Ruzanna Rəşidqızı
Oxucunun gözüylə baxanda Azərbaycanda jurnalist iki mediadan birinə işləyə bilər: ya hakimiyyətə yıxılana, ya da müxalifətin dəmirini döyənə. Ancaq təhsilli jurnalist bilir ki, bunların heç biri jurnalistika deyil, jurnalistikanın əsas dəyərlərinə – müstəqillik və tərəfsizlik prinsiplərinə ziddir.
Bəs dəyərlərini qorumaq, vicdanla işləmək, başını yastığa rahat qoymaq, həm də pul qazanmaq istəyən jurnalist neyləməlidir? Çətin sualdır, doğrudan çətindir. Bu çətinliyi çözə bilməyən, çozübsə də, dayana bilməyən, vaxtilə “qələminə sağlıq”, “yaxşı ki, varsan” dediyimiz nə qədər jurnalisti “itirmişik” son illər. Məqaləsinin sonundakı imzanı oxuyanda gözlərimizi ağardıb, “bunu sənmi yazdın?” deyərək, o qədər başsağlığı vermişik ki, Azərbaycan jurnalistikasına…
Ancaq yolu tapanlar da var, daha doğrusu, cürbəcür yollara baş vuranlar. Məsələn, eyni zamanda müxtəlif xarici mətbuat orqanlarına yazıb (əlbəttə, dil bilirlərsə), yerli bazarla müqayisədə daha yaxşı əməkhaqqı ala bilən jurnalistlər var. Bəziləri həm də beynəlxalq jurnalistika müsabiqələrinə, layihələrinə qatılır, hələ bir az da qabağa gedib beynəlxalq jurnalistika məktəbləri üçün dərslik yazır və s. Fəqət ayaq üstə dayanmaqdan ötrü bunların biri kifayət etmir, hamısı lazımdır! Yalnız bu halda dəyərlərə sadiq qala-qala yaşamaq olur, ancaq rahat yatmaq yenə qeyri-mümkündür. Çünki elmi araşdırmalara görə, məhz bu cür fəaliyyət göstərənlər çox vaxt insan beynini ciddi şəkildə zədələyən “multitasking” (beyinə eyni vaxtda çoxlu və müxtəlif tapşırıqların verilməsi) sindromundan əziyyət çəkirlər. Bu, məsələnin bir tərəfidir. Məsələnin başqa tərəfi – jurnalistlərin təqdimatıdır.
Təbliğat o yerə gətirib ki, indi kimsə beynəlxalq mətbuata yazdığını, ələlxüsus qrant layihələrinə qoşulduğunu deməyə utanır. Adamlardan lap elə belə soruşan da olur: “Satqınlıq eləyib qazanırsan, hə?”
“Vikipediya”da izah olunur: qrant dövlət qurumları, təşkilatlar, fondlar tərəfindən verilən vəsaitdir və bu vəsait adətən gəlirsiz institutlara, qurumlara, kiçik biznes sahiblərinə layihələrini reallaşdırmaqdan ötrü verilir. Bəzən təbii fəlakətlərdən zərər çəkənlərə də qrantla yardım edirlər.
Azərbaycan hökuməti də xarici ölkələrdən, beynəlxalq təşkilatlardan qrant alır. Hər il. Milyonlarla. Azərbaycanın əsas donorlarından biri Avropa Birliyidir. Qurumun səhifəsində verilən məlumata görə, Azərbaycan müstəqilliyini qazanandan 2016-cı ilə qədər Avropa Birliyi ölkəyə 500 milyon manatdan çox pul ayırıb. Bunun bir hissəsi vətəndaş cəmiyyəti təşkilalarına, bir hissəsi də dövlət idarələrinə verilib. Hesablama Palatasının məlumatında deyilir ki, 2018-ci ildə Azərbaycanda Avropa Birliyinin qrantı hesabına 10 milyon manatdan çox pul xərclənib…
Avropa ölkələrində həsədlə baxdığımız güllü eyvanlar var ha, onları çiçəkləndirən də bəzən qrantdır. Bələdiyyə, ya da bu işə baxan, yaxud marağında olan başqa qurum eyvan sahibinə dibçəyində gözəl güllər əkmək üçün qrant verir. Həyət-bacada, eyvanda gözəllik yaradırsız və bir müddət sonra pul aldığınız adam (bütün qrant verənlər kimi) gəlir, nəticəylə tanış olur, hesabatını alıb gedir.
Amma çiçək Avropanı maraqlandıra bilər, Azərbaycanın çiçəkdən ağır, çəkilməsi mümkün olmayan, sözün düzü, mümkün olmasına imkan verilməyən dərdləri var. Çox eşitdiyimiz insan haqları, məişət zorakılığı, qadın və uşaq, ekologiya problemləri, yaxud haqqında eşitmədiyimiz, evə qapanmaq məcburiyyətində qaldığından yada düşməyən fiziki məhdudiyyətlilərin dərd-səri və nəhayət, əsas mətləbə gələk, jurnalistikanın çəkilməklə bitməyən dərdləri var.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində nə öyrədilir, fakültəni bitirən jurnalistikaya nə dərəcədə hazır olur, bunu fakültədən xəbəri olanlar bilir, bilməyənlər axtarış eləsə maraqlı yazılar oxuyarlar. Başa düşərlər ki, Azərbaycanda jurnalistikanı azdan-çoxdan saxlayan beynəlxalq media qurumlarının qrantları hesabına həyata keçirilən adda-budda layihələr – təlimlərdir. Jurnalistika fakültəsində deyil, məhz bu təlimlərdə jurnalistə məhkəmə qərarı olmadan kimsəni cinayətkar adlandırmağa haqqı çatmadığını, dini məsələlərdən yazmaq qaydalarını, media etikasını, mediada təhlükəsizliyin nə olduğunu öyrədirlər. Düzdür, Azərbaycan jurnalistikası beynəlxaql təcrübədən birbaşa yararlanmaq lüksünə sahib deyil. Əcnəbi təlimçilər Tiflisdə, lap Almatıda jurnalistika fakültəsinin tələbələriylə görüşə bilərlər, amma onları Bakıya buraxan yoxdur. Media etikasıyla yanaşı araşdırmağı, hansı pulun hara xərcləndiyini bilib-bildirməyi öyrədərlər deyə, onları bu tərəflərə hərlənməyə qoymurlar. Bakıda jurnalistikanın nisbətən yüngül problemləri müzakirə oluna bilər. Ona da maraq göstərən, pul ayırmaq istəyən olsa…
Hərdən qadın və uşaq, yaxud ekologiya problemləriylə bağlı, jurnalistikayla dolayı əlaqəsi olan layihələrə qoşulmaq fürsəti olur. Bu cür layihələri də bəzən dövlət orqanları, çox vaxt hansısa səfirlik və ya beynəlxalq təşkilat maliyyələşdirir. Bax, belə olanda “kimin kimə satıldığı ortaya çıxır”. “Pulu hardan alırsan?”, “Sənin yazdıqlarını niyə bizim yox, xaricilərin jurnallarında oxumalıyıq?”, “Hə, deməli, onlara işləyirsən?” kimi ittiham dolu suallar yağır adamın üstünə.
Əlac qalır suallara cavab verməməyə, susmağa. Onda da üzlərinə deyə bilməsələr də, özlərinə deyirlər: “Yüz faiz kiməsə işləyir! Qrantyeyən satqın!”
Müəllifin başqa yazıları: