Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Bəzən insan oğlu fikirləşir, görəsən namuslu, qeyrətli, zəhmətkeş bir ailədə böyümüş, düzgün tərbiyə görmüş, publisistika sahəsində qələmini sınamış vətən oğulları öz doğmaları barədə xoşagəlməyən yalanlar uydurmaqla nəyə nail olmaq istəyirlər? Bəzi insanlar öz həyat tərzini unudub, başqasının mənəvi dünyasına torlu gözlə baxırlar. Belə xəstə gözlər daim həqiqəti görməkdə çətinlik çəkirlər. Unudurlar ki, daxili zəngin olan şəxs öz mövcudluğu və əməli ilə şəxsiyyətə çevrilməlidir. Bunu xalqımın mentaliteti tələb edir. Bir xalqın adət-ənənələri öz təsdiqini cəmiyyətdə tapır. Əgər cəmiyyətdə böhtançılar varsa yazıq bizim halımıza. Vaxtında başımızın çarəsini qılmalıyıq.
Sözün doğrusu, Cavanşiri pərişan görəndə özüm də hiss etmədən məni soyuq tər basdı. Bir söz demədən gözünü mənə zilləmişdi. Əlində bir neçə qəzet vardı. Özü də hiss etmədən əlindəki qəzetlərlə özünü yelləyirdi. Handan-hana:
– Otur, qardaş, – dedi.
Onun gözlərində olan nifrət qığılcımı get-gedə güclənirdi. Mən hiss etdim ki, nəsə demək istəyir, amma özünü ələ ala bilmir. Onu bu qəmli, kədərli dəqiqələrdən uzaqlaşdırmaq üçün minbir hərəkət edir, cürbəcür oyunlardan çıxırdım. Söz yarasının nə qədər dərin olduğunu yavaş-yavaş hiss etməyə başladım. Ondan xahiş etdim ki, əlindəki qəzetin birini mənə versin, mən də özümü yelləyim. Çox halsız bir şəkildə qəzetin birini mənə uzatdı. Qəzeti vərəqləyərkən “Mərhum polkovnik Cahangir Rüstəmovun qaranlıq keçmişi” sərlövhəli məqaləni görərkən elə bil ki, bir anlığa göyün üzünü qara bulud aldı. Cavanşiri unudub, əlimdəki başlığı təkrar-təkrar oxuyurdum. Gözlərimə inanmaq istəmirdim. Amma inansam da, inanmasam da, qəzet nəşr olunmuşdu.
Cavanşir çox ehtiyatla qolumdan tutaraq:
– Qardaş, sənə əsəbləşmək olmaz! Sən ulu babalarımızın dediyi nəsihəti xatırla, saf su murdarlıq götürməz.
Evimizi, kəndimizi, obamızı, vətənimizi, torpağımızı göz bəbəyi kimi qoruyub şəhidlik zirvəsinə ucalan insanların ünvanına olmazın iftiralar yağdırmaq heç kəsə şərəf gətirə bilməz.
Əgər biz bu gün təhqir olunuruqsa, onun səbəbini bilmədən, öyrənmədən qarşı tərəfə cavab veririksə, onun səviyyəsinə enmiş oluruq. Öz səviyyəmizi qorumaq üçün qarşı tərəfin belə bir yola əl atmasının səbəbləri aydınlaşdırılmalıdır. Hər bir insan atdığı addımla hesablaşmalıdır. Yazdıqlarının nə kimi fəsadlar yaradacağı barədə düşünməlidir. Qələm sahibi yazıçı da, şair də, jurnalist də, özünün qeyd etdiyi kimi Qarabağ müharibəsi veteranı, ehtiyatda olan ədliyyə mayoru da ola bilər. Bu qədər titulu olan qələm əhli insan hüquqları barədə heç macal tapıb düşünmədimi?
Dünyagörüşü zəngin olan insan şəxsiyyət amilini, sistemli və ahəngli həyata bağlılığını düşünməlidir.
Qələm əhli heç düşünmədimi ki, cəmiyyət təbəqələrə bölünür. Bu təbəqələr insanların tutduqları peşələrə müvafiq olaraq yaranır. Bizim hər birimiz qəhrəman, qazi Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsi barədə düşünməliyik.
