İnsanlıq praktikası
- 21 Yanvar 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribunaYazarlar
Deyəsən, hamı danışıb, axıra qalan mən olmuşam. Yəqin 6 il 3 ay 25 gün “Media forum”da işləməyimin kəramətindəndir ki, mənə saytın yubileyi haqqında kiçik bir rəy deyil, ayrıca yazı yazmaq nəsib olur.
Biz çox yerdə işləyə bilərik. Birində az maaş ala bilərik, birində çox pul qazanmaq imkanımız olar. Birində daxili potensialımızı nümayiş etdirmək fürsəti yaxalaya bilərik, digərində isə sıxıb suyumuzu çıxararlar. Bir iş yeri tramplin funksiyasını yerinə yetirə bilər, bir iş yeri karyeranın sonu olar. Yenə də sadalamaq mümkündür. Amma nadir iş yerləri olur ki, orada əziz adama çevrilirsən, yaxud oradakılar sənə o qədər əziz olur ki, xəstəxanaya düşəndə bacı-qardaşından əvvəl onları qapı arxasında gözləyən görürsən, yaxın adamından ummadığını belə onlardan umursan, yaxud ən yaxın qohumunun deyil, iş yoldaşının, yaxud iş rəhbərinin iradı sənə daha çox yer edir. İnciyəndə elə-belə yox, ürəkdən inciyirsən, sevinəndə xalaxətrin qalmasın deyə yox, cani-könüldən sevinirsən. Belə bir şəraitə düşmüsünüzsə, deməli, siz nə vaxtsa “Media forum” saytının işçisi olmusunuz…
Müasir zəmanədə iş tapmaq, işə girmək o qədər asan deyil, bunu hər kəs bilir. Kimisi tanışlıqla, kimisi rüşvətlə, kimisi də müsabiqələrdə iştirak etməklə özünə iş tapır. Və əksəriyyətimiz də tapdığımız iş yerindən dördəlli yapışırıq ki, ay aman, birdən işsiz qalaram.
Tanışsız-filansız, müsabiqəsiz-zadsız burda işə düzələ bilərsən. (Əlbəttə ki, vakansiya varsa…) Sadəcə, sayt rəhbərləri ilə görüşüb işləmək istədiyini bildirə, 1 aylıq stajirovkadan sonra kollektivin üzvünə çevrilə bilərsən. Yəni sözün kəsəsi, orada işə girmək, hətta orada işləmək belə asandır. Mövzun yoxdursa, mövzu veriləcək, yol göstəriləcək, yazı yazmağın əlifbası keçiriləcək, ekspertlərin adları, hətta telefon nömrələri tapılıb ovcuna qoyulacaq.
Amma oradan çıxmaq, ayrılmaq haqqında qərar vermək çox çətindir. Bəzən işdən ayrılmaq haqqında qərarı vermək üçün ayların, hətta illərin gedə bilər. Bu dilemma ilə qarşılaşmısınızsa, deməli, siz nə vaxtsa “Media forum”un işçisi olmusunuz…
Bu redaksiya mənim təsəvvürümdə hündür ağacları, bol-bol meyvəsi, səliqə-sahmanla düzülmüş tərəvəz ləkləri olan bir bağdır. Elə bir bağ ki, ora nə qədər adam daxil olsa da, hündür ağaclarının kölgəsinə çəkilsə də, meyvələrindən yesə də, tərəvəzlərini dərib evinə daşısa da, məhsulu tükənən deyil, azalan deyil.
Əgər sizə hər hansı bir sözün düzgün yazılış formasını bilmək lazımdırsa, zəhmət çəkib orfoqrafiya lüğətinə baxmayın. “Media forum” saytının axtarış bölməsinə həmin sözü yazın, düzgün yazılışı görəcəksiniz. Yaxud kimsənin vəzifəsi, titulu haqqında məlumat lazımdırmı? Axtarış sistemlərində qurdalanmayın, “Media forum” dadınıza çatacaq, bir zəhmət çəkin, axtardığınız adamın ad-soyadını “Media forum”un axtarış bölməsinə yazın, görün nələr çıxacaq.
Yaxud yenicə jurnalistliyə başlayan, ya da çoxdan jurnalistlik edib hələ də xəbər yaza bilməyən varsa, “Media forum”un xəbərlərini oxusun, onları incələsin və bu praktikadan bəhrələnsin, peşman olmayacaq.
Mövzu axtarırsınız, “Media forum”un arxivinə girin, 1-2 saata əldə edəcəyiniz nəticəyə çaş-baş qalacaqsınız, “orda nələr varmış” deyəcəksiniz.
Bütün bu sadaladığım və yaxud sadalaya bilmədiyim 10 il ərzində ərsəyə gəlib. Hazırda bu redaksiyada çalışanların da, əvvəllər orada işləyənlərin də qətrə-qətrə əməyi var. Və çox sevinirəm ki, o bağın, o bağçanın qurulmasında mənim də əməyim olub.
Orta məktəbdə bir tarix müəllimim vardı – Elbrus Abdullayev (eşitdiyimə görə, rəhmətə gedib, Allah rəhmət eləsin!). Hər dərsdə bizə oxumağı, zəhmət çəkməyi məsləhət görürdü: “Zəhmətinizin bəhrəsini görəcəksiniz, vallah, görəcəksiniz. Oxuyun, deməyin ki, kasıbıq, ali məktəbə girə bilməyəcəyik, həvəsdən düşməyin. Oxuyun, zəhmət çəkin, tələbə olacaqsınız, peşə sahibi olacaqsınız, zəhmətinizin bəhrəsini yeyəcəksiniz”.
