Mərkəzi Seçki Komissiyasının 11 dekabr iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş parlament seçkisində Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Ancaq prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 5-də İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var.
Novator.az bildirir ki, namizədlərin irəli sürülməsi dekabrın 6-dan başlayıb. Qaydaya görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir.
İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmama haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Seçkiqabağı təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.