Hamı bilməlidir: Vətən – xüsusi sevgi, məhəbbət və hörmətə layiq müqəddəs torpaqdır. Vətənin qədrini bilməliyik. Bunu bacarmırıqsa…
Vətən torpağının 20 faizinin düşmən tapdağı altında olduğu bir vaxtda, vətənin müstəqilliyi və ərazi bütövlüyü yolunda həyatlarını qurban vermiş şəhidlərimizə, onların ünvanına qərəzli böhtanlar yağdıran insanların özlərini vətəni, onun müqəddəs torpağını sevən təəssübkeş kimi göstərməyə haqları yoxdur.
Cavanşir ayağa qalxdı, dərindən ah çəkib ətrafa göz gəzdirdi. Adam bilmir, görəsən sabah hansı şər-xata ilə qarşılaşacaqsan. Hər birimizin müqəddəs vəzifəmiz qəhrəmanlıqları ilə seçilən igid oğul və qızlarımızı, onların qəhrəmanlıq salnamələrini yad etmək, onların qəhrəmanlıqlarını böyüməkdə olan gənc nəslə aşılamaqdan ibarətdir. Canlarını vətən yolunda qurban vermiş şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün bir məktəb ola bilər.
Cavanşirlə addımlayarkən uşaqlıq illərimi xatırladım. Hətta onunla yanaşı gedərkən yanımda olduğunu belə unutmuşdum. Çayrəsullu kənd orta məktəbində oxuyarkən o uzaq məsafəni yorulmadan gedib-gəldiyimiz günlər. Hər kəsin qəlbində şərəflə yaşamaq, oxumaq, bir tərəfə çıxmaq eşqi alovlanırdı. Biz düzgün tərbiyə görmüş insanlarıq. Həmişə çalışmışıq ki, valideyinlərimizin verdiyi öyüd-nəsihəti unutmayaq. Biz yaşlansaq da valideyinlərin tövsiyəsi həyat məktəbimiz olub. Şərdən, böhtandan uzaq insanlar olmuşuq. Haram tikədən uzaq durmuşuq.
Şüurlu insan bilməlidir, nəhayət, bilməlidir ki, əlində Azərbaycan bayrağı, “Təki Vətən sağ olsun! Vətən yaşasın! Yolunda ölməyə hazıram!” deyib sinəsini düşmənə sipər edən halal süd əmmiş bu xalqın övladlarıdır.
Qədir-qiymət bilməyən qonşularımız xalqımıza qarşı böhtan yağdırmaqdan əl çəkmirlər. Bütün dövrlərdə bu əzəmətli xalqın qapısında bənnalıq, pinəçilik edən daşnak qalıqları saman altından su yeridiblər.
Cavanşirin mobil telefonuna gələn zəng məni düşüncələrdən ayırdı. O, danışarkən mən tərəfə baxır, başı ilə razılığını bildirirdi. Hiss etdim ki, Cavanşir elə bil ki, yuxudan ayılmış insanlar kimi hərəkət edir. Nəhayət, öyrəndim ki, zəng edən qardaş oğlu Elçindi, telefonu mənə verdi. Mən Elçinlə bu məsələ ilə əlaqədar çox götür-qoy etdik. Elçinin axırıncı cümləsi:
– Görürsən, əmi, vətən yolunda canını qurban vermiş atam barədə böhtanlar yağdırıb, ləkələmək üçün hansı yollara əl atırlar.
Elçinin səsi məni kövrəltmişdi, telefonu qapadası oldum. Cavanşir mənim vəziyyətimi görüb bir az məyuslaşmışdı. Elçin təkrar zəng edirdi. Cavanşir:
- Sən lazım olan sənədləri hazırla, inşallah, hüquq mühafizə orqanları bu məsələ ilə məşğul olacaqlar. Ruhdan düşmə, oğlum, bu xalqın qədirbilən oğullarının sayı-hesabı yoxdur. Böhtançılar, inşallah, qanun qarşısında cavab verməli olacaqlar.
Elçinin təkrar zənginə cavab verməli oldum:
– Oğlum, xalqımızın milli qəhrəmanı, məshəti türkü İsgəndər Aznaur (Topçu İsgəndər) müharibə başladığı gündən atanla çiyin-çiyinə olublar. Topçu İsgəndər sənin atana komandir yox, həmişə ata deyə müraciət edib. Sən fəxr etməlisən ki, “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş bir zabitin övladısan, Milli qəhrəman Məzahir İzzət oğlu Rüstəmov kimi bir doğman var. Mənim tövsiyəm səbirli, təmkinli olmaqdır.
