“Dil birliyi qarşısında bütün ayrılıqlar acizdir”
- 31 Yanvar 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Şair, publisist, araşdırıcı və tərcüməçi Vaqif Aslanla müsahibə
– Bu günlərdə “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” adlı kitabınız dərs vəsaiti kim çap edilib. Nədən buna ehtiyac hiss etdiniz?
– Ölkəmizin digər ali məktəblərdə olduğu kimi, mənim çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında da dünya xalqları ədəbiyyatı seriyasından türk xalqları ədəbiyyatı tədris edilir.
Əlbəttə ki, hər hansı bir xalqın ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsidir. Hələ sovet dönəmindən tanış olduğum “SSRİ xalqları ədəbiyyatı” ikicildliyi müstəqillik illərində “Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı” adı ilə çap edilmişdi və bu dərsliyin müəllifi mərhum professor Pənah Xəlilov sağlığında olduğu kimi vəfatından sonra da köməyimizə gəlməkdə idi.
Dərslik baxımından bu sahədəki ikinci titanik iş professor Elman Quliyevin üzərinə düşüb. O, yeni və zənginləşdirilmiş “Türk xalqları ədəbiyyatı” dərsliyi ilə bu sahəni müəyyən mənada çağdaş zəmanəmizə qədər işıqlandırıb. Aydın Abi Aydının “Türkiyə ədəbiyyatı tarixi” dərsliyini, Arif Əmrahoğlu Məmmədovun “Türk xalqları ədəbiyyatı” məqalələr toplusunu, professor Ramiz Əskər tərəfindən M.Kaşğari divanının, o cümlədən türkmən, tatar, özbək, qazax, qırğız ədiblərinin bir çox əsərlərinin dilimizə çevrilməsini, akademik Yaqub Mahmudovun və mərhum professor Fərman İsmayılovun elmi redaktorluqları ilə Cavanşir Feyziyevin “Türk dünyası” adlı beş kitabını, Azər Turanın türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edən yazılarını və nəhayət, akademik Nizami Cəfərovun “Türk xalqları ədəbiyyatı” dördcildliyini bunun üzərinə gələndə Azərbaycan mühitində sözügedən sahədə çox iş görüldüyünə şahid oluruq.
Bütün bunlarla bərabər “Türk xalqları ədəbiyyatı”ndan bəhs edən dərsliklərdə türkün ana yurdu və yayılması, qövmləri və nəsil-nəsil şaxələnməsi haqqında məlumatlar pərakəndə idi. Ön Asiya və Qafqazlar, xüsusilə şimallı və cənublu Azərbaycan unudulmuşdu. Anadolu türk ədəbiyyatı haqqında verilən məlumatlar dövrləşdirmə və sistemləşdirmə baxımından yeni baxış tələb edirdi. Təqdim etdiyimiz dərs vəsaitində toplanan mühazirələr, demək olar ki, yuxarıda adları sadalanan dərsliklərdə öz əksini tapmayan və ya qismən tapan mövzuları da içinə alır. Bu mənada “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr”də bu problem üzrə tərtib və nəşr edilmiş dərsliklərə salınmış mövzuları təkrarlamaq ənənəsi yoxdur. Hazırki dərs vəsaiti zərurətdən yaranıb, mövzular arasındakı ardıcıllığı və əlaqəni möhkəmləndirir. Bu mühazirələr predmeti görmə bucağına və informasiya tutumuna görə özündən əvvəlki dərslikləri daha da əhatəli və etibarlı edir.
– Sistemləşdirmədə nələri nəzərdə tuturdunuz?
– Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsininin və tədrisinin vacibliyi həm də ondadır ki, dünyanın ədəbiyyat xəzinəsinə türkün verdiyi töhfələr aydınca görünsün, başqaları tərəfindən mənimsənilməsin, özgələşdirilməsin.
Türkün ədəbiyyatını türkün içində olduğu zaman, yaşadığı tarix və coğrafiya içində öyrənmək, mifik düşüncə və çağdaş təfəkkür səviyyəsində özünüdərk prosesini içinə alan bu ədəbiyyatı sosial inkişafın ayrı-ayrı mərhələlərində izləmək ehtiyacı məni narahat edirdi və bu narahatlıq indi də davam etməkdədir. Burada türk xalqları ədəbiyyatına inanclar sistemi kontekstində nəzər salmaq zərurəti də ortaya çıxırdı. Çalışdım ki, bunlara əməl edim. Üstəlik, əldə etdiyim nümunələri tarixi-müqayisəli üsulla şərh edib, onların qnesoloji köklərini, oxşar və fərqli cəhətlərini göstərə bilim.
