Qaregin Njde və onun “Seqakron” təlimi
- 16 Dekabr 2019
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Son vaxtlar mətbuatın da gündəmində olan Qaregin Njde adı çoxlarında maraq doğurdu. Ermənistanda “erməni dövlət xadimi” adlandırılan bu hərbi cinayətkara İrəvanda heykəl qoyulması və bu ənənənin Rusiyanın Armavir şəhərində də davam etdirilməsi ciddi təpkilərlə qarşılandı. MDB dövlət başçılarının Aşqabad sammitində Azərbaycan prezidenti İlham Əliyev İrəvanda erməni faşizminin banisi Qaregin Njdeyə heykəl qoyulmasını, nasistlərlə əlbir olan birisinin qəhrəmanlaşdırmasını pislədi. Ermənistanın baş naziri Nikol Paşinyanın İlham Əliyevi erməni xalqına hörmətsizlikdə, məlum tarixi faktları və rəsmi sənədləri şəxsi rəy kimi təqdim etməkdə günahlandırmaq cəhdini rus ictimaiyyəti dərhal cavablandırdı. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyadı və az sonra xatirə lövhəsi söküldü. Rusiyalı hərbi ekspert İqor Korotçenkonun dediyi “Beynəlxalq hüquq normaları və tarixi gerçəklik baxımından Qaregin Njde hərbi cinayətkar və nasistlərin əlaltısı olub. Mən cənab Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edərdim” sözləri yetərincə arqumentli cavab idi.
Bu baxımdan Egey Universitetinin professoru Aydın İbrahimovun hələ 2010-cu ildə Türkiyədə dərc olunmuş yazısı da diqqətçəkən oldu. Njdenin “Seqakron” (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat) ideoloji təliminin mahiyyətini açıqlayan bu yazını Egey Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun dosenti Vəfa Qurban Azərbaycan türkcəsinə cevirib və 9 il sonra yenidən gündəmə gətirib. Yazını təqdim edirik.
1930-cu illərdə Bolqarıstandan ABŞ-a gedən və erməni millətinin qəhrəmanı sayılan Qaregin Njdenin (Ter-Arutyunyan) yaratdığı ideoloji təlimə “Seqakron” adı verilmişdi. Njdenin əsas məqsədi ana köklərindən uzaqlaşan erməni diasporunu, xüsusilə gəncləri sözügedən ideologiya ətrafında yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Tezislərimizi əsaslandırmaq üçün 2004-cü ildə Ermənistanda nəşr olunan “Qaregin Njdenin təlimi” kitabını nəzərdən keçirərək şərh edəcəyik.
Daşnak təşkilatının üzvü olmuş erməni komandir Qaregin Njde 1922-ci ildə Təbrizdən dönərək Sofiyada yerləşir və türklər əleyhinə ilk yazılarını da o vaxtdan nəşr etdirməyə başlayır: “Lernhayastanın Qəhrəman Müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən səhifələr (Qahirə, 1924)”, “Övladların atalarına qarşı mübarizəsi (Selanik, 1927)” və s. Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnakların buraxdığı “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol alır. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə və Türkiyəyə qarşı genetik bir nifrət aşılamaq idi. Bu uydurma nəzəriyyəçi bir müddət sonra erməni milliyyətçi nəzəriyyəsini ortaya ataraq Mussolini və Hitler kimi soydaşları sırasında ad qazandı. Njde 1932-ci ildə Bolqarıstanda nəşr etdirdiyi “Soy ruhunun hərəkatı” kitabı və daha sonra “Xrofk” jurnalında çıxan “Seqakron bir zəfər gücüdür” adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya qoydu.
1933-cü ildə Parisdə daşnakların 12-ci konqresində Njdenin təqdim etdiyi erməni diasporunun antitürk ruhlu təlimatları üç əsas prinsipi ehtiva edirdi və konqresin yekun bəyannaməsində yer almışdı. Bunlar:
– erməniliyin xaricdə funksional fəaliyyətini genişləndirərək onu Ermənistanı müdafiə qabilyyəti durumuna gətirmək,
– erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək,
– bütün gücləri Türkiyəyə qarşı bir cəbhədə səfərbər etmək idi.