Mən onunla belə sağollaşdım.
Cavanşirlə bərabər başımız söhbətə elə qarışmışdı ki, çay içmək də yaddan çıxmışdı. Təklif etdim ki, baş-başa oturub bir çay içək. Sözün doğrusu, bərk susamışdım. AMEA-nın bağında bir çayxana vardı. Orada oturmağı məsləhət bildim.
– Nə deyirəm, əmioğlu, otur deyirsən, oturaq.
Elçinin telefon danışığından sonra Cavanşir bir az rahatlaşmışdı.
– Qardaş, – dedim, – səndən bir xahişim var.
- Eşidirəm, əmioğlu.
- Deyirəm mövzunu dəyişsək yaxşıdır. Biz nə üçün ah-uf edib, kədərlənməliyik? Qardaşım, biz aydan arı-sudan duru insanlarıq. Haqq-ədalət yerini tapacaq.
İnsan fikirli olduqda hər şey yaddan çıxır. O qədər fikirli idik ki, çayçı oğlanın yanımıza gəldiyindən xəbər tutmamışıq. Çayçıya tərəf döndüm:
– Bağışla, oğlum, başımız söhbətə qarışıb, gəldiyindən xəbərimiz olmayıb. Bizə yaxşı bir çay dəmlə.
– Baş üstə, əmi, yaxşı mürəbbələrimiz var. Ürəyiniz istəsə sifariş edə bilərsiniz.
Oğlanın xətrinə dəymək istəmədim.
– Sən yaxşı oğlana oxşayırsan, hansından məsləhət bilsən gətir.
Çayçı “Baş üstə” deyib aralaşdı. Cavanşir mənim cavan çayçı ilə səmimi danışığıma qulaq asıb, dedi:
- Sən insanlara doğmalarımız kimi müraciət edirsən! Allah qəlbinə görə versin!
Dedim:
- Cavanşir o, xalqımızın bir layqli övladıdır. Nə olsun ki, bu gün çayçılıq edir? Bəlkə sabahın sayılıb-seçilən qəhrəmanlarından biri olacaq.
Çayçı oğlanın davranışı məni valeh etmişdi. Ürəyimdə pıçıltı ilə dedim:
- Allah bütün valideynlərə belə övlad qismət eləsin.
Çayçı oğlan arada gəlib soruşurdu, başqa qulluğunuz varmı?
Oğlanın bu hərəkəti məni çox məmnun etmişdi. Dedim:
- Oğlum, orta məktəbi bitirmisənmi?
O, gülümsündü.
- Müəllim, mən sizi yaxşı tanıyıram. Siz şərqşünaslıq fakültəsində işləyirsiniz, mən isə jurnalistika fakültəsinin üçüncü kurs tələbəsiyəm.
Məni təəccüb bürüdü:
– Oğlum, bəs bu çayçılıq nə deməkdir?
– Mənim universitetə kredit borcum var, işləməyə məcburam.
Oğlan bu sözləri deyərkən gecə işləyib, gündüz oxuduğum günlər yadıma düşdü.
– Allah köməyində dursun, ay oğul. Bu sənin üçün çətin deyilmi?
- Ay müəllim, indi elə zəmanədə yaşayırıq ki, hər şey çətindi. Zamanla ayaqlaşmaq lazımdı.
- Mənim rəhmətlik atam deyərdi: çalışın, halal zəhmətlə yaşayın, şərdən uzaq durun, əyri yolu seçən insanların sonrakı aqibəti yaxşı olmur. Oğlum, sən qələmini heç sınamısanmı?
– Əlbəttə, ştatdankənar müxbir kimi də işləyirəm.
– Oğlum, səni daha yormayacam, sonuncu bir sualım var.
– Buyur, müəllim. Sizinlə söhbət mənim üçün çox xoşdur.
– De görüm: şəhidlərimiz barədə heç yazı yazmısanmı?
– Müəllim, sizin verdiyiniz sual çox məsuliyyətli bir cavaba aiddir. Mən bilmirəm verəcəyim cavaba hazırammı. Şəhidlər xalqımın yaddaşına qızıl hərflərlə həkk olunmuş, əbədiyaşar qürur mənbəyidir. Onları şəhidlik zirvəsinə ulu tanrı yüksəldib! Qəhrəmanlıq kimi şərəfli adın tarix səhifəsinə yazılmasına nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir, müəllim.
