Coşqun Əli
Rusiyadakı son dəyişikliklər bütün dünyada, həmçinin Azərbaycanda gündəmi zəbt edib. Yanvarın 15-də baş nazir Dmitri Medvedyev və rəhbərlik etdiyi hökumət istefa verdi. Bu addım ölkə prezidenti Vladimir Putinin konstitusiyaya dəyişikliklər təklifi ilə əlaqələndirilib.
Vladimir Putinin təklif etdiyi dəyişikliklərin Rusiyanın dövlət idarəçiliyi sisteminə əsaslı yeniliklər gətirəcəyi gözlənir. Əvvəla, konstitusiyaya bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə yasaq təklif olunur. Putinin bu təklifinin onun yenə hər hansı bir sadiq fiqurun prezident seçilməsindən sonra gələcəkdə təkrarən prezident olmaq istəməsi ilə bağlı söz-söhbətə son qoymağa hesablandığını düşünənlər var. Lakin təbii ki, Putin kimi bir liderin psixoloji portretinə yetərincə bələd olan ciddi siyasi ekspertlər onun 2024-cü ildə hakimiyyət müddəti başa çatdıqdan sonra kənara çəkilərək “təqaüdə çıxacağını” düşünməyi sadəlövhlük sayırlar.
Ümumiyyətlə, konstitusiyaya dəyişikliklər təklifi və hökumətin istefası niyə ortaya çıxdı? Bunları zəruri edən səbəblər nələrdir? Bu suallara cavab tapmaq üçün təklif olunan dəyişikliklərə daha ətraflı nəzər yetirmək və təyin olunan yeni baş nazirin kimliyinə, profilinə işıq tutmaq lazım gəlir.
Postsovet məkanında yeni siyasi modelə transformasiya tendensiyası artıq bir neçə ildir müşahidə olunur. Uzun illər ölkələrinə rəhbərlik etmiş ambisiyalı, təcrübəli və siyasi xarizmatik liderlərin prezidentlik kürsüsünü buraxaraq, “dirijor çubuqlarını” isə əldən verməyərək “kənara” çəkilmək niyyətinə Nazarbayev Qazaxıstanının nümunəsində artıq şahidlik etmişik. Təhlükəsizlik Şurasının sədri postuna üz tutmuş Elbaşı titullu Nursultan Nazarbayev prezidentliyi ambisiya azlığı ilə seçilən, üzüyola Qasım-Comərd Tokayevə buraxdı. Belarusda da buna bənzər gedişlər gözlənir.
Putinin də belə bir niyyətdə olduğu, lakin arzusunu nisbətən fərqli formada reallaşdırmaq istədiyi konstitusiya dəyişiklikləri təklifindən sezilir. Bunun üçün öncə güclü və böyük səlahiyyətə malik prezidentlik institutunu nisbətən zəiflətmək, səlahiyyətlərin bir qismini qanunverici hakimiyyət qoluna ötürərək prezident-parlament idarəçilik sistemini klassik fransız modelinə daha da yaxınlaşdıraraq yarıprezidentli respublika idarə üsuluna keçidi təmin etmək lazımdır. Təklifə görə, baş naziri parlamentin aşağı palatası olan Dövlət Duması seçəcək. Hökumətin tərkibini də Duma formalaşdıracaq. Paralel olaraq qanunverici hakimiyyətin fəaliyyətinə nəzarəti təkmilləşdirmək və hakimiyyət qolları arasında balansı təmin etmək üçün Konstitusiya Məhkəməsinə əlavə səlahiyyətlər verilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklər özündə federalizm prinsipinə uyğun olaraq desentralizasiyanın genişlənməsini və yerli idarəçilik strukturlarının səlahiyyətlərinin artırılmasını da ehtiva edir.
Dövlət Şurasının səlahiyyətlərini artırmağın vacibliyini vurğulayan Putinin bu qurumun sədri olaraq “dirijorluq” edəcəyi gümanlar arasındadır. Lakin bunun üçün əvvəlcə hazırda prezident yanında məşvərətçi orqan statusu daşıyan Dövlət Şurası konstitusion struktura çevrilməli və onun səlahiyyət çərçivələri dəqiq təsbit olunmaldır.
Bununla belə, Putinin mürəkkəb konfiqurasiyalı gedişlərlə özünü yormaq əvəzinə 2008-ci ildə olduğu kimi yenidən baş nazirliyi üstün tutacağını söyləyənlər də az deyil.
Təbii ki, Rusiya prezidentinin tamam başqa ssenari üzrə planını gerçəkləşdirməsi ehtimalı da istisna edilə bilməz. Putinin hansı addım atacağını isə zaman göstərəcək.
Təhlükəsizlik Şurasına sədr müavini gedən (bu post məhz onun üçün yaradılıb) Medvedyevi əvəzləyəcək baş nazir də artıq bəllidir. Bu, 2010-cu ildən Federal Vergi Xidmətinin rəhbəri olmuş Mixail Mişustindir. Putinin bu seçimi daha çox Qərbin sanksiyaları ilə boğulan Rusiya iqtisadiyyatına nəfəs vermək və uzun illər iqtisadi siyasətlə məşğul olan bir peşəkarın hökumət başçılığına gətirilməsi kimi şərh edilir. Özəlliklə sanksiyalar və neftin qiymətinin qeyri-sabitliyi Rusiya büdcəsinin daha çox daxili iqtisadi potensial hesabına doldurulmasını və büdcə gəlirləri içərisində vergilərin payının artırılmasını şərtləndirir.
Böyük qonşumuz olan Rusiyada baş verən istənilən proseslərin bütün MDB məkanına, o cümlədən Azərbaycana təsiri qaçılmazdır və bu yeniliklər də ölkəmizə təsirsiz ötüşməyəcək. Rusiya-Azərbaycan münasibətlərində ciddi dəyişikliklərin yaranacağını gözləmək üçün əsas olmasa da, Azərbaycanın dövlət idarəçiliyi sistemində aparılan dəyişikliklər dalğası davam edir və Rusiyadakı yeniliklər praktikası nəzərə alına bilər.
Prezident prezidentliyə qadağalar təklif edir