Rəhman Bədəlov
professor
Hələ altı ay əvvəl belə təsəvvür yaranırdı ki, Azərbaycan cəmiyyəti letargiya yuxusuna gedib. Bütün ictimai aktivlik (bunun üçün kifayət qədər pulu olanlar) mollara, kafelərə və möhtəşəm toylara sərf olundu.
Yalnız tənbəllər kuluarlada bir il, beş il, on il sonra iqtisadiyyatımızda, siyasətimizdə hamımızla bağlı nələrin baş verəcəyini müzakirə edirdi.
Ancaq gözləniləndən daha çox gözlənilmədən nəsə dəyişməyə başladı. Hakimiyyət strukturlarında ciddi kadr dəyişiklikləri, ikrah doğuran bəzi fiqurların vəzifədən uzaqlaşdırılması, Milli Məclisə yeni seçkinin təyin edilməsi və sair göstərdi ki, letargiya yuxusu, sadəcə, görüntüdür.
Məlum oldu ki, cəmiyyətin fəal hissəsi dəyişikliklərə çoxdan təşnədir, özü də bunlarda iştirak etməyə hazırdır.
Məlum oldu ki, hərçənd şövq və canlanma haqqında danışmaq hələ tez olsa da, “bu dəfə” hər şeyin fərqli olacağına kövrək bir ümid qalıb, “bu dəfə” məşhur Rusiya baş nazirinin istehzalı ifadəsi təkrarlanmayacaqdı: “Daha yaxşısını istəyirdik, həmişə olduğu kimi alındı”.
“Bu dəfə” necə olacağını proqnozlaşdırmaq çətindir, amma “islahat” prosesinin ilk addımları ilə bağlı narahatlığımı bildirmək üçün “söz istəyirəm” (hələlik bu sözü mötərəzəyə alıram). Üstəlik, həm hakimiyyətdən, həm də cəmiyyətdən.
Bütün inzibati resursların əlində cəmləşdiyi, “islahat” prosesinin əsas “oyunçusu” olan hakimiyyətdən başlayacam.
Güman etdiyim qədər, hökumət ciddi siyasi islahatları istisna edir və gənc texnokratlara və sırf texnokratik qərarlara üstünlük verir.
Belə bir seçimi səhv hesab etməyəcəyik, ilk mərhələlərdə o, nəticələr verməyə qadirdir (və qismən vergi sistemində nəticələr verib), ancaq gec-tez texnokratik mənbənin özünü tükəndirəcəyini proqnozlaşdırmaq olar.
İslahatlar yuxarıdan, hakimiyyətdən başlaya bilər, bir müddət “hakimiyyətdən” davam edə bilər, amma hansısa məqamda ilk növbədə ictimai etimada, ictimai dəstəyə, ikincisi, cəmiyyətin özünün təşəbbüsü və müstəqil fəaliyyətinə əsaslanmalıdır.
Cəmiyyətlə danışmalıyıq, özü də himayədarlıqla deyil, bərabərhüquqlu həmsöhbət olaraq, bunu isə prezident də daxil bizim hökumətdə heç kim bacarmır.
Obrazlı və bir az sadə danışsaq (əks halda məqalə yox, kitab yazmaq lazım olardı), islahatlar “planlı şəkildə”, yalnız “texnokratik” şəkildə həyata keçirilə bilməz, bunlar “qeyri-müəyyənlik”, “özünütənzimləmə”, “artıqlıq”, hətta “xaotiklik”dən (“xaosdan qayda”) müəyyən paya malik olmalıdır.
Məhz buna görə siyasi azadlıqlar lazımdır, buna görə islahat orqanı iqtisadi islahatların mahiyyətindən çox uzaq görünən mədəniyyət sahələri də daxil olmaqla müxtəlif sahələrdən məlumat almalıdır.
Təəssüf ki, islahatlara çətinliklə başlayan hökumətimiz ictimai əhvala laqeyd yanaşmağa başladı.
Hər dəfə avtokratik rejimləri səciyyələndirən məşhur bir ifadə təkrarlanır: “Xalqı xoşbəxt etmək istəyirəm, xalq mənə mane olur”.
Məsələ hakimiyyəti “avtoritar” olaraq damğalamaqda deyil (bir çox cəhətdən bizdə daha yumşaq bir siyasi rejim var), məsələ bundadır ki, hakimiyyət özünü seçkili və ya icraedici kimi qəbul etmir, taleyimizi müəyyən etmək hüququmuzu tanımır.
Düşüncələrim barədə danışarkən aşağıdakı amilləri nəzərdə tuturam (başa düşürəm ki, digər amilləri, bəlkə də daha əhəmiyyətliləri göstərmək olar).
Bu yaxınlarda bələdiyyə seçkiləri baş tutdu və təəssüf ki, bizim “standartlarla”, yəni bir tərəfdən formal, digər tərəfdən seçicilərin rəyinə tam etinasızlıqla keçirildi.
Hakimiyyətin dərhal yenidən qurulmasının mümkün olmadığını, uzun müddət inersiya ilə hərəkət edəcəyini bilirəm, amma hakimiyyət gec-tez başa düşməlidir ki, o, hər hansı bir riskdən qaçmağa çalışarkən yalnız böyük risklər yaradır.
Hələ onu demirik ki, bələdiyyə seçkiləri hakimiyyətin öz xalqına olan daha böyük inamının göstəricisi ola bilərdi.
Digər amillər.
Yeni il ərəfəsində icbari ev sığortası və icbari tibbi sığorta barədə elan verildi.
Sığortanın mahiyyətini mühakimə etməyi düşünmürəm, amma təhdidlər və “dəyənək”lə başlamaq nəyə lazım idi?
Nəyi nəzərdə tuturam?
İctimai Televiziyada evlərin icbari sığortası məsələsi müzakirə olundu və müzakirə iştirakçılarından biri (hakimiyyətdə olan bir məmur) israrlı şəkildə “cərimələr”, “yalnız cərimələr” deyə təklif etdi, əks halda heç bir şey alınmayacaq.
Belə bir fəlsəfə əvvəlcədən icra hakimiyyəti (kimin iradəsini yerinə yetirməlidir?) ilə cəmiyyət arasında uçurum yaradır.
Səlahiyyət sahibi olan daha bir neçə belə məmurla “islahatlarımızın” necə bitəcəyini proqnozlaşdırmaq çətin deyil.
“Cəmiyyət tərəfdən” narahatlığımla əlaqədar bir neçə kəlmə.
Cəmiyyətin – jurnalistlərdən tutmuş ekspertlərə qədər – tənqid etmək hüququna sahib olması, tənqidin sərt və qərəzsiz olmalı olduğu barədə heç kim mübahisə etməz.
Ancaq təəssüf ki, cəmiyyətin savadlı bir hissəsi arasında yayılmış ümumi skeptisizmi (“uğur qazana bilmərik, çünki bizdə, Azərbaycanda heç nə alınmır”), bədxahlığı qəbul edə bilmirəm, sanki bəziləri öz ağlını nümayiş etdirmək üçün hakimiyyətin səhvlərinə sevinir.
Hər şeydən az hakimiyyət orqanlarının vəkili olmaq istərdim (hərçənd söhbət köləlikdən deyil, “vəkillikdən” gedirsə, burda yanlış bir şey görmürəm), amma özümüzə hesabat verməliyəm ki, hökumətimiz bir çox şeydə bizim davamımızdır.
Hakimiyyət cəmiyyətə cəmiyyətin ona inanmadığı qədər inanmır.
Bu qarşılıqlı etimadsızlığın aradan qaldırılması ölkədə islahatların başlanğıcı (mötərizəsiz) olmalıdır.
Mənbə: Contact.az