytımız mövcuddur.
2019-cu ildə qəzet 3800 tirajla çıxıb.
Ötən illər ərzində ölkənin ən nüfuzlu qələm sahibləri “Kaspi”nin səhifələrində çap olunub.
Qəzet rəhbərliyinin təşəbbüsü ilə çoxsaylı layihələr icra olunub, “Kaspi” nəşrləri” silsiləsindən 20-dən artıq kitab çap edilib. “Kaspi”nin xətti ilə ötən əsrin əvvəllərində nəşr olunan Azərbaycan qəzetlərinin elektron arxivi Hollandiyadan alınaraq ölkəmizə gətirilib və Mirzə Fətəli Axundov adına Mərkəzi Kitabxanaya bağışlanıb.
Qəzet fəaliyyətini bərpa etdiyi gündən daim dövlətçilik maraqlarını müdafiə edib, maarifçilik missiyasını daşıyıb.
Cənab Prezident!
Qəzetimizə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə bizə heç bir məlumat verilmir.
KİVDF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur.
Kollektiv olaraq Sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız!
Təsisçinin açıqlaması
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, KİVDF-nin qərarı ədalətsiz qərardır.
O qeyd edib ki, dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan “Kaspi” qəzetləri ixtisar olunub: “Bu gün “Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi”nin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir. Hər iki qəzetin çoxsaylı kollektivi fevralın 3-də ölkə rəhbəri cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladı. Cənab İlham Əliyevin hər zaman Azərbaycan mətbuat işçilərinə qarşı yüksək qayğı və diqqət göstərdiyi hamımıza məlumdur. Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması üçün mənzillərin tikilməsi, medianın inkişafı üçün yüksək məbləğdə vəsaitin ayrılması buna sübutdur. Geniş islahatların başlandığı, dövlətin inkişafının mediada geniş təbliğ olunduğu zamanda jurnalistlərin dostu olan cənab Prezident İlham Əliyevin, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın bizim bu müraciətə müsbət cavab verəcəyinə inanırıq”.
Sona Vəliyeva deyib ki, “Kaspi” tarixi taleyi və ənənəsi olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə “Kaspi” qəzeti həm də “Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi çalışıblar: “1999-cu ildə müstəqil Azərbaycan mediasının inkişafının ilk mərhələlərində ulu öndər Heydər Əliyevə müraciətimiz onun xeyir-duası ilə cavablandı və bu qəzet öz tarixi fəaliyyətini bərpa etdi. O vaxtdan Azərbaycan dövlətçiliyinin təbliğində böyük rol oynayaraq, bu günə qədər qüsursuz və nöqsansız fəaliyyət göstərib. Qəzetin saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyətdədir. Eləcə də Artkaspi.az ədəbiyyat saytımız da var. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri “Teatr”, cümə günləri “Gənclik”, şənbə günləri “Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. “Kaspi” gündəlik rəngli formatda, həftəarası günlərdə 16 səhifə, şənbə günü isə 24 səhifə rəngli çap olunur. 2019-cu ildə qəzet 3800 tirajla çıxıb”.
Sona Vəliyeva bildirib ki, “Kaspi” qəzeti bu günə qədər Azərbaycan dövlətinin inkişafı ilə bağlı tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği mövzusunda müxtəlif layihələr həyata keçirərək, 20-dən artıq kitab çap edib: “Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır: “Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar , KİVDF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər. Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ili”ndə qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdi. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın”.
Sona Vəliyeva əminliyini ifadə edib ki, “Kaspi” qəzeti kollektivinin prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanan müraciəti müsbət həllini tapacaq.
Ədəbiyyat adamlarının etirazı
Səlim Babullaoğlu, Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair: “Kaspi” qəzetinə maliyyə yardımının ayrılmaması xəbərinə üzüldüm. Fikrimcə, bu yanlışlıq tezliklə aradan qaldırılmalıdır. “Kaspi” öz adı, yeni dövrdəki tarixi, eyni zamanda varisi olduğu qəzetin tarixi ilə Azərbaycan mətbuatının, mətbuat mədəniyyətinin rəmzlərindən biridir. Belə bir ifadə var, deyirlər ki, mədəniyyətdə ardıcıllıq, ənənə mədəniyyət subyektinin özündən vacibdir. Ona görə, mən səlahiyyətli şəxslərin bu məsələni daha düzgün qiymətləndirmələrini və qərarlarına yenidən baxmalarını istəyirəm. Mən ədəbiyyatçıyam və “Kaspi” qəzetinin bütün əlavələrini, xüsusən “Ədəbiyyat” əlavəsini, eləcə də Artkaspi.az saytını yüksək dəyərləndirirəm, onların daimi oxucusuyam. İnanıram ki, həm qəzetin bütün kollektivi, eyni zamanda “Ədəbiyyat” əlavəsinin əməkdaşları olan həmkarlarımız işsiz qalmayacaqlar, əvvəlki əzmlə dövlət, mədəniyyət naminə çalışacaqlar. İnanıram ki, jurnalistlərin böyük dostu, hörmətli prezidentimiz İlham Əliyev cənabları özü bu məsələyə müdaxilə edəcək, problem də ən yaxın zamanda öz həllini tapacaq”.
Əjdər Ol, Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun direktoru, yazıçı: “Kaspi” qəzeti bizim çox qədim tarixi, ənənələri olan bir qəzetdir. Onun nəşrinin davam etdirməsi bizim həm mətbuat tarixi baxımından, həm də apardığı fəaliyyətinin – ziyalılıq fəaliyyətinin, elmi, ədəbi, bədii, informasiya sahəsindəki fəaliyyətinin davamı kimi çox yaxşı və vacib olardı”.
Elnarə Akimova, filologiya elmləri doktoru, tənqidçi: “Bugünkü dövrdə yaxşı qəzetləri əldə saxlamaq əsas hünər istəyən işlərdən biridir. “Kaspi” qəzeti güclü ənənələri olan və bu günə qədər də həmin ənənələri saxlayan, daim dəyərli şəxsiyyətlərin yaradıcılığına diqqət ayıran, dövlətçilik təfəkkürünə son dərəcə sadiq qalan qəzetdir. Belə bir qəzetin bağlanması ədəbiyyatımız üçün də, mədəniyyətimiz üçün də, tariximiz üçün də yaxşı deyil. Ədəbiyyat sahəsində bu qədər boşluğun olduğu bir vaxtda yeni bir boşluğun açılması heç də mütərəqqi hal sayılmır”.
