Ölümlər arasında
- 30 Yanvar 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Novator.az mərhum jurnalist Aynur Mirhəsənin şəhid həmkarı Elmar Hüseynovdan yazısını təqdim edir. Yazı 20 fevral 2009-cu ildə “Media forum” saytında dərc olunub.
Jurnalistikaya 1990-cı illərin əvvəllərində gələn Elmar Hüseynov 2005-ci il martın 2-si Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları tutulmayıb. Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.
Elmarın atası Sabir Hüseynov 2014-cü il sentyabrın 8-də dünyasını dəyişib.
1976-cı il təvəllüdlü Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, Mediaforum.az, Ann.az saytlarında çalışıb. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alıb və orada yaşayıb. 2020-ci il yanvarın 18-i Türkiyədə vəfat edib, iki gün sonra Azərbaycanda torpağa tapşırılıb.
“Elmar, sən çox gözəl inşaatçıydın, Elmar, jurnalist olmaq hardan ağlına gəldi?..”
Azərbaycan. Bakı. Qurd qapısı məzarlığı. Jurnalist Elmar Hüseynovun qəbri. Cümə axşamı. Sabir kişi oğlu ilə söhbətləşir:
– Yuxuma gəlirsən, nəsə deyirsən… Amma yadımda heç nə qalmır… Nə dediyini anlaya bilmirəm…
Məndən yaman nigaranmışsan. O gün dostun Şahbaz dedi. Deyir yuxusuna girmisən, demisən kişidən yaman narahatam, neyləyir?.. Nigaran olma, bala, bəyəm istəmirsən tez yanına gəlim?.. Bircə Aslanı görə bilsəydim… Səni öldürdülər, burdasan, gəlirəm, gedirəm… İndi narahatlığım ancaq Aslandandı… Oğlunun böyüməsini görəcəmmi? Eynən sənin kimidi, dediyindən dönən deyil, hər şeyə gedə bilər…
Atasızlığın nə olduğunu yaxşı bilirəm. Babanı 37-ci ildə tutdular. 10 illiyə Sibirə göndərdilər. Xruşşovun vaxtında bəraət aldı, qayıtdı. Az keçdi, yenə həbs elədilər, 7 illiyinə Qazaxıstana yolladılar. Atasız böyüdüm. Ağlıma gəlməzdi ki, nəvəmin də taleyi belə olacaq.
Ağlıma da gəlməzdi ki, bizim ailənin kişilərindən kimsə cavan ölər. Güvənirdim, tez-tez sənə də deyirdim ki, bizim nəsil-kökdə kişilər uzunömürlüdü. 77 yaşım var, hələ yaşayıram. Səndən çox narahat idim, Elmar, amma öləcəyin ağlıma da gəlmirdi. Təhlükənin səni qarabaqara izlədiyini bilirdim. Baban kimi uzun dustaq ömrü yaşamağından qorxurdum, deyirdim birdən sən də sürgün olunarsan… Kaş elə olaydı…
Sənsə öləcəyini bilirdin. Yaman tərsiydin. Heç kəsi narahat eləmirdin, hər şeyi bizdən gizlədirdin…
Zuğulbada, orta məktəbin 6-cı sinfində oxuyanda baş verən yadındadı?.. O vaxt “Brejnevski dom”u tikirdim, gecə-gündüz ordaydım. Heydər Əliyev də hər axşam gəlib işin gedişinə baxırdı. Yazdığın bir inşaya görə bizi məktəbə çağırmışdılar, özü də “mütləq atan gəlsin” demişdilər. Bir günorta imkan eləyib məktəbə getdim. Direktor yəhudi idi. İnşanı mənə tərəf uzadıb “oxuyun” dedi. Mən də dedim onun xəttini oxuya bilmirəm. Sənin xəttini bacın Esmiradan başqa kimsə oxuya bilmirdi… Nəysə, inşanı sinif müəllimin oxudu. Orda insanın necə həyat qurmasından, yaşamasından yazmışdın, deyirdin insan arzuladığı ömrü yaşamalıdı…
Nəysə, direktor qayıtdı ki, “şto s nim delat?” Nə deyəydim, dedim qovun getsin, əgər belə şeylər yazırsa, olmaz. Direktor razılaşmadı, “olmaz” dedi, sonra əlini sənin çiyninə qoyub “böyük gələcəyin var” dedi.
Səninlə bağlı ən xırda məqam da yadımdan çıxmayıb… Yadımdadı, ali məktəbi bitirəndən sonra işləmək üçün Sibirə getməyə hazırlaşırdın. Getməmişdən əvvəl səninlə bir həftə Kislovodskda, Pyatiqorskda, Yessentukidə gəzdik. Elşadı – qardaşını oralara çox aparmışdım, Esmira da olmuşdu. Amma səninlə birlikdə heç səfərimiz olmamışdı.
Sonra səni Sibirə yola saldım. Nədənsə heç vaxt həmin günü – təyyarənin pilləkənlərində dayanıb arxaya boylanmağını, mənə əl eləməyini yadımdan çıxara bilmirəm. Hər gün gözümün qabağındadı o mənzərə…
Orda iki il yarım işlədin. Kaş elə Sibirdə qalaydın. Anan əl çəkmədi, dedi rusla-xaxolla evlənər, gəlsin. Getdim gətirdim, axmaq kimi… Burda inşaatda işə düzəldin. Elmar, sən çox gözəl inşaatçıydın, Elmar, jurnalist olmaq hardan ağlına gəldi?..