– Özünüzdən əvvəlki müəlliflərə münasibətiniz…
– Onlar mənim müəllimlərim, əsərləri isə mənbələrim oldular. Ön və Ortaq Asiya coğrafiyasında olanları da, orijinalda türk, fransız, rus, tərcümədə isə bu dillər vasitəsi ilə əlim çatan müəllifləri və əsərləri də müəllimlərim və mənbələrim sırasına daxil edirəm. Mən onlardan bəhrələnmişəm. Elə bu qənaətimə görə də ilk mühazirəm üçün fransız tarixçisi Alber Sorelin “Yer üzündə iki şey hələ də kəşf edilməmiş qalır: coğrafiyada qütblər, tarixdə türklər” sözlərini epiqraf seçmişəm. Çünki hər hansı ikinci birincinin, üçüncü isə ikincinin üzərində qurulur… Və bu sıralanma Adəmdən bizə qədər gəlir, bizdən sonra da sonuncu Adəmə qədər davam edəcək. Məsələ bundadır ki, mən Adəmi tükənməz və sonsuz hesab edirəm… Qabırğamızdan yaranan Həvva bizi tükənməyə qoymayacaq.
–Özünüz demişkən, Ortaq Asiya türk xalqları ədəbiyyatı son dərəcə zəngindir. Bəs nə üçün dərs vəsaitinizdə bu zənginliyə geniş yer verməmisiniz?
– Mərhum professor Pənah Xəlilov məşhur ikicildliyində Ortaq Asiya (əlbəttə ki, bu söz ənənəvi olaraq Orta Asiya şəklində deyilir və yazılır) türk respublikaları ədəbiyyatına kifayət qədər geniş yer verdiyi, bizim müasirimiz, görkəmli türkoloq, professor Elman Quliyev isə bu qaydanı saxlamaqla müstəqillik illərində Ortaq Asiya türk respublikalarında yaranan ədəbiyyatı içinə alan möhtəşəm bir dərslik yaratdığı üçün müəllifi olduğum dərs vəsaitində təkrara yol vermədim.
– Anadolu türk ədəbiyyatına geniş yer verməkdə hansı prinsipləri əsas götürdünüz? Bu, Türkiyə Cümhuriyyətinə münasibətinizdənmi yaranmışdı, yoxsa digər səbəblər də var idi?
– Biz türkük. Sovet dönəmində SSRİ-yə daxil olan türklər və türk respublikaları haqqında müəyyən məlumatlarımız olsa da, Türkiyə ilə bağlı məlumatlarımız çox az idi. Bugünkü informasiya bolluğuna görə müstəqilliyimizə minnətdar olmalıyıq. Etiraf edək ki, professor Pənah Xəlilovun məşhur ikicildliyində və sonradan nəşr edilən “Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı” dərsliyində Anadolu türk ədəbiyyatından söhət gedə bilməzdi. Sonrakılarda isə bu məsələ əhatəli qoyulmamışdı. Onlarda Böyük Səlcuqlu, Anadolu Səcuqlu, Bəyliklər, nəhayət, Osmanlı dövrü ədəbiyyatı özəllikləri ilə ümumiləşdirilməmişdi. Anadolu türk ədəbiyyatının “Tənzimat”a qədərki dövrünü işıqlandırmadan sözügedən ədəbiyyatın məzmunu və mündəricəsini mənimsəmək çətin olardı.
Mühazirələr toplusundan ibarət olan bu dərs vəsaitinin qarşısında duran missiyalardan birisi də elə bu çətinliyin özünü aradan qaldırmaq olub. “Tənzimat”a qədərki Anadolu türk ədəbiyyatını öyrənmək biz Azərbaycan türkləri üçün Hülakülər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Şeybanilər, Baburilər dövründəki türk ədəbiyyatlarının ruhunu, onların arasındakı əlaqə və əks-əlaqəni daha da yaxından izləmək və mənimsəmək deməkdir. “Tənzimat” dövrü isə təkcə Osmanlı ilə Avropa arasında deyil, həm də Şərq-Qərb arasında siyasi-iqtisadi, ədəbi-mədəni səviyyənin tarazlaşdırılmasına və ya tənzimlənməsinə istiqamətlənən zamanın qarşısıalınmaz axarı idi. Bu axarın burulğanında fırlana-fırlana batıb boğulmamaq üçün onu mərhələ-mərhələ üzmək lazım gəlirdi. Bu axarı başa vurmadan tənzimat, “Sərvəti-fünun”, “Fəcri-ati”, mlli və milli mücadilə dövrü ədəbiyyatının təbiətini anlamaq, onların ruhunu tutmaq mümkün deyil.
– Bu mövzuya aid mühazirələri işləyərkən hansı çətinlikləri yaşadınız?