Bu tezisləri həyata keçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-a göndərilmişdi. Orada Njdeyə iki tapşırıq verilmişdi. Birincisi, erməni terrorçu Kopernik Tandırçyanla birlikdə Türkiyənin ABŞ-dakı səfiri Muxtar bəyə sui-qəsd etmək, ikincisi isə qısa müddət içərisində ABŞ-da “Seqakron hərəkatı”nı yaratmaq. Fanatik düşüncə, güclü xitab qabiliyyəti və olduqca təsirli bir xarizmaya sahib olan Qaregin Njde qısa müddətdə ermənilərin sıx yaşadığı yerlərdə “Seqakron” təşkilatları (Sexakron Uhter) qurur.
Njde 1934-cü ilin payızında Sofiyaya qayıdır və “Seqakron”un Avropada qurulmasına başlayır. Yaxınlaşan dünya müharibəsi ərəfəsində müxtəlif media orqanları vasitəsilə erməniləri Türkiyəyə qarşı silahlı hücumlar təşkil etmələri üçün ideoloji cəhətdən hazırlayır və cəmiyyət olaraq təmiz bir irqə yönəlmənin yolunu göstərir. Lakin Avropadakı vəziyyət Amerikadan fərqli idi; müharibə gərginliyi son həddindəydi və əhatə dairəsi də olduqca dar idi. 1945-ci ildən sonra isə hərəkat zəiflədi və tarixə gömülmüş kimi göründü. Ancaq 1991-ci ildən günümüzədək Njdenin təlimi yenidən aktivləşdi və hətta qonşu Ermənistanın rəsmi ideologiyası halına gəldi.
İndi isə “Seqakron nədir?”, “Biz niyə ona qarşıyıq?”, “Erməniləri hara yönəldir?” kimi suallara cavab verilməlidir. Əslində bu cavablar vəziyyətin qorxunc taleyi haqqında daha aydın fikirlər yaradır. 1932-ci ildə Sofiyada çap edilən “Xrofk” jurnalında Njde yazırdı: “Bu günə kimi millətimizin yaşadığı əzabların tək səbəbi irqimizin formalaşmamasıdır, biz erməniyik və ermənilik ideologiyası ətrafında toplanmalıyıq, yoxsa bəşəriyyətin ən əzilmiş parçası halına gələrik”. Belə bir düşüncə tərzinə sahib olan Qaregin Njde ortaya bir yanaşma və “beyinyuma” üçün material qoymalı idi. İkisi də tapılmışdı: Konsept: TÜRK DÜŞMƏNÇİLİYİ; Material: SEQAKRON.
Njde faşist əsaslar üzərində formalaşdırılan nəzəriyyəsini əsasən gəncələrə və diaspora yönəltmişdi. Njdeyə görə, erməni cəmiyyətində, xüsusilə də yaşlı nəsildə Türkiyəyə qarşı şüur zəifləyib; eyni meylin gənc nəsildə də inkişafı milli bir təhlükədir. Bu səbəbdən bütün gənc erməni nəslinə “Seqakron” ideyası aşılanmalıdır. Təlimin əsasını da ermənilərin xüsusi (özəl) irq olması və fərqli düşüncə tərzinə sahib olduqları fikri təşkil edirdi. Erməni soyu Njde üçün ən vacibidir; dindən və antropologiyadan daha üstündür.
Njde “Seqarakon”u iki əsas prinsip üzərinə qurmuşdu: 1. Bütün başımıza gələn bəlaların səbəbi biz özümüzük. 2. Bizə lazım olan gücü özümüzdə axtarmalıyıq.
“Seqakron” təlimi aşağıdakı kimi inşa edilir: “Mən öz Soyumu (sex) bilirəm, mən öz nəslimə güvənirəm, mənim soyum Tanrıya daha yaxındır, ali irqdir, mən cismimdə “Seqarakon”u daşıyıram”.
Eyni illərdə İtaliyada faşizm, Almaniyada isə nasional-sosializm düşüncələri ictimai kütlələrə sirayət edilməkdəydi. Başqa bir deyişlə, Ermənistan o dövrdə müstəqil bir dövlət olsaydı, mütləq erməni faşist quruluşundan bəhs edəcəkdik. Fikrimizcə, Anadoludakı və Azərbaycanda erməni dirənişinin əsasında sözügedən düşüncə yer alır.
Njdeyə görə, erməni xalqı aşağıdakı kultlarla həyatına davam etməlidir: Vətən kultu, Qan kultu, Dil kultu, Vətən uğrunda öz həyatını qurban etmə kultu, Ulular kultu, Güc kultu, Öndər kultu. Göründüyü kimi dəyişməyən prinsiplər burada da vacibliyi ilə diqqətdədir.
Vətən kultu: erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci bütün səyini və quvvəsini Ermənistan ərazisini genişləndirməyə sərf etməli və onun bundan böyük xoşbəxtliyi olmamalıdır.
