Rövşən Ağayev
Sosial siyasət üzrə ixtisaslaşmış amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Piter Daymondun redaktorluğu ilə çap edilən “Davranış iqtisadiyyatı və onun tətbiqi” nəşrində uzunmüddətli araşdırma və praktik təcrübələrdən əldə olunan əsas qənaətlərdən biri budur: yüksək stressin olduğu cəmiyyətdə (mühitdə) ən yaxşı təşəbbüs və ideyalar, ən xoş niyyətlər belə arzulanan inkişafa gətirib çıxarmır, hətta cəmiyyət irəli getməkdənsə geriləyir.
Araşdırıcılar Hindistan kimi inkişaf etməkdə olan ölkələri əsas götürərək iddia edir ki, kasıb bir bölgədə yoxsul ailənin timsalında eksperiment aparsanız, orada uşağın təhsilə həvəs göstərmək ehtimalı çox aşağıdır.
Belə bir nümunə də göstərirlər: xəstə həyat yoldaşının ayaqda qalması üçün məsrəflərlə yanaşı övladını oxutmaq üçün də gecə-gündüz çalışan atanın səyləri adətən uğurlu olmur. Yoxsul bölgədə, ətrafdakı uşaqların əksəriyyətinin oxumayıb küçələrdə zaman keçirdiyi mühitlə ananın xəstəliyinin ailədə yaratdığı ümidsizlik birləşincə uşağın təhsilə maraq göstərmək ehtimalı çox azdır.
Məncə, çox doğru təsbitlərdir: müharibənin və işğalın vurduğu ağır zərbələr, cəmiyyətdə müntəzəm siyasi yenilənmənin olmaması, uzunmüddətli təlaş və qorxu nəticəsində Azərbaycan cəmiyyətindəki ümidsizliyi və xofu sezməmək mümkün deyil.
Gerçək inkişaf üçün öncə bu ümidsizlik və xofu yenmək lazımdır. Günü sabah icmalara öz bələdiyyələrini, deputatlarını seçmək imkan verilsin, bələdiyyələrin icmanın problemlərini həll etmək üçün imkan və maliyyəsi artırılsın, ölkədə insanların ümidi göyərəcək, insanlarda özlərinə və başqalarına inam və hörmət artacaq.
Heyf ki, Azərbaycanda elmin digər sahələri kimi davranış iqtisadiyyatını, cəmiyyətin psixoloji durumu və inkişaf iqtisadiyyatı arasında əlaqələri tədqiq edən insanlar, institutlar yox səviyyədədir.