Əlabbas Bağırov, yazıçı: “Ədəbi aləmdə tanınmağımda bu qəzetin də rolu və xidməti olub. Eyni zamanda orda, yəni redaksiyada bir-birindən dəyərli dostlarım çalışırlar. Dolanışığın və gün-güzəranın yaradıcı insanların istəkləri ilə uyğun gəlmədiyi bir vaxtda maliyyə yardımının dayandırılması xəbəri məndə yalnız təəssüf və təəccüb hissi doğurdu. Heç olmasa bunu nəzərə almaq lazımdı ki, “Kaspi”ni kimlər, hansı kişilər bu xalqa əmanət qoyub gediblər!”
Şərif Ağayar, yazıçı: “Açığını deyim ki, mən qəzetlərdə daha çox ədəbiyyat və mədəniyyət yazılarını oxuyuram. Bircə “Kaspi”nin ədəbiyyat buraxılışı kifayət edir ki, qəzetin fəaliyyətini davam etdirməsini arzulayaq. Yaxşı bir hekayə, yaxşı bir şeir, yaxşı bir esse mənim üçün işıq deməkdir. İşığı isə sönməyə qoymayaq gərək, qaranlıqlar onsuz da çoxdur”.
Mübariz Örən, yazıçı: “Hər bir qəzetin, jurnalın bağlanmaq təhlükəsi ürək ağrıdır, xüsusən “Kaspi” kimi üç əsrlik tarixi olan qəzetin. Ümid edək ki, bu çətinlik həllini tapacaq, qəzet öz yoluna davam edəcək”.
Əkbər Qoşalı, şair-publisist: “Üç əsrlik tarixi olan “Kaspi” qəzetinin maarifçi qəzet olmasını, jurnalistikada babalarımızın yolunu, ənənələrini davam etdirməsini, habelə yeni nəsil Azərbaycan yazarlarını davamlı və keyfiyyətli şəkildə təbliğ etməsini, düşünürəm ki, bütün oxucular minnətdarlıqla qeyd edirlər. Bütün başqa məziyyətləri bir kənara qoysaq, ən azından elə bircə bu səbəbdən qəzetin fəaliyyətinin davam etdirməsi hər birimiz üçün könül arzusudur, təmənnasıdır”.
Fərqanə Mehdiyeva, “Ulduz” jurnalının şöbə müdiri, şair: “Mən uzun illərdir ki, “Kaspi” qəzetinin oxucusuyam. “Kaspi” qəzeti üç əsrdir ki, xalqa xidmət edir. Çox oxunaqlı qəzetdir, sevimli qəzetdir. Bir ədəbiyyat adamı kimi həmişə qapıları mənim də, digərlərinin də üzünə açıq olub. Qəzetin “Ədəbiyyat” əlavəsində bir-birindən maraqlı ədəbiyyat nümunələri çap olunur. Bunlar hər birimiz üçün həddindən artıq lazımlı və gərəklidir. Çox istərdim ki, dövlət belə bir qəzetdən dəstəyini əsirgəməsin. Düşünürəm ki, bu, tək mənim fikrim deyil, insanlara işıq salan bir qəzetin fəaliyyətini davam etməsini hər kəs istəyir”.
Mirmehdi Ağaoğlu, yazıçı: “Kaspi” qəzeti mənim də dəfələrlə çap olunduğum mətbu orqandır. Hər zaman onun səhifələrində bir-birindən maraqlı ədəbi materiallar oxumuşam. Düşünürəm ki, ədəbi prosesin canlanmasında “Kaspi” qəzetinin, xüsusən də onun “Ədəbiyyat” əlavəsinin, internet variantı olan Artkaspi.az saytının danılmaz rolu var. Hazırda “Kaspi” qəzetinin düşdüyü bu çətin məsələ onun həm oxucusu, həm də yazarı olaraq məni də narahat edir. İnanıram ki, bu məsələ həllini tapacaq, “Kaspi” fəaliyyətini davam etdirəcək, kimlərinsə maraqlarına qurban getməyəcək”.
Cavanşir Yusifli, tənqidçi, ədəbiyyatşünas: “Kaspi” qəzetinin biz desək də, deməsək də, böyük bir tarixi var, bu qəzetdə və bu adla işıq üzü görən elektron nəşrdə çox peşəkar, öz işini bilən səriştəli jurnalistlər çalışır. Qəzetin, xüsusilə ədəbi-mədəni siyasətinin davam etdirilməsi arzuolunandır. Fikrimcə, məsələ təkcə orda çalışan çoxsaylı jurnalistlərin işsiz qalmasında deyil, daha çox böyük tarixi olan qəzetin qapanması, ənənələrin qırılmasıdır. Hazırda qəzetdə çalışan jurnalist kollektivi onun keçmişdən üzü bəri gələn sağlam ənənələrini yeni şəraitdə düzgün qura biliblər. Bu adda jurnalistika ənənəsi olan, indi də peşəkar qəzetçilərin çalışdığı bir orqana maliyyə yardımını kəsmək, zənnimcə, düzgün deyil”.