Biz çayçı gəncə yox, parlaq gələcəyi olan savadlı, qabiliyyətli bir jurnalistə rast gəlmişdik.
– Görürsən, Cavanşir, belə parlaq düşüncəsi olan gənclərimiz az deyil. Onların çoxu bir parça çörək üçün gözlərindən od üfürürlər. Bu cavan oğlan gecə-gündüz çalışmalıdır ki, kredit borcunu ödəsin. Dövlətimiz belə gəncləri himayə etməlidir. Dövlətimiz son zamanlar gənclərimizlə əlaqədar yüksək səviyyəli tədbirlər keçirir. Gənclərimiz də hiss etməlidirlər ki, onların mütəxəssis kimi formalaşmalarında dövlətimizin qayğısı az deyil. Bu çay süfrəsi bizə parlaq bir gələcəyin qapısını açdı. Qalan işlər insanın öz qabiliyyətindən asılıdır.
Cavanşirlə məni düşündürən, çox məsuliyyət tələb edən mövzu cavabını elə tapmalıdır ki, nə şiş yansın, nə kabab. Ədalətli olmaq hər birimizin borcudur. Bu yola baş vurmağımızın səbəbi də budur. Hər kəs bilməlidir ki, bu milləti şərlə, böhtanla ləkələmək olmaz. Ona görə ki, onun qədirbilən namuslu, qeyrətli oğulları var.
Biz də azdan-çoxdan kitab oxumuşuq. Gör-götür dünyasıdır. Bilirik ki, qəhrəmanlıq bir göz qırpımında olsa da, amma neçə əsr, neçə qərinə yad edilir. Qəhrəmanlıq insan mənəviyyatının zənginliyinə, ucalığına dəlalət edir. Qəhrəmanlığın müasir və gələcək nəslin tərbiyəsində əvəzsiz rolu var.
Biz çayçı ilə sağollaşandan sonra akademiyanın bağında kölgə düşən bir yerdə oturub, söhbətimizi davam etdirdik.
Sözün doğrusu, “Millətin səsi” qəzetində dərc olunmuş “Mərhum polkovnik Cahangir Rüstəmovun qaranlıq keçmişi”, “Mərhum polkovnik Cahangir Rüstəmovun qaranlıq keçmişindən epizodlar” adlı böhtan xarakterli məqalələrin məzmunu bizi rahat buraxmırdı. Jurnalist kimi şərəfli addan istifadə edib, həyatını vətən, torpaq yolunda qurban vermiş qəhrəman oğullarımızın ünvanına olmazın böhtanlar yağdırmaq heç nəyə sığmır. O qələm sahibi bilməlidir ki, belə insanları Tanrı da bağışlamır. Belə insafsız, böhtan xarakterli yazılar insanlar arasında nifrət hədəfinə çevrilir.
Cavanşir özünə yer tapmırdı. Bilmirdi içindəki alovu necə söndürsün. Var-gəl edir, öz-özünə danışırdı. Onun hərəkətlərinə haqq verirdim. Böhtan çox ağır zərbədir.
– Bu ədliyyə mayoru yazır ki, Qarabağ müharibəsi veteranıyam. Buna hörmətlə yanaşırıq. Amma dəsti-xəttinlə tanış olanda sənin vətən sevginə şübhə yaranmaya bilməz. Ədliyyə mayoru…
Cavanşir özü də hiss etmədən əsəbi halda:
- Qardaş, qədirbilən xalqımız hər dəqiqə qəhrəmanlarımızı, qazilərimizi xatırlayarkən qürur hissi keçirir. Mübariz İbrahimov, Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Gədəbəyin Mutudərə əməliyyatında şəhid olan Məzahir Rüstəmov, briqada komandiri polkovnik Cahangir Rüstəmov… Qəhrəman oğullarımızın sayı çoxdur. Onların hamısının adını birnəfəsə sadalamaq mümkün deyil. Allah onların hamısına rəhmət eləsin.
Bu gün atəşkəs olsa da, düşmən öz mənfur əməllərindən əl çəkmir, demək olar ki, hər gün sərhəd bölgələrimiz iri çaplı silahlardan atəşə tutulur. Dinc əhali arasında xof yaradırlar.
Bu hadisələrin operativ şəkildə əhaliyə çatdırılmasında özünü təhlükəyə atan namuslu, qeyrətli, vətənpərvər jurnalistlərimiz az deyil.
– Qardaşım, bunlar barədə fikirləşərkən bir nurani, müdrik kişinin dedikləri yadıma düşdü. O deyirdi ki, qeyrətli oğullar harada olsalar da, bir gün üzə çıxacaq. Tarlanı seyr edərkən görürsən ki, hər tərəfi qanqal basıb, amma o qanqallığın ortasında göz oxşayan bir gülə rast gəlirsən. Ətraf qanqallıq olsa da gül güllüyündə qalır.
Başkənd əməliyyatında iştirak edən oğullarımız bu gün də xalqın ürəyində xoş xatirələrlə yad edilir.
Bu sətirləri yazarkən çalışırm ki, oxuculara dəqiq məlumat verim. Mərhum polkovnik Cahangir Rüstəmovun Şəmkir şəhərində, İsmət Qayıbov küçəsi, ev 36-da yaşayan oğlu Elçin Rüstəmova verilmiş arayışı olduğu kimi təqdim edirəm.
31.03.2019-cu il tarixli, 941 nömrəli arayışın məzmunu belədir: “Məlumat üçün bildirirəm ki, “Azərbaycan Bayrağı” ordenli şəhid mərhum polkovnik Rüstəmov Cahangir İsgəndər oğlu 1991-ci ildən 1994-cü ilədək 861 saylı (hazırda bu hərbi hissənin nömrəsi başqa cürdür – R.R.) hərbi hissənin komandiri vəzifəsində xidmət etmişdir.
Hərbi hissədə komandirlik etdiyi müddətdə 1992-ci ilin aprel ayında Tbilisi-Bakı şossesində alayın apardığı ilk döyüş əməliyyatında döyüşçülərimiz MDB-yə məxsus 3 tank və 1 BMP-ni ələ keçirmişdir. Bu texnikalar Gədəbəyin sərhəd bölgələrindən çıxarılmışdır. Alay komandanlığı ələ keçirilən texnikaları Müdafiə nazirinin sərəncamı ilə döyüş bölgələrinə göndərdi.
1992-ci il də Azərbaycanda yerləşən MDB-nin bir çox obyektləri, o cümlədən də aerodromları MDB-nin hərbi qulluqçuları tərəfindən vəhşicəsinə dağıdıldı. Lakin polkovnik Cahangir Rüstəmov rəhbərlik etdiyi 861 saylı hərbi hissənin şəxsi heyəti MDB-yə məxsus “Dəllər” qarnizonunun dağıdılmasına yol vermədi. Aerodrom bir aydan çox mühasirədə saxlandı. Ay ərzində törədilən təxribatlara baxmayaraq alayın şəxsi heyəti qarnizonu igidliklə ələ keçirdi. Respublikanın bu ağır vəziyyətində əldə edilən əmlakın, texnikanın, silah-sursatın qiyməti milyardlara bərabər idi. Bir ədəd döyüş vertolyotu, iki ədəd İL-76, bir ədəd SU-24, bir ədəd SU-25, bir ədəd MİQ-25 təyyarələri, külli miqdarda avtotexnika, silah, sursat, geyim, ərzaq, hərbi obyektlər, ictimai və yaşayış binaları ələ keçirildi. Polkovnik Cahangir Rüstəmov tərəfindən göstərilən qayğı və köməklik şəxsi heyətin arasında böyük ruh yüksəkliyinə və şəxsi heyətin uğurlu döyüş əməliyyatları aparmasına imkan vermişdir.
08 avqust 1992-ci il tarixində yuxarı komandanlıq tərəfindən hazırlanmış plana əsasən polkovnik Cahangir Rüstəmov rəhbərlik etdiyi 861 nömrəli hərbi hissənin şəxsi heyəti ilə birlikdə “Başkənd” döyüş əməliyyatına başladı. Saat 15:00-da başlanan əməliyyat 17:15 radələrində Başkəndin alınması ilə nəticələndi. Düşmən külli miqdarda canlı qüvvə, silah-sursat və texnika itirərək sərhədlərimizdən o yana atıldı. Gədəbəyin üzərini almış təhlükə aradan qaldırıldı.
Polkovnik Cahangir Rüstəmov İsgəndər oğlunun rəhbərlik etdiyi hərbi hissə bu kimi bir çox mühüm döyüş əməliyyatlarında (“Hörükdaş”, “Vətən təhlükədədir”, “Sarıyal”, “Şəmiri”, “Keçəldağ”) strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmiş və düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdir.
