İqtisadçı Qubad İbadoğlu turistlərin Azərbaycanda və Gürcüstanda çəkdiyi xərcləri müqayisə edib. Novator.az bildirir ki, ekspert özünün “Facebook” səhifəsində Dövlət Sərhəd Xidmətinə istinadla 2019-cu ildə Azərbaycana 3 milyon 170 min əcnəbinin gəldiyini yazır: “Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,5 milyard dollar) olub, bu da hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir.
Bu məbləğ qonşu Gürcüstanla müqayisədə iki dəfədən də çoxdur. 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib, onların cəmi xərcləri 3,22 milyard dollar göstərilib. Bu o deməkdir ki, Gürcüstanda bir turistin məsrəfi orta hesabla 447 dollar olub.
İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən iki turistin xərci Azərbaycana gələn bir turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycanı seçmirlər və elə Gürcüstandan da geri qayıdırlar. Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz azı iki dəfə arta bilər. Amma əksinə proseslər gedir, Azərbaycanda xidmətlərin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması ölkənin özündən turist axınına səbəb olur.
Hökumətə təklif edirəm ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmasa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünsünlər. Bunun üçün ilk növbədə xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı və keyfiyyət yüksəldilməlidir”.