O vaxt bir şeyi səndən gizlətmişdim, Sibirdən məktub gəlmişdi ki, Elmar geri dönsün, onu baş mühəndis qoyuruq. Kaş gizlətməyəydim, qayıdardın Sibirə, jurnalist də olmazdın…
Yaman qapalı adamdın, nə mənə, nə bacına, nə qardaşına, nə Ruşaniyəyə bir şey deyərdin. Neylədiyini yaxşı bilirdin, söz düşəndə də “millət üçün lazımdı” deyirdin.
Fizika müəlliminə “Tı – dura” deməyin yadına gəlir? Səndən sonra üç nəfər də ayağa durub dediyini təkrarlamışdı. Böyük qalmaqal qopmuşdu. Sən də demişdin ki, “ya dokazıvayu şto ona dura, prosto ona ne xoçet etovo ponyat”.
Elmar, açığı, bunlardan əlimi üzmüşəm, heç nəyi axtarmırlar, heç axtarmayacaqlar da… Dörd ilin tamam olur. Deyirlər qatil beynəlxalq axtarışdadı. Nə qədər axtarılacaq? Bəyəm qatili tapa bilmirlər? Onun kim olduğunu hamı yaxşı bilir. Jurnalistlər də gedib tapdı. Eynulla da yazdı, Mahal İsmayıloğlu indi də yazır. Söz vermişdilər ki, iki həftəyə bu işi açacaqlar. İki həftə dörd il olur…
Yuxuda da ağlayıram… Düzgün eləmədilər… Axırıncı dəfə istintaq qrupu məni üç il əvvəl ifadə almağa çağırıb, o vaxtdan səs-soraq çıxmır. Heç yada salan yoxdu.
Halal olsun bu jurnalistlərə. Bilirəm ki, Eynullanı nə üçün tutublar. Uşaq-zad deyilik ki… Hər şeyi başa düşürəm. Bilirəm ki, jurnalist işləmək çox qorxuludu. Dünən oxuyuram Mahal İsmayıloğlunu yenə istintaqa çağırıblar. Xəstə adamdı, yapışmısınız yaxasından, əl çəkmirsiniz, yazığın ürəyi gedib. Biabırçılıqdı öz vətəndaşına belə qəddar olmaq… Nolsun jurnalistdi, bu da onun sənətidi də…
Deyirəm Aslan elə Norveç vətəndaşı olsun… Əslində bu barədə çox fikirləşməmişəm… Amma belə daha rahatdı.
Onda gedib dünya ölkələri haqqında kitab almışam. Elə birinci Norveçi açıb oxumağa başladım. Beş milyon yarım əhalisi var, 580 milyard kron büdcəsi. 1 kvadrat kilometrə 14 nəfər düşür, dünyada yaşayış səviyyəsinə görə ikinci yeri tutur. Onlarda hər şey insan üçündü, polis istədiyini eləyə bilməz. Onlarda əsas adam baş nazirdi, kralın da ayrı hörməti var. Aslandan arxayınam, amma bircə onu görə bilsəm…
Norveçə getmələrinin beş ili tamam olanda bura gələ biləcəklər, Allahdan ömür istəyirəm ki, heç olmasa o vaxta sağ qalım, Aslanı görüm.
Gəlin deyir ki, çox sürətlə böyüyür, 5 yaşı var, təsəvvür elə, 34-35 ölçülü ayaqqabı geyinir. 3-4 ay əvvəlin paltarı əyninə olmur. Çalışıram tez-tez onlara pul yollayım ki, ona paltar, oyuncaq alsınlar. Gəlinə deyirəm nə lazımdı al, korluq vermə. Nə xoşuna gəlir onu da al, geyindir. Görək nə olur…
Yaman dəcəldi. Burda olanda ona maşın almışdım, aparırdım gəzdirməyə. Maşını düz üstümə sürürdü, deyirəm, ay bala, neynirsən, deyir, “proveryayu”. Məni yoxlayana bax… Görürsən də, sənə oxşayır… Bir yaşı vardı, 100-ə qədər sayırdı, məəttəl qalmışdım. Orda vəziyyətləri yaxşıdı, orda insana qiymət verirlər. Norveç səfiri Yon Ramberqlə söhbət eləmişəm, deyir kral da onların xətrini çox istəyir, hətta sənin şəklini, ingilis dilində yazın çıxan jurnalları otağında saxlayır.
Sənə Musabəyovun abidəsinin yerində abidə qoymaq təklifi olmuşdu, heç razı deyildim. Rasimdən, Rasim Musabəyovdan ayıbdı…
Belə məsələ də qaldırmışdılar ki, sənin yazılarından jurnalistika fakültəsində dərs keçsinlər. Sonra o da qaldı… Sənin dəfn mərasimində bir tanımadığım qadın mənə yaxınlaşıb dedi ki, vaxt gələcək onun adına institut olacaq. Bundan sonra çox hadisə olacaq… Bilirəm, elə sənin qatilini də tapacaqlar, amma nə vaxt?..
Fevralın 19-du. Gələn cümə axşamı yenə gələcəm. Bir də martın 2-də… Onda qonaqların çox olacaq. Görən o vaxta qədər bu qızılgüllər açacaqmı?!
Aynur Mirhəsən
Mediaforum.az, 20 fevral 2009-cu il