Bu məsləhətin hardasa 24-25 illik tarixi var və hər dəfə əməyimin bəhrəsini gördükdə – istər maaş alanda, istər yazdığım yazılar, araşdırmalar müsabiqələrdə qalib olanda ilk yadıma düşən Elbrus müəllim olur. Ona təşəkkür etməyə bilmirəm. Başqa bir təşəkkür borcum isə Azərədir. Saytın baş redaktoru, böyük qardaş hesab elədiyim Azər Qaraçənliyədir.
“Media forum”un səhər iclasları təkcə iş planlaması olmurdu. Hərçənd boynuma alıram ki, həmin iclasların uzanmasına etiraz edənlərin başında mən dayanırdım və bu da mənim səbirsizliyimlə bağlı idi. Hərdən iclaslarımız o qədər maraqlı keçirdi ki, işləmək həvəsini buraxıb elə müzakirələrin davam etməsini istəyirdik. Həmin söhbətlərin biri də Azərbaycanın gələcəyi, insanları, vətəndaşlıq borcu haqqında olmuşdu. Əslində hər dəfə mövzu hərlənib-fırlanıb bunun üstünə gəlirdi və yadımdan çıxmaz ki, hər dəfə Azər belə deyirdi ki, ölkədə hər kəs öz işini, öhdəsinə düşən vəzifəsini vicdanla yerinə yetirsə, hər şey qaydasına düşəcək. (Bu prinsip əslində Azərin müəllif yazılarında da var).
Öz işini vicdanla yerinə yetirmək – bu redaksiyada çalışanlara təkcə peşəkarlıq, jurnalistika, “new media” öyrədilmir, sənətin sirləri açılmır, burada çalışanlar əsl insanlıq praktikası keçirlər. Saytda dərc olunan hər bir xəbərin, hər bir yazının arxasında böyük vicdan dayanır və bu günə qədər də “Media forum”u saxlayan orada çalışanların öz işlərini vicdanla həyata keçirmək bacarığıdır.
Biz haqsızlığa uğrayan, qanunsuz həbs olunan, zülmlə qarşılaşanları bir-birindən ayırd etmədən müdafiə etdik, öz işimizi vicdanla yerinə yetirək deyə.
Vəzifəni vicdanla yerinə yetirmək – bunun daha bir özəlliyi ondadır ki, gecələr rahatca başını yastığa qoyub yata bilirsən, gündüzlər isə alın açıqlığı ilə gəzirsən. Zəhmətinin müqabilində aldığın əməkhaqqı adama o qədər şirin gəlir ki, yüz batman bala bərabər… Bu hissi yalnız halal və vicdanlı adamlar bilə bilər. Hardasa belə bir insanlıq praktikası keçmisinizsə, deməli, siz nə vaxtsa “Media forum”un işçisi olmusunuz…
“Media forum” oxucu arxasınca qacan sayt olmayıb, oxucuları öz ardınca aparan media qurumu olub. 2009-cu ilin yanvarında saytda Rusiyanın Ermənistana külli miqdarda silah satdığını təsdiqləyən sənəd dərc olundu. O vaxt nəinki Azərbaycan mediası, hətta Rusiya, Ermənistan mediası “Media forum” saytına istinadlar etməyə, həmin mövzudan yazmağa başladılar. Sayt əməkdaşları bu mövzunu çox uğurla işlədi və yadımdadır ki, o illərdə saytın İP-si çox yüksək oldu. İP-nin nə qədər olduğunu sayt rəhbərliyi daha dəqiq bilər, amma iclas zamanı biz bununla qürurlanırdıq.
Şəxsən mənim o hadisədən sonra Azərbaycan mediasında buna bənzər faktın olduğu yadıma düşmür. İndi hər kəsə bəllidir ki, saytların İP-ləri hansı yolla yüksəldilir. Bir də Allah “Facebook”un yaradıcısı Mark Suxerberqdən razı olsun ki, hər redaksiya sosial şəbəkədə bir yox, bir neçə səhifə açıb xəbərlərə xeyli maliyyə yatırıb İP toplayır. Tək bir faktı qeyd edəcəm: hər il yay aylarında saytın kollektivi məzuniyyətə çıxırdı. Məzuniyyətdən dönəndən cəmi 1-2 gün sonra saytın daimi oxucuları da qayıdırdı. Sanki bir aylıq fasilə olmayıb, saytın İP-si öz əvvəlki göstəricisinə dönürdü.
İdeal adam, ideal ölkə, ideal iş yeri yoxdur, mən də bu fikirlə razıyam. Sevimli bacım, qələminə, özünə hörmətlə yanaşdığım Alyanın dediyi kimi, “Media forum”un da çatışmayanları var, amma onları deməyə ehtiyac yoxdur: “Evin sirrini niyə çölə çıxardaq ki?!”
Amma bir-iki “çatışmayan” xüsusiyyətini deyəcəm: kim jurnalistikaya gəlir yeri kimi baxırsa, kim onu-bunu şantaj edib pul qazanacağını düşünürsə, kim jurnalistliyə tramplin kimi baxıb karyera qurmaq istəyirsə, kim ağlına gələni yazıb saytda dərc etdirəcəyini güman edirsə, kim köhnə yazılarını təzə ad altında redaktorlara sırımaq niyyətindədirsə, qətiyyən “Media forum”un həndəvərindən keçməsin.
Əziz “Media forum”, gələnli-gedənli, indiki, yaxud sabiq mediaforumçular, 10 illik yubileyimiz mübarək!
Mediaforum.az, 19 dekabr 2014