İncəsənət nümayəndələrinin etirazı
Xalq artisti Nurəddin Mehdixanlı “Kaspi” qəzetinin fəaliyyəti dayanarsa, bunun Azərbaycan mətbuatına bir zərbə və böyük itki olacağını deyib: “Kaspi” qəzetinin fəaliyyət tarixi dünəndən başlamayıb. Üç əsr yaşı olan “Kaspi” qəzeti Azərbaycan mətbuatında uzun müddətdir ki, külüng çalır, cəmiyyətimizdə güzgü rolunu oynayır. Mətbuatın söz dünyasında, ictimai-siyasi həyatda yeri və rolu danılmazdır. Ölkə üçün mühüm işlər görən qəzetin fəaliyyətinin dayandırılmasının əleyhinəyəm. Qəzet bağlanarsa, bir millət, cəmiyyət, ən əsası da oxucu olaraq biz ancaq itirə bilərik. Heç arzu etməzdim ki, Azərbaycanda hansısa mətbuat orqanı bu və ya digər səbəbdən öz fəaliyyətini dayandırsın. Xüsusilə də Azərbaycanın ictimai-siyasi, mədəni həyatında çox aktiv və doğru-düzgün mövqeyi olan, Azərbaycan mədəniyyətini, ədəbiyyatını obyektiv şəkildə işıqlandıran bir mətbuat orqanı. “Kaspi” qəzeti Azərbaycan mətbuatının ayrılmaz bir parçasıdır. Mən artıq 8 ildir ki, bu qəzetin “Ədəbiyyat” və “Teatr” əlavəsini oxuyuram. İndi belə çıxır ki, artıq bu əlavələr də olmayacaq? Bunu təsəvvür edə bilmirəm”.
Nurəddin Mehdixanlı “Kaspi” qəzetində peşəkar kollektiv ənənələrinin formalaşdığını qeyd edib: “Ölkəmizin başçısı cənab İlham Əliyev iş yerlərinin açılması, eləcə də Azərbaycan mətbuatında azad sözün davamlılığı, ona geniş meydan verilməsi ilə bağlı kifayət qədər ciddi göstərişlərini verib. Belə bir məqamda “Kaspi” qəzetinin geniş kollektivinin işsiz qalması sual doğurur. Bunun səbəbləri nədir? Axı burda peşəkar kollektiv ənənələri formalaşıb. Bu kollektiv dünənin uşaqlarından ibarət deyil. Belə bir kollektivin işsiz qalması ehtimalı məni məyus edir. Heç xoşagələn hal deyil, mən bunu arzulamazdım. İnanıram ki, bu, baş verməyəcək. “Kaspi” qəzeti öz fəaliyyətini davam etdirəcək, mən buna inanıram. Çünki bu gün Azərbaycanın ictimai-siyasi həyatındakı şəffaflıq, açıq sözə verilən meydan, cənab İlham Əliyevin apardığı siyasət ona əsas verir ki, mətbuat yaşasın, mədəni-ədəbi həyatı işıqlandırsın. “Kaspi” qəzeti bu istiqamətdə çox ciddi işlər görür. Arzu edirəm ki, qəzet fəaliyyətini davam etdirsin”.
Xalq artisti Fidan Hacıyeva “Kaspi” qəzetinin incəsənətə, mədəniyyətə hər zaman dəyər verdiyinin şahidi olduğunu söyləyib: “Bu qəzet bizim kimi sənətkarın uğurlarını işıqlandırıb. Hər zaman doğru, dürüst, şəffaf şəkildə fəaliyyətimiz əks olunub. Eləcə də zaman-zaman “Kaspi” qəzetində gənclərin uğurlarının işıqlandırıldığının şahidi olmuşam ki, bu da istedadlı gənclərə böyük stimul verib. Bunun özü gənclərə böyük dəstəyin göstəricisidir. “Kaspi” qəzetinin çox istedadlı, peşəkar, işini bilən yaradıcı kollektivi var. Onların qələmindən çıxan yazıları oxumaq həqiqətən insana zövq verir. Qəzet mədəniyyət nümayəndələrinə daim dəstək olub. Mən “Kaspi” qəzetinin fəaliyyətini dayandırmasını istəməzdim. Ümid edirəm ki, “Kaspi” 3 əsrlik tarixini davam etdirəcək”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMEA Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov “Kaspi” qəzetinin yarandığı 1881-ci ildən bu yana üç əsrdir ki, şərəfli yol keçərək Azərbaycan xalqına xidmət etdiyini bildirib: “Bu qəzetin milli mədəniyyətimizin inkişafında, qorunmasında və təbliğində xüsusi payı var. Bu mötəbər qəzet hər zaman ölkəmizin ictimai, siyasi, mədəni həyatında böyük rol oynayıb, dövlətçiliyin, müstəqilliyimizin keşiyində durub. “Kaspi” qəzetinin çağdaş dövrdəki fəaliyyəti də məhz bu istiqamətdə qurulub, milli-mədəni dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyi ilə oxucuların xüsusi rəğbətini qazanıb. “Kaspi” qəzeti incəsənətə, ədəbiyyata, bütövlükdə mədəniyyətə yüksək diqqəti və qayğısı ilə həmişə seçilib ki, bu da qəzeti sənət aləmində ən sevilən və oxunan qəzetlərdən birinə çevirib. Qəzetin səhifələrində həftənin ayrı-ayrı günlərində işıq üzü görən “Ədəbiyyat”, “Gənclik”, “Teatr” əlavələri özünün daimi oxucu auditoriyasını yaradıb, bu sahələr üzrə prosesin intensivləşməsində böyük rol oynayıb və oynamaqdadır. Mən 2011-2018-ci llər ərzində “Teatr” əlavəsinin redaktoru olmuş bir şəxs kimi deyə bilərəm ki, “Kaspi” qəzetinin redaksiyası yüksək peşəkarlığı ilə seçilən əməkdaşların mehriban kollektividir. Və bu kollektiv Azərbaycan naminə hələ çox işlər görməyə qadirdir. İnanıram ki, gələn 2021-ci ildə “Kaspi” qəzeti 140 illik yubileyini öz oxucuları ilə birlikdə keçdiyi tarixə layiq şəkildə qeyd edəcək və hələ uzun illər oxucuların qarşısına şərəflə çıxacaq”.
Sənətşünaslıq elmləri doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri İsrafil İsrafilov “Kaspi”nin klassik ənənələrdən bəhrələnərək, çağdaş mətbuatın mütərəqqi prinsiplərini rəhbər tutaraq, müasir medianın sevilən, oxunan nümunəsini yaratdığını vurğulayıb: “Bu qəzetin uzun illər abunəçisi olmuşam, “Kaspi”də bilavasitə yazılarım dərc olunub. Yazımın hansı şəkildə maraq kəsb etdiyinin şahidi olmuşam. “Kaspi” ilə əməkdaşlıq etmək də xoşdur, oxucusu olmaq da. Mən bu qəzetin “Teatr”, “Ədəbiyyat” əlavələrinin daimi oxucusuyam. Sözügedən qəzet bu gün öz ənənələrini uğurla davam etdirir. Bu qəzet bütün sahələri özündə əhatə edir. Bunun özü olduqca əhəmiyyətli və vacib məqamdır. “Kaspi” qəzeti ictimai-siyasi, iqtisadi məsələlərlə yanaşı, mədəniyyət sahəsini də çox uğurla işıqlandırır. Əlbəttə ki, bu qəzetinin təkcə mənim yox, gənc nəslin, qələm sahiblərinin fəaliyyətində, onların yetişməsində müstəsna xidmətləri olub. Qəzetin xüsusilə mədəniyyətlə bağlı işıqlandırdığı mövzular, əhatə etdiyi məsələlər yetərincə ciddi, səriştəli, maraqlı olur. Əsas məsələ odur ki, “Kaspi” qəzetinin ölkəmizdə mədəniyyət, incəsənət, teatr həyatı ilə bağlı faydalı iş əmsalı çox yüksəkdir. Qəzetdə istedadlı jurnalistlər çalışır. Onların ölkəmizin mədəni həyatı üçün gördüyü işləri yalnız alqışlamaq lazımdır”.
Azərbaycan Dövlət YUĞ Teatrının direktoru İslam Həsənov “Kaspi” qəzetinin daimi oxucusu olduğunu qeyd edib: “Qəzetin “Teatr” əlavəsini məmnuniyyətlə oxuyuruq. Sevindirici haldır ki, teatr sənətinin təbliği işinə böyük töhfələr verən bu əlavə artıq 8 ildir işıq üzü görür. Teatrşünasların ərsəyə gətirdiyi bu yazılarda ölkənin və dünyanın teatr prosesi qismən də olsa əhatə olunur. Ona görə də teatr sənəti sahəsində çalışan insanlar bu sferada baş verən yeniliklərdən xəbər tutmaq üçün “Kaspi” qəzetinin “Teatr” əlavəsini ən mötəbər mənbə hesab edirlər. Eləcə də, YUĞ Teatrının fəaliyyətini geniş işıqlandırdığına görə əlavənin bütün heyətinə minnətdarıq. Bu əlavə ölkədə teatra peşəkar münasibəti ilə seçilən az sayda mətbu orqanlardandır. 8 il ərzində bu qəzetin səhifələrində tənqidə də, tərifə də, təhlilə də rast gəlmişik, ancaq bir dəfə də olsun qalmaqal xarakterli yazı oxumamışıq. Çünki burada çalışan insanlar öz işlərini gözəl bilən və sevən peşəkarlardır. Teatrın isə peşəkar mütəxəssis rəyinə həmişə ehtiyacı var”.
Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan bildirib ki, “Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı bacarıb, digər tərəfdən də dünyanın ən mütərəqqi inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirib: “Bu qəzet qarşısına məqsəd qoyaraq söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk edib. “Kaspi” media etikasına daim sadiq qalan bir mətbuat orqanıdır. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirib. Danılmaz faktdır ki, bu gün “Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. “Kaspi” qəzeti adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 145 illik Azərbaycan mətbuat tarixini çiynində daşıyan mətbuat orqanıdır. Bu, bir tarixdir. Tarixi məhv etmək isə günah olardı. “Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”.
İntiqam Soltan qeyd edib ki, “Kaspi” qəzeti həmişə daxili aristokratlığını saxlayıb: “Həmişə qəzetin kollektivinə rəğbətlə yanaşmışam. Çünki bu kollektiv hər zaman ədalətin tərəfində olub. Bununla yanaşı, peşəkar prinsipləri intriqalara qurban verməyib. İnanıram ki, “Kaspi” qəzetinin yaşaması üçün çıxış yolu tapılacaq”.
Alimlərin etirazı
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hesab edir ki, maliyyə yardımının ayrılmaması üzündən “Kaspi” qəzetinin nəşrinin dayanması düzgün deyil: “Kaspi”nin bağlanması doğru olmaz. Mən istəyirəm ki, bu qəzet daim nəşr olunsun”.
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyev də “Kaspi” haqqında müsbət fikirdə olduğunu söyləyib: “Xüsusən “Kaspi”nin şənbə nömrələrini qeyd edərdim. Ziyalılar, elm adamları, xüsusən söz adamları bu nömrəni həmişə alıb mütaliə edirlər. Mən də bu qəzeti daim oxuyuram. Bu qəzetə maliyyə dəstəyi vermək və söz adamları üçün qapısını daha geniş açmaq yaxşı olardı”.
Media təmsilçilərinin etirazı
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli “Kaspi”ni klassik “Kaspi”nin yeni formatı kimi dəyərləndirib: “Kaspi” qəzeti Azərbaycan klassik jurnalistikasının ən mübariz, ən maarifçi, ən demokratik orqanı kimi 1881-ci ildən 1919-cu ilə qədər davam etmiş bir qəzetdir. Biz mətbuat tariximizdə bununla fəxr edirik. Bu mətbuat orqanının 1999-cu ildə yenidən dirçəltmək, onun müasir formatını ortaya qoymaq prosesi başladı. Və biz klassik “Kaspi”nin yeni formatını gördük. Bu, Azərbaycan jurnalistikasının müasir dövrü üçün ciddi bir hədiyyə idi. Təkcə ona görə yox ki, ortaya bir qəzet çıxırdı, həm də ona görə ki, klassik jurnalistikamızın ən bariz nümunəsini ortaya qoydu və klassik “Kaspi” qəzetinin yenidən yaşamasına nail oldu”.