Döyüş əməliyyatları aparılan zaman bir çox strateji əhəmiyyətli mövqeləri ələ keçirmiş polkovnik Cahangir Rüstəmov əldə etdiyi nətilərə görə Ordu Komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
1994-cü ilin mart ayında torpaqlarımızın erməni quldurları tərəfindən işğalına yol verməyən Gədəbəy rayonundakı hərbi hissənin komandiri polkovnik Cahangir Rüstəmov döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra polkovnik Cahangir Rüstəmov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Xalq qəhrəmanı polkovnik Cahangir Rüstəmovun gələcək nəsillərə nümunə olması üçün hərbi hissənin qərargahı önündə büstü ucaldılmış, adının və xatirəsinin əbədiləşdirilməsi məqsədilə hərbi hissənin döyüş mövqelərindən birinə onun adı verilmişdir.
Hərbi hissə komandiri polkovnik-leytenant Eldəniz Nəsirov”.
Cavanşir xəyala dalmış bir vəziyyətdə gözünü mənə zilləmişdi, nəsə demək istəyirdi. Biz xalqımızın qeyrətli, vətənpərvər, dövlətçiliyimizə sadiq olan, keçmiş komandirinin şərəfini qorumağı bacaran, həqiqətin gözünün içinə dik baxan polkovnik-leytenant Eldəniz Nəsirova bu çox dəyərli və səmimi arayışa görə hörmət və ehtiramımızı bildiririk.
Cavanşirin yanağındakı təbəssümü, titrəyişi gördüm. Bu arayış bizim üçün bir təsəlli idi.
Cavanşir kövrək səslə:
– Qardaş, görürsən, komandir Eldəniz Nəsirov necə mərd, xalqını, torpağını sevən, halal süd əmmiş bir Azərbaycan oğludur. Belə oğullar varkən, qəmlənməyə dəyməz. Sonuncu abzas məni dağlara qaldırdı. “Xalq qəhrəmanı polkovnik Cahangir Rüstəmov”. Belə oğullar çox olsa, basılmaz vətən!
Mən Cavanşirə, yeri gəldikcə özümə də təsəlli verə-verə mərhuma verilmiş xidməti xasiyyətnamə ilə də oxucuları tanış etmək qərarına gəldim.
“Xidməti xasiyyətnamə.
Polkovnik C.İ.Rüstəmov heç vaxt gördüyü işlərlə öyünməzdi, o, bu torpağın –Müqəddəs Azərbaycanın oğlu olmağı ilə həmişə fəxr etmiş və ölənə qədər bu torpağa sadiq qalacağına söz vermişdir.
Polkovnik Cahangir İsgəndər oğlu 28.03.1994-cü il tarixdə Gədəbəy rayonunun Qaravəllər kəndi ətrafında xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.
Öz ölməzliyi ilə əbədiyyətə qovuşan polkovnik Rüstəmov Cahangir İsgəndər oğlu komandiri olduğu hərbi hissənin şəxsi heyətinin heç vaxt yaddaşından silinməyəcəkdir. Millət, torpaq uğrunda ölənlər xoşbəxtdirlər.
Torpaq – əgər uğrunda ölən varsa Vətəndir.
Xidməti xasiyyətnamə polkovnik Cahangir İsgəndər oğlu Rüstəmova “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi üçün verilir.
Hərbi hissə komandiri polkovnik-leytenant Ə.B.Məmmədov”.
Qeyrətli, vətənpərvər jurnalistlərimiz qələmini süngü edib, düşmənə sinə gərir. Haqdan, ədalətdən yazır. Amma jurnalist adı altında bəziləri düşmən dəyirmanına su tökür. Bilmir ki, yalanmaqnan doymaq olmaz. Qisməti verən Allahdır. Çalışıb halal zəhmətlə pul qazanmaq lazımdır. Jurnalistin iti qələmini murdarlamaq olmaz. Bunu insanlar bağışlasa da, tarix bağışlamaz. Adətinə, ənənənə hörmət et! Tuf daşını tök ətəyindən, o daşnaklara aiddir.
Hər iki sənədi bu yazıya əlavə etməkdə məqsədim ondan ibarətdir ki, Azərbaycan xalqı qədirbilən xalqdır, qoy onun böyüməkdə olan halal süd əmmiş övladları cəfəngiyyata uymasınlar. Atalar demişkən, dəmir isti-isti döyülər. Daldan atılan daş topuğa dəyər. Hər bir insan oğlu atdığı addımla hesablaşmalıdır.