– Burada Əhməd Kabaklının (Ruhu şad olsun!) “Türk edebiyatı”, M.Kaşğarinin “Divanü lüğat-it türk”ü, müxtəlif müəllifləri içinə almaqla iki cilddən ibarət “Türk ədəbiyyatı tarixi”, Bahəddin Ögəlin “Türk kültür tarihine giriş”i və “Böyük hun imperiyası”, Rəcəb Albayrağın “Türklərin İranı”, Osman Turanın “Türk cahan hakimiyyəti məfkurəsi”, İbrahim Qəfəsoğlunun “Türk milli kültürü”, Faruq Sümərin “Oğuzlar”ı, bir sözlə, onlarla tədqiqat işləri və mənbələr mənim köməyimə gəldi. Professor Ramiz Əskərin tərcümələri isə hər gün mütaliə etdiyim kitablara çevrildi. Bu, xoşbəxt sonluqla bitən şirin bir hekayət kimidir. Bu şirin hekayətin davamı hələ qabaqdadır.
– Nələri nəzərdə tutursunuz?
– Sibir, Alyaska, Amerika, Cənub-Şərqi Asiya, o cümlədən Avropa türklərinin ədəbiyyatı haqqında məlumatlarımın azlığını və ya heç dərəcəsində olmasını nəzərdə tuturam. Bunların üzərinə çuvaş, başqurd, xakas, tuva, saka, telengit, uyğur, Kəşmir, qaşqay türklərinin ədəbiyyatlarını da gəlsək, onda türk xalqlarının ən şirin mühazirələr toplu-epopeyasının ərsəyə gəlməsindən danışmaq olar.
– Türkün ana yurdundan bəhs edərkən Ön Asiya və Qafqazlar, xüsusilə şimallı və cənublu Azərbaycanın unudulmasından gileylənirsiniz. Bunu nə ilə izah edərdiniz?
– Tədqiqatçıların fikrincə, Şumer ən qədim dövlət, şumerlərin dastanı isə ən qədim dastandır. Bəlkə də onlar bu məsələdə tələskənlik göstərib çevrəni qapatmaq istəyirlər… Əsas budur ki, şumerlərin ədəbi nümunə kimi təqdim edilən dastanı əvvəlcə “Gilqamış”, sonra isə “Bilqamus” adı ilə elmi dövriyyəyə daxil edilsə də, “Gilqamış” və “Bilqamus” sözlərini heç bir təhsili olmayan Azərbaycan türkü indinin özündə də asanlıqla başa düşür. Azərbaycan türkünə “Gilqamış” (“Gil lövhə, qamış qələm”) və “Bilqamus” (“Bil hər şeyi” – “Hər şeyi bilən kişinin dastanı” kimi deşifrovka edilir) sözlərini izah etməyə ehtiyac yoxdur. Mən vaxtı ilə “Ruhlarla söhbət” poemamda da buna işarə etmişəm.
“Adam-badam iyi gələn” nağıllarımız, “anası Qaba Ağac, atası Qağan Aslan” olan dastan və əsatir qəhrəmanlarımız arxantropluqdan paleantropluğa keçiddən xəbər vermirmi? Fiziki və etnik evolyusiya, deyilənlərə görə, neantropluqda mükəmməl səviyyəyə çatır. Belə olduqda, “Bu mənə ot yoldurur”, “Allah ağzından eşitsin”, “O mənim özümünküdür: ətimi yesə də, sümüyümü çölə atmaz”, “Gorun çatlasın”, “Külliyən küp olasan” kimi deyimlər və frazeoloji ifadələr neandertallığımızda keçib gəldiyimiz svilizasiyalardan xəbər vermirmi? Qobustanın, Azıx, Tağlar, Damcılı, Avey dağ, Tamtama mağaralarının Azərbaycanda olması türkün bu torpaqdan intişar etdiyini göstərir. Məhz bu arqumentlər əsasında mərhum professor Y.B.Yusifov əcdad türklərin Ön Asiyadan yayıldığını (“K voprosu o prarodine prototyurkov”. 15 aprel 1995. Xəzər Universitetinin bülleteni, səh. 49-50) iddia edirdi. Həqiqət budur ki, Ön Asiya, Azərbaycan və Qafqazlar, o cümlədən Altay, Ortaq Asiya və Sibir türklərin ata-ana yurdudur.
Sovet dönəminin bir çox kirəclənmiş başları Muğ, Kas, Kaşqay, Sak, Subir, Turukki, Elimay və sair tayfaları qeyri-türk hesab etsələr də, Z.İ.Yampolski, İ.M.Dyakonov, H.Z.Kaşay (Türkiyə), A.T.E.Olmstedt (ABŞ). Ravlinson qardaşları (İngiltərə) onların türk olduqlarını söyləyiblər, yazıblar. Belə müəlliflərin sayını artırmaq da olar.
Müstəqillik illərində Z.M.Bünyadov və Y.B.Yusifovun redaktorluğu ilə nəşr edilən “Azərbaycan tarixi”ndə e.ə. III-I minilliklərdə Urmiya gölünün cənubunu və cənub-şərqini əhatə edən Əratta dövlətinin mövcudluğu isbat edilir. Əratta dövlətindən Turan imperiyasına qədər olan zaman kəsimində yaranan ədəbi nümunələrin çox az qismi, həm də qırıq-qırıq gəlib bizə çatıb. “Alp Ər Tonqa” dastanı buna əyani misaldır. Çox təəssüflər olsun ki, bundan sonrakı zaman boşluğunda min illərlə yol gəlməli olursan. Nə yaxşı ki, şöhrətli O.Süleymenovun “AzYa”, unudulmaz Aydın Məmmədovun “Tyurkskie soqlasnıye: anlaut i kombinatirika” türk-şumer paralellərnə aid tədqiqatları zamanlar arası qırılan bağların düyülməsinə xidmət edir.
– Dilimizin bu cür müqayisə və paralellər aparmaq imkanında olması qürurvericidir...
– Türk xalqları ədəbiyyatının öyrənilməsində ən etibarlı və inkaredilməz qaynaq elə türk xalqlarının özlərinin yaratdıqları ədəbi nümunələrdir. Türk xalqları ədəbiyyatlarındakı bədii düşüncə tərzi, mifik dünyagörüşü ilə tanışlıq, onları müqayisə etmək, oxşar və fərqli cəhətləri aşkara çıxarmaq, türk qövmləri arasındakı daxili inteqrasiyanı sürətləndirmək imkanı yaradır. Çünki türk xalqlarının ədəbiyyatı coğrafiyasının genişliyi və məzmununun zənginliyi ilə analoqu olmayan bir ədəbiyyatdır.
Təkcə bizim dilimiz deyil, bütün türk dilləri – ləhcələri buna imkan verir. Vaxtilə mərhum türkoloq Tofiq Hacıyev sabit söz birləşmələrini dilin poetikası adlandırırdı. Dilimiz, dilimizdəki idiomatik ifadələr, deyimlər, atalar sözləri, hətta qarğışlar və söyüşlər belə ayrı-ayrı epoxalardakı düşüncə tərzimizi ifadə edir. Çünki bizim həyata baxışımız keçdiyimiz svilizasiyalardan, üstündə gəzdiyimiz torpağın arxeoloji, başımızın üstünə çadır kimi çəkilən səmanın kosmik qatlarından gəlir. Bizim təfəkkür tərzimizlə bütün bunlar üst-üstə düşür. Bizim türk ləhcəmiz təqlidi əlamətlərini saxlamaq şərti ilə, hətta ilkin fiziki tip kimi arxantropluğumuzu da poetikləşdirib:
Gözündən pay umdum, gözünü süzdün…
Ay sənin süzülən gözündən yeyim.
Üzündən pay umdum, bəs niyə küsdün?..
Allanan,
güllənən üzündən yeyim.
Bir baxın, ləhcəmizi “nəfəsdə zümzümə, tələffüzdə rəqs” adlandıran div-alim Yaşar Qarayev necə də haqlı idi.
– “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” barəsində daha nələri demək istərdiniz?
– Görüləsi işlər çoxdur. Saymaqla qurtarmaz. Mən orada dərs vəsaitimə əlavə olaraq internet materiallarından istifadə etmişəm. Son dərəcə dəyərli hesab etdiyim yazıları olduğu kimi vermişəm. Akademik İsa Həbibbəylinin, professor Kərim Şükürovun yazıları bu qəbildəndir.
Hələ ki, əlimdən gələn bu qədər olub. İnaclarla, dini mənsubiyyətlə bağlı təqdim etdiyim materiallar imkan verir ki, dil birliyi ilə dini birliyin fərqi bilinsin. İnancda və dini mənsubiyyətdə kəskin fərqlər olsa da, dil mənsubluğu kökdən gələn birlikdir, insanları ayrılmağa qoymur. Dil birliyi qarşısında sərhəd dirəkləri, gömrükxanalar, siyasi, iqtisadi, coğrafi ayrılıqlar acizdir. Çünki dil birliyi olan yerdə ruh, mənəviyyat və iç mədəniyyət birliyi var. Eyni dillə danışmaq – eyni cür düşünmək, eyni cür ifadə etmək, eyni cür oxumaqdır, eyni cür gileylənib eyni cür təşəkkür etməkdir.
Söhbətləşdi: Etimad Başkeçid