Prezident İlham Əliyev vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsi qanununu imzalayaraq onun tətbiqinə fərman verib. Novator.az bildirir ki, qanuna əsasən, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Vətəndaşların təqdim etdiyi qanun (qərar) layihəsində bu məsələlər nəzərdə tutula bilməz: dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi; əməkhaqqının məbləği və onun ödənilməsi qaydası; cinayət və ya inzibati xətalar; ailə münasibətləri; ərazi quruluşu və inzibati ərazi bölgüsü; dövlətlərarası və Azərbaycan qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; seçki və referendum; Nazirlər Kabinetinə etimad; amnistiya; seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
Konstitusiya qanunlarının təqdim olunması da yasaqdır.
Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan vətəndaşı təşəbbüs qrupu yaratmalıdır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihə təqdim edə bilər.
Təşəbbüs qrupu yaradıldığı gündən bir ay ərzində qrupun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir.
Sənədlər Mərkəzi Seçki Komissiyasına daxil olduğu gündən iki ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması və yaxud bundan imtina edilməsi barədə qərar verilməlidir.
Layihənin tələblərə uyğun olub-olmaması barədə rəy vermək Ədliyyə Nazirliyinin hüququdur.
Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində həyata keçirilməılidir. Təşəbbüs qrupunun üzvləri seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdır. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza yığılmalıdır.
Təşəbbüs qrupunun qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə və sənədlər Milli Məclisə təqdim olunmalıdır.
Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılmalı və səsə qoyulmalıdır.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə görə, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri parlamentin müzakirəsinə təqdim etmək hüququ) deputatlara, prezidentə, Ali Məhkəməyə, seçki hüququ olan 40 min vətəndaşa, Respublika Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.