Dil kultu: “Seqakron” hər bir erməniyə bir-biriylə yalnız ermənicə danışmağı tövsiyə edir. Erməni dilini bilməyən soyun nümayəndəsi olaraq qəbul edilə bilməz. Yəni erməni düşüncəsi böyük ölçüdə dilə bağlıdır, əgər dil olmasa xaricə dağılmış erməni birliyini təmin etmək mümkün olmaz. (Nidje bolşevik zülmü altında yaşayan erməniləri özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diaspora bağlayırdı.)
Öz həyatını qurban etmə kultu: Soyunu qorumaq üçün bu yolda ölmək bir şərəfdir və “…aslan kimi mübarizə aparmalıyıq”.
Ulular kultu: “Seqakron” nəsillər arasında əlaqələrin davam etməməsini ən böyük çatışmazlıq kimi qəbul edir. Xüsusilə Ana Vətən torpaqları üzərində fəaliyyətin davamı yeni nəsil üçün qida qaynağı olmalıdır.
Güc kultu: “Seqakron” gücə xüsusi yer verir. Njdeye görə, güclü qazanan olar, haqlı olmaz; dünya güclü olanın qarşısında boyun əyər.
Öndər kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. “Seqakron” soy üzvlərindən öndərin iradəsinə tabe olmağı tələb edir. Ermənilik, Njdeyə görə, hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeydən üstündür!” Buna görə də “Seqakron” ermənilərin maraqlarını hər hansı xalqın mənfəətindən daha üstün tutur. Məsələn, “Seqakron” nizamnaməsinin ana səhifəsi bu şüarla başlayır: “Lozanna? Xeyr, xeyr, xeyr, heç bir zaman qəbul edilə bilməz“. Və fikir belə davam edir: “Bir xalqın ana torpağı digər xalqın daimi vətəni ola bilməz”.
“Seqakron” ermənilərin yalnız torpaq üçün vuruşmağa hazır olmasını tələb etmir, bu təlim daha irəli gedərək ermənilərdən türklərə qarşı amansız intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansı üsulla olursa-olsun yox etməliyik”.
“Seqakron”la digər qeyri-insani təlimlər (nəzəriyyələr) arasında elə də böyük fərg yoxdur. Qaregin Njde təlimi şərh edərkən deyir: “İtalyanların faşizmi var, almanların nasizmi, yəhudilərin sionizmi… Ermənilərinsə “Seqakron”u var… Biz 1919-cu ildə bu fikirləri meydana gətirəndə Mussolini öz düşüncələrini hələ yenicə kəşf edirdi. Hitler hələ ərazilərin genişlənməsini təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun ana torpağı olan erməni dağlıq yeri vermək istəyirik. Hitler yəhudiləri bəşəriyyətə bəla görürdü və buna görə onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə rürklərdir, onlar erməniləri yer üzündən silirdilər və məmləkətimizin torpaqlarının böyük hissəsini ələ keçirmişdilər”…
Göründüyü kimi, “Seqakron” bir nasist təlimdir və dünya ermənilərinin də türklərə, o cümlədən bizə – azərbaycanlılara qarşı davranışlarının əsasını Njdenin düşüncələri təşkil edir.
Əfsuslar olsun ki, bu barbar düşüncə təkcə cəmiyyəti deyil, dövlət idarəçiliyini də təsiri altına alıb. Ermənistan Respublikaçılar Partiyasının nizamnaməsində deyilir: “Partiyamızın əsas ideologiyası Qaregin Njdenin təlimi üzərində qurulub”.
“Bu bir partiyanın düşüncəsidir, burada nə var ki” deyə bilərsiniz. Lakin bu partiya uzun illər Ermənistanda iqtidarda olub və Njdenin düşüncələrini Qarabağa tuşlayıb. İndi isə “Seqakron nədir?”, “Biz niyə ona qarşıyıq?”, “Erməniləri hara yönəldir?” kimi sualların cavabını özünüz düşünün.
“Seqakron” ermənicə iki sözün – irq və din kəlmələrinin birləşməsidir. “İrqin saflığı”, “tanrıdan xüsusi tapşırıq” mənalarını verir. Başqa sözlə, bir növ erməni nasizmi. İndi Nikol Paşinyandan soruşmaq lazım, sən kimin abidəsini qorumaq istəyirsən?!
Aydın İbrahimov
Egey Universiteti beynəlxalq əlaqələr kafedrasının professoru,
Türkiyə, İzmir