Dərin düşüncəli ziyalılarımız yaxşı bilirlər ki, dünyada mənafe uğrunda gedən döyüşlər – bunlar hamısı kapital toplamağın bəlasıdır. Bəzi qələm sahibləri şəxsi mənafe naminə heç fikirləşmədən, yazılmamış insani qanunları tapdalayaraq şərə, böhtana üstünlük verir. Oxucunu həqiqət yolundan uzaqlaşdırırlar. Görəsən, həmişə fəxr etdiyimiz Azərbaycan mətbuatında başqa mövzu seçmək çoxmu çətindir?
Biz əziz qazilərimizin ruhu qarşısında hələ tələb olunan səviyyədə borcumuzu verə bilməmişik. Xatirimdədir, bir zamanlar qəzet köşklərinin qarşısında növbə olardı. Demək olar ki, hamı qəzet oxuyurdu. Çünki dəyərli yazılarla əhatə olunan qəzet səhifələri hamıda maraq doğururdu. Biz müəlliflərin mərdliyinə, səxavətinə, alicənablığına, sözlərinin bütövlüyünə, insanlıq xatirinə hər zəhmətə qatlandıqlarına şahid olurduq.
Amma özünü vətənpərvər kimi qələmə verərək vətən, torpaq uğrunda şəhid olmuş bir qazinin övladına hədə-qorxu ilə: “Məndə bəzi sənədlər var, onları hələlik üzə çıxarmaq istəmirəm” deyib, nəsə tələb etmək… Bu hansı əxlaqa sığışır? 1994-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş bir şəxsi ləkələmək üçün əyri yollara əl atmaq heç bir normaya, qaydaya uyğun gəlmir!
Belə bir sual ortaya çıxır: Görəsən özünü vətənpərvər, torpaq təəssübkeşi, qanunun aliliyinə hörmət edən bir şəxs kimi qələmə verən bəzi saxtakarların aradan 24 il keçəndən sonra “ayılmalarına” səbəb nədir? Əgər doğrudan o şəxslər vətəni, torpağı, ali qanunlarımızı öz şəxsiyyətlərindən üstün tuturlarsa, indiyə qədər niyə susublar? Kiməsə böhtan atmaqla nəyəsə nail olub yaşamaq olmaz. Qüdrətli Azərbaycan xalqı ağı qaradan seçməyi yaxşı bacarır. Hər bir qələm əhli bilməlidir ki, şərlə, böhtanla o müqəddəs qələmi qorumaq olmaz. Vaxt varkən haqqın yolunu tut, qələminin qədrini bil. Əgər səndə az da olsa vətən sevgisi varsa, çörək ağacın olan qələmini mənasız böhtanla kirlətmə. Ona sahib ol!
Bütün sınaqlardan çıxmış, vətən, torpaq uğrunda həyatını qurban vermiş “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş, briqada komandiri, şəhidlik zirvəsinə ucalmış, əzizimiz Cahangir Rüstəmovun müqəddəs ruhu nankor cızmaqaraçıların böhtan və şərlərini qəbul etməz. Unutma, bu gün şəhidlərimizin, qazilərimizin əziz ruhunu mələklər qoruyur. Müqəddəs kitabda deyilir ki, mələklər səmimi insanlara Allahı daha yaxından tanımağa kömək edirlər.
Dünyada dinini, imanını tanımayan insan ən aciz məxluqdur. Qazilərimizin əziz ruhunu uca tutsan, bəlkə də Tanrı səni bağışlayar. Gör qələm dostun jurnalist Aybəniz Qafarlı nə yazır: “Alovlu baxışları ilə “Darıxma, bacım, bu dağları canımla-qanımla qoruyacam” deyirdi. O, ömrünü torpaq uğrunda girov qoymuşdu. Cahangir Rüstəmov sağlığında ürəklərdə özünə heykəl qoyub getdi. Allah ona rəhmət eləsin!”
Başqa bir vətəndaş, Gədəbəy Rayon Partiya Komitəsinin sabiq birinci katibi Əlövsət Baxışov: “O, Azərbaycanı, doğma kəndlərimizi müdafiə edir, cəngavər kimi səngərdən-səngərə atılaraq döyüş əməliyyatı barədə lazımi əmrlər verirdi”.
Tamella Kərim qızı Məmmədovanın dediklərindən: “Cahangir Rüstəmov deyəndə bizim batalyon elə bilirdi Allahın adı çəkilir. Yaman zarafat etməyi xoşlayırdı. Dağlardan alırdı gücü-qüvvəti desəm, yanılmaram”.
Nəzakət Məmmədova, döyüşçü həkim: “Onun ruhu boylanır o dağlardan günəş əvəzi. O günəş isə öz hərarətini nə bizlərdən, nə də o dağlardan əsirgəmir. Cahangir Rüstəmov bizlər üçün bir günəşdir”.
Mayıl Həsənov, baş leytenant, “Azərbaycan Ordusu”nun müxbiri: “Nekroloqu ürəyim göynəyə-göynəyə oxusam da, özümü polkovnikin ölümünə inandırmağa çalışsam da, bir daha əmin oldum ki, Cahangir Rüstəmov kimi qeyrətli vətən oğulları yurdsevər, vətənpərvər insanların xatirəsində yaşayır və həmişə yaşayacaq!”
Vaxtilə Cahangir Rüstəmovun komandirlik etdiyi hərbi hissənin əsgəri Əlinin yazdığı şeiri də oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm:
Atanın mərd oğlu, igid balası,
Heyranam səndəki qana, Cahangir.
Hünərin Molla Zaldı, südün Cavanşir,
Səndə gördüm bu nişanı Cahangir.
Bir yanı Kafdardır, bir yanı Qoşqar,
Söylədin dörd yerdə qərargahın var.
Əyilməz poladı, sınmasın vüqar,
Qan uddurdun Hayastana, Cahangir.
Gördüm divizyanı, rota, polkunu,
İki qardaş sazlayırdı tankını.
Qırın düşmənləri, tökün qanını,
Yeriş edin İrəvana, Cahangir.
Ata kimi yoxlayırsan əsgəri,
Elə yetirmisən komandirləri.
Baş Dilican, ayaq Qazaxdan bəri,
Od yağdırın İncivana, Cavanşir.
Cəsur əsgərlərin yerisin qana,
Şad xəbər yetişsin baş komandana.
Qoy zəfər yayılsın Azərbaycana,
Sən düşərkən bu dastana, Cahangir.
Komandir qardaşın, əsgər balandır,
Sən əmr ver – ermənilər talandır!
Yağı düşmən öz qanına bulandı,
Kim batıldı nahaq qana, Cahangir.
Əli getdi gördü qərargahını,
Topunu, tankını, hər dəstgahını.
Çağırın Allahı, Qibləgahını
Doydurun yağını cana, Cahangir.
Cahangir barədə yazılanları Cavanşirə xatırladarkən elə bil ki, onu ağır bir yükün altından xilas edirdim. Mənim dediklərimin təsirini onun kövrək üzündən, alovlu gözlərindən hiss etdim. O, pıçıltı ilə bir söz dedi:
– Qardaş, qardaşımız xalqını, vətənini canından çox sevən, vətən fədaisi idi. Ona da nail oldu.
Cavanşir qəhrəman qardaşının ünvanına deyilən şərin, böhtanın əsassız olduğunu yaxşı dərk edirdi. İşin dəhşətli tərəfi ondan ibarətdir ki, məqalənin müəllifi müxtəlif şəxslərin adlarını çəkir və çalışır ki, oxucunu uydurmalara inandırsın. Amma bilmir ki, yalan ayaq tutar, yeriməz.
Qüdrətli ulularımız demişkən, ən ustalıqla deyilən yalanın da sonu yoxdur, tez bir zamanda üzə çıxır. Amma insan oğlu bilməlidir ki, bir adamın haqqında yalan danışmaq həmin adamın üstünlüyünü qəbul etmək deməkdir.
Bəzi cızmaqaraçıların diqqətinə:
Dedi-qodu ilə oturub-durmaq kişiyə xas olan xüsusiyyət deyil!
Oğullarımızın ünvanına deyilən hikmətli sözə layiq olmaq lazımdır!
Qazilərimizin ruhu qarşısında borcumuzu böhtanlarla verməməliyik!
Mələklər qoruyan müqəddəs ruhlara şər-böhtan yapışmaz!
Qazilərimizin ruhunu qorumaq bizim müqəddəs borcumuzdur!
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti