Həbsdə olan jurnalist Polad Aslanov oktyabrın 9-da ailəsinə zəng vurub. Həyat yoldaşı “Azadlıq” radiosuna deyib ki, Polad Aslanov ona oktyabrın 5-dən aclıq aksiyası keçirdiyini bildirib. Onun sözlərinə görə, Polad Aslanov qeyri-qanuni həbs olunduğunu, istintaqın obyektiv aparılmadığını deyib, həbs müddətinin uzadılmasından narazı qaldığını vurğulayıb.
Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru olan Polad Aslanovu Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. Bu qurumun 2019-cu il iyunun 13-də yaydığı məlumata görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.
İstintaq zamanı Polad Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib”.
Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
Oktyabrın 5-də Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatətinə baxaraq jurnalist barəsində seçilmiş həbs qətimkan tədbirini gələn il fevralın 12-dək uzadıb.