Cahangir Məmmədlinin fikrincə, müasir dövrdə “Kaspi” qəzeti bütövlükdə Azərbaycanda maarifçilik ənənəsini yüksək səviyyəyə qaldıran bir qəzetdir: “Bu qəzetin səhifələrində yer alan “Ədəbiyyat”, “Gənclik”, “Teatr” əlavələri kifayətdir ki, “Kaspi” qəzeti özünün klassik formatını bu gün necə yüksək səviyyədə davam etdirir” deyə bilək. Belə bir qəzeti maliyyə problemi ilə üz-üzə qoymaqla heç kəs bəraət qazana bilməz. Mənə elə gəlir ki, prezidentimiz “Kaspi” kimi qəzetlərin KİVDF-nin maliyyə imkanından kənarda qalması məsələsi ilə bağlı tədbir görəcək. Hesab edirəm ki, KİVDF bu məsələni nəzərə almalıdır. Mən də bir oxucu, jurnalistika aləmində bir müəllim, yazıb-pozan bir adam kimi “Kaspi” qəzetinin maliyyə dəstəyi almasını arzulayıram!”
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli deyib ki, “Kaspi” sıradan bir qəzet deyil: “Bu qəzetdə çalışanların hamısının ailəsi var, onlar dolanmalıdır. Qəzet oxunan, maraqlı qəzetlərdən biridir. Ona görə qəzetə maliyyə yardımı ilə bağlı yaranan problemi həll etmək lazımdır”.
“Kaspi” qəzeti üç əsrin qəzetidir” deyən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Qərənfil Dünyaminqızı hesab edir ki, bu qəzeti yaşatmaq çox yaxşı olardı. Belə ki, “Kaspi”nin səs-sədası 19-cu əsrdən gəlir: “Biz bu qəzeti yaşatmaqla həm də böyük türk dünyasında tanınan Əli bəy Hüseynzadənin ruhunu şad edirik. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində hələ türk dünyasını, dövlətçiliyimizi qorumaq üçün onlar necə böyük amallarla yaşayırdılar. Və yaxud Əhməd bəy Ağaoğlu hələ tələbə ikən Fransa və Peterburq mətbuatında çap olunurdu. Biz bu görkəmli şəxsiyyətlərin adını “Kaspi”nin səhifələrində yaşatdıq. “Kaspi” qəzeti dünənimizlə bu günümüz və sabahımız arasında bir növ körpü rolunu oynadı. Dövlətçiliyimizi, müstəqilliyimizi yaşatmaq, böyük türk dünyasını qorumaq, müstəqil Azərbaycançılıq ideologiyasını yaşatmaq üçün klassiklərimizdən Üzeyir bəy, Əhməd bəy Ağaoğlu, Həsən bəy Zərdabi, Ceyhun bəy, Şəfiqə xanım Əfəndizadədən bəhrələnərək onların ideyalarını günümüzə gətirdik. Bu baxımdan “Kaspi” qəzeti klassiklərimizi yaşatmaq, onların ideyalarını təbliğ etməkdə körpü rolunu oynadı. Xalq Cümhuriyyətini quran oğullarımızın böyük əksəriyyəti ”Kaspi”çi idi. Onların vaxtilə müstəqil dövlət qurmaq, onu yaşatmaq ideyalarına “Kaspi” öz səhifələrində yer ayırmışdı”.
Qərənfil Dünyaminqızının sözlərinə görə, qəzet həm də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin təcrübi mətbu orqanıdır: “Jurnalistika nəzəriyyəsi və təcrübəsindən dərs deyən müəllim oradakı yazıları janr baxımından tədris edir. Mən mətbuat tarixi tədqiqatçısı kimi mətbuat tarixi ilə bağlı yazıları şərh edirəm. Qəzet tarixi bir ənənəni yaşadır. Ona görə çox yaxşı olar ki, belə bir qəzeti yaşatmaq, klassiklərin ruhuna uyğun təbliğ etmək üçün addım atılsın. İnanıram ki, belə də olacaq!”
Əməkdar jurnalist Flora Xəlilzadə hesab edir ki, istər köhnə, istərsə də onun ənənələrini ləyaqətlə davam etdirən yeni “Kaspi” qəzetinin mətbuat tariximizdə şərəfli yeri var: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun onu maliyyə dəstəyindən azad etməsi yolverilməzdir. Həm azərbaycanca, həm də rus dilində nəşr olunan bu qəzetlərdə 100-ə yaxın insan çalışır. Atılan addım həmin insanların işsiz qalması deməkdir. Yəqin ki, cənab prezident məsələyə öz müdrik münasibətini bildirəcək. Biz qələm sahibləri də bu qəzetlə müntəzəm əməkdaşlıq edir və yazımıza görə də qonorar alırıq. Halbuki başqa qəzetlərdə bu yoxdur. Dövlətçiliyimizin keşiyində dayanan “Kaspi” qəzeti yaşamalıdır!”
“Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova vurğulayıb ki, “Kaspi” tarixi bir qəzetdir: “Bu qəzet maarifçi missiyasını yerinə yetirib. Qəzetin reytinqi, ədəbiyyatımıza və mədəniyyətimizə olan xidməti çox böyükdür. Ağlıma gətirə bilmirəm ki, bu qəzet bağlansın. Mən özümü “Kaspi” qəzetinin yanında görürəm və dəstək göstərirəm!”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, “Kaspi” qəzeti bizim tarixi qəzetlərimizdən biridir: “Azərbaycan media tarixində yeri və mövqeyi olmuş, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun imzası ilə nəşr olunan, Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə işıq üzü görmüş və uzun müddət Azərbaycanda jurnalistikanın formalaşmasında xidmətləri olan, eyni zamanda müstəqillik dövründə sələfinin davamı olan “Kaspi” qəzeti yaşamalıdır. Ən azından, bu mətbuat orqanında 50-yə yaxın jurnalist həmkarımız fəaliyyət göstərir. Bu qəzetdəki həmkarlarımız çox peşəkardılar”.
Akif Aşırlı qeyd edib ki, “Kaspi” qəzetinin kollektivi həmişə Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edib: “Qəzetdə çalışan həmkarlarımızın mövqeyi həmişə kifayət qədər aydın olub. Bu kollektivin xətrini həmişə çox istəmişik, yəni yaxın olmuşuq, həmkarlıq münasibətlərimiz olub. İlin-günün bu vaxtında, çətin bir dönəmdə bu qədər jurnalist həmkarımızın işsiz qalmağı təbii ki, bizi narahat etməyə bilməz. Şəxsən özüm də çox narahatam. Hesab edirəm ki, cənab prezident bu məsələyə həmişə olduğu kimi özünün humanist yanaşmasını ortaya qoyacaq və “Kaspi” qəzetinə maliyyə vəsaitinin ayrılması üçün öz dəstəyini göstərəcək”.
Demokratik Jurnalistər Liqasının sədri Yadigar Məmmədli deyib ki, KİVDF 10 ildən çoxdur bir sıra mətbuat orqanlarına maliyyə yardımı ayırır: “Fondun maliyyə yardımı ayrılması ilə bağlı keçirilən sonuncu iclasında bir sıra mətbuat orqanının həmin siyahıda yer almaması cəmiyyətdə böyük rezonans doğurub. Çünki kənarda qalan mətbuat orqanlarına maliyyə yardımının ayrılmaması ilə bağlı hər hansı bir səbəb də açıqlanmayıb. Bilirik ki, “Kaspi” qəzeti Azərbaycanda ictimai rəyə təsir göstərə bilən, fondun tələb etdiyi kriteriyalara cavab verən, qəzetçilik prinsiplərinə peşəkarlıqla əməl edən kütləvi informasiya vasitələrindən biridir. Ona görə də fond tərəfindən “Kaspi” və “Kaspiy” qəzetlərinə maliyyə yardımı ayrılmaması çox təəccüblə qarşılanıb. Yaxşı olardı ki, fond bu qəzetlərə maliyyə yardımı ayırmamasının səbəblərini ictimaiyyətə açıqlasın, məsələyə aydınlıq gətirilsin. Təbii ki, bu fondun verdiyi qərardır, amma ictimaiyyət nümayəndəsi olaraq çox istərdik ki, “Kaspi” qəzetinin də adı maliyyə yardımı alan qəzetlər sırasında olsun”.
Yadigar Məmmədli vurğulayıb ki, KİVDF bu məsələyə ya yenidən baxmalı, ya da hansısa bir yolla məsələyə aydınlıq gətirməlidir: “Hər halda, bunun bir çıxış yolu olmalıdır. Xüsusilə mən tərəfdarıyam ki, “Kaspi” və “Kaspiy” qəzetləri dövlətin maliyyəsindən yararlana bilsin. Əks halda qəzetlər çox pis duruma düşəcək. Qeyd etdiyim kimi, bu qəzetlər kütləvi informasiya vasitələri sırasında öz dəst-xətti olan mətbu orqanlardır”.
Media eksperti Azər Həsrət “Kaspi” qəzetinin kollektivinin prezident İlham Əliyevə ünvanladığı müraciətlə tanış olduğunu diqqətə çatdırıb: “Əlbəttə ki, KİVDF-nin “Kaspi” və “Kaspiy” qəzetlərinə maliyyə yardımı ayırmaması şəxsən məni də narahat edən məqamlardan biridir. Bilirəm ki, burada bir anlaşılmazlıq var. Çünki “Kaspi” tarixi qəzetlərimizdən biridir, üç əsrin qəzetidir. Bu qəzet bütün fəaliyyəti dövründə Azərbaycan dövlətinin, dövlət başçısının yürütdüyü siyasəti yaxından dəstəkləyən bir qəzetdir. Ümumiyyətlə, bu qəzetin kollektivindəki jurnalistlərin böyük əksəriyyətini şəxsən tanıyıram və bilirəm ki, o insanların hər biri dövlətə, prezidentə sadiq insanlardır.
Əlbəttə ki, belə bir qəzetin, xüsusilə yaradıcılıq məsələləri fərqli istiqamətdə seçilən bir qəzetin maliyyə dəstəyindən məhrum edilməsi yaxşı bir şey vəd eləmir. Biz bilirik ki, Azərbaycan prezidenti hər zaman jurnalistlərin dostu olub və olmağa da davam edir. Təbii ki, dövlət başçısına edilən müraciətin cavabsız qalmayacağına əminəm. Yəqin ki, ortada bir anlaşılmazlıq var və əminəm ki, o aradan qalxar. İstənilən halda “Kaspi” qəzeti, özüm kimi əminəm ki, Azərbaycan dövlətinə, prezidentə və ümumiyyətlə ölkədə həyata keçirilən siyasətə hər zamankı kimi sadiq olaraq davam etdirəcək. Düşünürəm ki, belə bir qəzetə maliyyə ayrılması yerinə düşərdi”.
“Kaspi” və “Kaspiy” qəzetlərində çalışan jurnalistlərin etirazı
Aznews.az saytı “Kaspi” və “Kaspiy” qəzetlərində çalışan jurnalistlərin fikirlərini dərc edib.
“Kaspiy” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlqar Hüseynov vurğulayıb ki, KİVDF-nin təşəbbüsü redaksiyada çox neqativ qarşılanıb: “Çünki digər mətbu orqanlardan fərqli olaraq “Kaspi” qəzeti bütün postsovet məkanında ən qədim və böyük tarixi olan bir qəzetdir. Bu qəzetin yaranmasında görkəmli şəxsiyyətlər iştirak edib. Hacı Zeynalabdin Tağıyev bu qəzeti alıb, sonradan Əlimərdan bəy Topçubaşovu qəzetə baş redaktor təyin edib. Müəyyən səbəblərə görə qəzet bağlandı və 80 il keçdikdən sonra – 1999-cu ildə yenidən işıq üzü gördü. 2012-ci ilin sentyabrından isə “Kaspi”nin rus versiyası bərpa olundu. Bu günə qədər də çap olunur.
Hesab edirəm ki, maliyyə yardımı ayrılan zaman KİVDF-nin rəhbərliyi bu tarixi nailiyyətləri nəzərə almalı və “Kaspi”ni siyahıdan kənarda qoymamalı idi. Ümid edirəm ki, bizə maliyyə yardımı ayrılacaq. Çünki “Kaspi” qəzeti bir çox qəzetlərdən fərqli olaraq ulu öndərimizin, dövlət başçımızın, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasətini daim dəstəkləyir və onların həyata keçirilməsində kollektivin hər bir üzvü var qüvvəsi ilə çalışır”.
İlqar Hüseynov əlavə edib ki, “Kaspiy” qəzetində bu gün 20 nəfərə yaxın əməkdaş çalışır: “Bu şəxslərin hər biri ən azı 4 nəfər deməkdir, çünki onlar ailə başçısıdırlar və ailə dolandırırlar. Bizim 2020-ci ilə artıq 3 mindən yuxarı abunəçimiz var. Qəzet mütləq çıxmalıdır ki, biz abunəçilər qarşısında üzüqara olmayaq. Lakin KİVDF-nin bu siyasəti bizi çıxılmaz vəziyyətdə qoyur. Qəzet bağlanarsa ən azı 20 nəfər əməkdaş və onların himayəsində olan ailə üzvləri minimal əməkhaqqından məhrum olacaqlar”.
“Kaspi”nin beynəlxalq şöbəsinin müdiri Azər Nuriyev bildirib ki, son günə kimi KİVDF-nin qəzetə maliyyə yardımı ayıracağına ümidi edirmiş: “Hesab edirdim ki, fondun rəhbərliyini maliyyə yardımı ayırmamağa heç nə sövq edə bilməz. Axı biz görmüşük ki, adətən hansısa bir qərar qəbul ediləndə ardınca bunun əsaslandırması, onu qəbul etməyə vadar edən səbəblər göstərilir. Təəssüf edirəm ki, KİVDF heç bir səbəb, əsas gətirmədən 20 ildən artıqdır ki, çap olunan qəzetimizə maliyyə yardımı ayırmaqdan imtina etdi. Ölkənin ən nüfuzlu nəşrləri sırasında olan qəzetimizə qarşı bu cür münasibəti heç cür anlaya bilmirəm. Fikirləşmirlər ki, bu tək qəzetin bağlanması demək deyil, 50-dən artıq insanın indiki çətin durumda işsiz qalması deməkdir”.
Azər Nuriyev qeyd edib ki, 20 ildən artıq müddətdə qəzet yalnız və yalnız bir amala xidmət edib – dövlətçilik ənənələrinin qorunub saxlanmasına: “Gündəmin əsas və başlıca mövzularını oxucuya çatdırmışıq. Qəzet fəaliyyətini bərpa etdiyi gündən daim dövlətçilik maraqlarını müdafiə edib, maarifçilik missiyasını daşıyıb. Və indi fond rəhbərliyi bütün bunların üstündən xətt çəkərək maliyyə yardımını dayandırır. Fondun rəhbərliyi heç olmasa sosial şəbəkələrə nəzər salsın. Əksəriyyət hesab edir ki, indiki durumda ölkənin ən nüfuzlu qəzetləri sırasında olan qəzetə maliyyə yardımının dayandırılması 50-dən artıq insanın işsiz qalması deməkdir. Əsas qənaət də budur ki, həm tirajına, həm məzmununa görə “Kaspi” ölkədə çap olunan və fondun maliyyə yardımı ayırdığı digər qəzetlərdən geri qalmır. Biz KİVDF-nin ədalətsiz qərarına etiraz olaraq prezidentə müraciət etmişik. Hesab edirik ki, 50-yə yaxın jurnalistin və texniki işçinin çalışdığı qəzetə qarşı ədalətsizliyin aradan qaldırılması üçün öz reaksiyasını verəcək”.
“Kaspi”nin əməkdaşı, əməkdar jurnalist Təranə Məhərrəmova deyib ki, KİVDF-nin qəzetlərə maliyyə yardımı göstərilməsi haqda qərarının “Kaspi”yə şamil edilməməsi böyük təəssüf doğurur: “Bu qərar faktiki qəzetin nəşrinin dayanması deməkdir. Nəzərə alsaq ki, “Kaspi” qəzeti fəaliyyət göstərdiyi müddətdə dövlət maraqlarına xidmət edib, dövlətimizin siyasi kursunu dəstəkləyib, inkişafa güzgü tutub, digər tərəfdən ölkədəki problemlərin həlli istiqamətində ictimai nəzarət funksiyasını yerinə yetirib – onda bu, qəzetin fəaliyyətinə qarşı çox ədalətsiz qərardır. “Kaspi”nin “Gənclik”, “Ədəbiyyat” və “Teatr” əlavələrinin fəaliyyətini də əlavə etsək, qəzetin gəncliyə, mədəniyyət və incəsənətə dəstək, həmçinin maarifçilik ənənələrini yaşadan, milli mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyət göstərən mətbu orqan olduğunu təsdiq etməyə ehtiyac qalmır”.
Təranə Məhərrəmova deyib ki, “Kaspi”də ümumilikdə 50 nəfərə yaxın jurnalist və texniki heyət çalışır: “Qəzet qonorar əsasında tanınmış imza sahibləri ilə əməkdaşlıq edir. Qəzetin kollektivi KİVDF-nin qərarına etiraz edir. Bu, qəzetdə çalışan işçilərin əmək hüquqlarının pozulması deməkdir. Təbii ki, biz problemin həlli üçün ölkə başçısı İlham Əliyevə müraciət ünvanladıq. Ümidvarıq ki, jurnalistlərin dostu kimi həmişə öyündüyümüz prezident yenə də bizim yanımızda olacaq. Səbəbi izah olunmadan maliyyə yardımı dayandırılan qəzetin adının yenidən siyahıya salınmasına yardımçı olacaq. Dövlət başçısı “Ölkədə bircə nəfər də işsiz adam qalmamalıdır” deyirsə, onda biz ədalətin bərpasına ümid edirik”.
“Kaspi”nin “Gənclik” əlavəsinin redaktoru Aygün Asimqızı əlavənin 6 illik fəaliyyətindən bəhs edib: “6 ildir bu əlavə ölkə gəncliyinin fəaliyyətini işıqlandırır. Bəlkə də sözlə ifadədə bu kiməsə asan gələ bilər, amma ümumilikdə 30-a yaxın rubrikamız var. Hər həftə 10 rubrika üçün material hazırlayırıq. Mətbuatda çalışanlar bilirlər ki, həftədə bir rubrika hazırlamaq belə çox çətindir, qaldı ki, sən 10 rubrikanı qısa müddətdə, özü də keyfiyyətli formada ərsəyə gətirəsən. Doğrudan da, gərgin əmək tələb edir. Və bu komanda 6 ildir bu işi görür. Bizim komanda axşam saat 6-da çantasını götürüb evə gedən işçilərdən də formalaşmayıb. İş varsa, işləyirik. Biz təkcə ölkə daxilində deyil, ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən gənclərimizin fəaliyyətini daim izləyir, onlardan materiallar hazırlayırıq. Əlavənin hər nömrəsində o gənclərə də yer ayrılır. Bu müsahibələri onlayn götürürük. Bəzən saat fərqi çox olur. Səhər saat 6-7-də də müsahibə götürürük, gecə 12-də, 1-də də. O şəxslər müsahibənin sonunda “bu vaxtı müsahibə alan görməmişik, sizə çox əziyyət olur” tipli fikirlər səsləndirirlər. Amma biz əziyyət yox, zəhmət çəkirik ki, yaxşı iş ərsəyə gətirək. Görünən dağa bələdçi lazım deyil deyərlər. Mətbuat işi də elədir ki, materiallarımızın keyfiyyəti, cəmiyyət üçün nə dərəcədə faydalı olması artıq göz önündədir. Sosial mediada “Kaspi” ilə bağlı paylaşımlarda qəzetin materiallarının keyfiyyəti ilə bağlı peşəkar insanların fikirlərində hansısa mənfi rəyə rast gəlməmişəm. Düşünürəm ki, “Kaspi” maliyyə yardımı ayrılanların siyahısında olmağa layiq mətbuat orqanıdır”.
“Kaspi”nin müxbiri Aygün Əziz də bu mətbu orqanı özü üçün jurnalistika məktəbi hesab edir: “Karyerama başladığım, öyrəndiyim, öyrənməkdən zövq aldığım məkan… Bu gün də yazılarımı oxuyanda həyəcanla redaktorlarımın nə deyəcəklərini gözlədiyim doğma bir yuvadır. 8 ildir ki, hər gün yazdığım, çalışdığım, vuruşduğum, özümü hər zaman sübut etməyə çalışdığım məktəb… Mən bu məktəbdə həmkar olmağı, ədaləti, haqqı, dürüstlüyü, obyektivliyi öyrəndim. Bu illərdə fasiləsiz müsahibələr aldım, reportajlar, məqalələr yazdım. Jurnalistika fəaliyyətimdə tanış olduğum insanların əksəriyyəti sosial şəbəkələrdə dostluğumdadır. Bizi aylıq qazancımız, gəlirimiz yox, ortaya qoyacağımız keyfiyyətli iş maraqlandırıb. Bəli, daha artıq maaş təklif edənlər də oldu, biz bir an belə pula görə iş yerimizi dəyişməyi düşünmədik. Bizə bir məktəb olan bu yerdən qopmadıq, yazdıq, yaratdıq, var gücümüzlə çalışdıq… Həm də saata baxmadan. Bizim üçün bu illər ərzində işin bitdiyi bir vaxt olmadı. Amma bu işin burda və indi, həm də əsası olmadan bitməsi bizim əlimizi soyudur, inamımızı, güvənimizi sarsıdır. “Kaspi”nin bu gün ortaya qoyduğu müsahibələrə, materiallara, reportajlara, məqalələrə baxın, nə az, nə çox demirəm, heç olmasa bu əməyin 50 faizi sizdə varmı?”
Qəzetin müxbiri Şəbnəm Mehdizadə bildirib ki, “Kaspi” Azərbaycanın mətbuat tarixində öz nüfuzuna, peşəkarlıq səviyyəsinə görə hər zaman seçilib: “Onu “Üç əsrin qəzeti” adlandırmağımız təsadüfi deyil. 1881-ci ildən bəri çap olunan bu qəzetdə onlarla ziyalının adını çəkmək olar ki, burada həmin şəxslərin imzası ilə materiallar yayımlanıb. Hazırda da Azərbaycan mətbuatında yazılarının peşəkarlığına görə seçilən tək-tük mətbuat orqanlarından biridir. Düşünürəm ki, qəzetin fəaliyyətini dayandırması təkcə işçilərin işsiz qalması demək deyil, həm də Azərbaycanın media camiəsində böyük bir boşluğun yaranması deməkdir. Dövlət başçısı da keçirdiyi müşavirədə bu məsələyə diqqət çəkdi. Bu mənada hesab edirəm ki, ölkə rəhbərliyi onlarla əməkdaşımızın işsiz qalmasına göz yummayacaq və ünvanladığımız müraciətə müsbət cavab veriləcək. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
“Kaspi”nin əməkdaşı Günel Azadə qəzetin maliyyə yardımından kənarda qalmasına kollektivin həqiqətən də üzüldüyünü qeyd edib: “Bura mənim üçün jurnalistika məktəbidir. Müxbir kimi fəaliyyətə bu qəzetdən başlamışam. Reportaj yazmağı, müsahibəyə hazırlaşmağı bu kollektivdən öyrənmişəm. Bu qəzet mənə həyatım boyu unudulmayacaq təcrübə qazandırıb. Amma bu günlərdə verilən qərar bizi çətin duruma salıb. Biz daim işimizi peşəkar səviyyədə yerinə yetirmişik, dövlətçiliyimizə xidmət etmişik. Bu cür peşəkar kollektivin işsiz qalması haqsızlıqdır. Prezident İlham Əliyev həmişə çıxışlarında gənclərə dəstək olmağı, onların iş probleminin həlli istiqamətində ciddi addımların atılmasının gərəkliyini bildirir. Amma verilən bu qərarla nə qədər gənc jurnalist işsiz qalır. Ümumiyyətlə, zəngin bir tarixi olan qəzetə belə münasibət çox təəssüfləndiricidir. Biz problemin həlli, burada çalışan 50-dən artıq jurnalistin və texniki işçinin işsiz qalmaması üçün ölkə başçısının ədalətli qərar verəcəyinə inanırıq”.