Bəkir Nərimanoğlu
Novator.az
27 aprel 1920… Azərbaycan Xalq Cümhuriyyətinin son günü, sovet işğalının ilk günü. O gün cümhuriyyətlə bərabər yaranan bir çox dəyər və qurumlar məhv edildi. O gün “Azərbaycan” adlı ilk rəsmi mətbu orqanın da son çap günü oldu.
Cümhuriyyəti quranların qarşısında duran əsas hədəflərdən biri mətbuatın inkişafı idi. 1918-ci il iyunun 25-də yeni qəzetin büdcəsini tərtib etmək, hökumətin təsdiqinə göndərmək, Gəncədəki mətbəəni bu nəşrin çapına hazırlamaq tapşırığı verildi. Tiflisdən mətbəə ləvazimatı almaq nəzərdə tutulurdu. Yeni formalaşan hökumət 1918-ci il iyulun 3-də “Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri”nin nəşrinə başlamaq qərarı çıxardı. “Hökumət xəbərləri” həftədə iki dəfə buraxılmalı, burada əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qərarları, təlimatları, xəbərləri, elanları və digər məlumatları dərc olunmalı idi.
Ancaq bu, kifayət etmirdi. Maddi çətinliklərə baxmayaraq hökumət sentyabrın əvvəllərində Gəncədə “Azərbaycan” adlı qəzetin nəşrinə başlamaq barədə tarixi qərar qəbul etdi.
“Azərbaycan”ın Gəncə və Bakı dövrü
Gəncə şəhəri, Bulatov küçəsindəki (indiki Cavad xan küçəsi) 26 nömrəli ev… “Azərbaycan” qəzeti redaksiyasının ilk ünvanı… “Azərbaycan”ın Gəncə dövrü on gün davam etdi. Bu müddətdə qəzetin dörd nömrəsi işıq üzü gördü. İki dildə – Azərbaycan və rus dillərində. Dördüncü nömrə sentyabrın 25-də çıxdı.
Qəzetin ilk nömrəsinin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində idi. Bu nömrədə Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsi haqda xəbərlər daha çox diqqət çəkir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətlərindən belə bir teleqram gəlmişdir: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən alındı”.
Qəzetin ilk nömrəsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Nuru paşaya cavab teleqramı da dərc olunub: “Qafqaz İslam Ordusunun komandanı səadətli Nuru paşa həzrətlərinə. Cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətin zati-həmiyyət-pərvəranələrinə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm”.
İlk nömrədə Məhəmməd Hadinin türk əsgərinin şücaətini vəsf edən “Türk nəğməsi” şeiri də dərc olunub:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz.
Bakı azad olunandan sonra hökumətlə bərabər “Azərbaycan” qəzetinin redaksiyası da Bakıya köçdü. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası “Metropol” mehmanxanasında (indiki Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində) yerləşdi. Mehmanxananın qarşısındakı Kolyubakinski küçəsində (indiki Nigar Rəfibəyli küçəsi) yerləşən, Adamovlara məxsus yaşayış binası isə “Azərbaycan” qəzetinin yeni ünvanı oldu.
Qəzetin ana dilində beşinci nömrəsi 1918-ci il oktyabrın 3-də dörd səhifədə işıq üzü gördü. İlk dəfə bu nömrədə qəzetin adının altından “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazıldı. Qəzetin redaksiya heyəti yerində isə eləcə “Heyəti-təhririyyə” (“Redaksiya heyəti”) sözü yazılmışdı.
Bakının azad edildiyi gün Məhəmməd Əmin Rəsulzadə Avropa dövlətlərinin iştirakı ilə İstanbulda keçirilən konfransda idi. O, Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq edirdi. Buna görə onun Fətəli xan Xoyskiyə göndərdiyi təbrik teleqramı bir az gec – “Azərbaycan” qəzetinin beşinci sayında yer aldı.
Teleqramda deyilir: “Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərini istixlas (xilası) üçün sarsılmaz bir qəleyi-mətin olması ümidilə bütün arkadaşlarımla öpüşürüz. Azərbaycan heyəti-mürəxxəsəsi namına Rəsulzadə Məhəmməd Əmin”.
Sonralar redaksiya yeni ünvana köçür. Qəzetin 29-cu sayında redaksiyanın ünvanı belə qeyd olunub: “Məhəlli-idarə: Bakı, Voronsovski və Qubernski küçələrinin küncündə 4 nömrəli evdə. “Azərbaycan” idarəsi” (indiki İslam Səfərli küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən, 1867-1895-ci illərdə milyonçu Mantaşevin sifarişi ilə İtaliya memarlıq üslubunda tikilən üçmərtəbəli yaşayış binası).
“Azərbaycan”ın sonuncu nömrəsi 27 aprel 1920-ci ildə çıxdı. Milli Şura bolşevik Rusiyasının XI Qırmızı Ordusunun Azərbaycanda kütləvi qətllər həyata keçirməməsi üçün hökuməti təhvil vermək barədə qərar qəbul etmişdi.
Azərbaycanın dövlət müstəqilliyi ilə birlikdə “Azərbaycan” qəzetinin fəaliyyətinə də son qoyuldu.
Ölkəni işğal edən bolşeviklər aprelin 30-da “Azərbaycan”ın redaksiyasını və mətbəəsini yağmaladılar. Mətbəə “Revkomun mətbəəsi” (İnqilab Komitəsinin mətbəəsi) adlandırıldı. “Azərbaycan” qəzetinin maddi-texniki bazası və kollektivi əsasında müstəqilliyə əks mövqe tutan “Kommunist” qəzetinin nəşrinə başlandı.
Cümhuriyyət dönəmində “Azərbaycan”ın baş redaktorları Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim olmuşdu.
“Həyat”
“Kommunist” qəzeti sovet dövründə Azərbaycanın əsas rəsmi mətbu nəşri oldu. Qəzet Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin orqanı idi. 1990-cı ildə Ali Sovet və Nazirlər Sovetinin hər biri özünə yeni qəzet yaratdı. “Kommunist” Azərbaycan KP MK-nın orqanı kimi qaldı. Nazirlər Sovetinin qəzeti “Respublika” adlandırıldı. Ali Sovet (parlament) isə “Azərbaycan” qəzetinə varislik etmək, yəni buraxacağı qəzetin adını “Azərbaycan” qoymaq istəyirdi.
Lakin həmin dövrdə Qarabağa Xalq Yardımı Komitəsi “Azərbaycan” adında qəzet buraxırdı. Qanununa görə isə eyni adda iki qəzet nəşr etmək olmazdı. “Azərbaycan” öz adını Ali Sovetə (daha sonra Milli Məclis) güzəştə getmədi.
Beləliklə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 noyabr 1990-cı il qərarı ilə təsis olunan qəzetə “Həyat” adı verildi. “Həyat”ın çapına 1991-ci ildən başlandı. Ona həm də “rəsmi qəzet” statusu verildi. Yazıçı-dramaturq Əfqan Əsgərov qəzetin baş redaktoru oldu. Əfqan Əsgərov “Kommunist” qəzetində şöbə müdiri, “Sovet kəndi” qəzetinin redaktoru vəzifələrində çalışmışdı.
“Həyat”ın başlanğıcı
1891-ci ildə “Kəşkül” qəzeti bağlanandan iki ay sonra Ünsizadə qardaşları – əvvəlcə Cəlal, sonra Kamal – “Azərbaycan” adında qəzetin nəşrinə icazə almaq üçün Baş Mətbuat İdarəsinə müraciət etmiş və rədd cavabı almışdılar.
XX əsrin əvvəllərində Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev də birlikdə “Azərbaycan” adlı qəzet çıxarmağa təşəbbüs göstərmişdilər. Lakin çar hökuməti yenə bu adda qəzetin çıxmasına icazə verməmişdi. Nəticədə nəzərdə tutulan qəzet “Həyat” adı ilə işıq üzü görmüşdü. Həm də bu qəzetin təsisçisi yalnız Əlimərdan bəy Topçubaşov olmuşdu. Çünki çar hökuməti təsisçilər arasında Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevi görmək istəməmişdi.
“Həyat”ın davamı
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 2 noyabr qərarı ilə təsis edilən “Həyat” qəzetinin baş redaktor müavini vəzifəsinə dəvət alması Şakir Yaqubov üçün gözlənilməz olmur. Vaxtilə “Kommunist” qəzetində məsul katib işləmiş Şakir Yaqubov Əfqan Əsgərovla dörd il iş yoldaşı olmuşdu.
Şakir Yaqubov o günləri belə xatırlayır: “Baş redaktorla ilk söhbətimiz qəzetin adı ilə bağlı oldu: niyə “Həyat”? Əgər bu, həqiqətən respublikanın əsas qəzeti kimi nəzərdə tutulurdusa, niyə də “Azərbaycan” olmasın? Cavab hazır idi: həmin vaxt artıq bir ildən çox idi ki, Qarabağa Xalq Yardımı Komitəsinin orqanı – həftəlik “Azərbaycan” qəzeti çıxırdı və qanuna görə, eyni adda iki qəzet nəşr etmək olmazdı. Çox düşünüb-daşındıqdan sonra “Həyat”a üstünlük verilmişdi və elə bu da keçmişə ehtiramın əlaməti sayılırdı – 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırılan “Həyat” qəzetinin “beşiyi başında” Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi işıqlı insanlar dayanmışdılar. Bu adı, bu ənənəni yaşatmaq, doğrultmaq öhdəmizə düşürdü”.
Yeni “Həyat”ın ilk sayı
Qəzetin ilk nömrəsində təbriklər üstünlük təşkil edir. Loqotipdə – “Həyat” sözünün üstündə “dövlət qəzeti”, “Həyat”ın sağında “Azərbaycan SSR Ali Sovetinin orqanı”, solunda isə “Torpağını, elini, dilini qoru” yazılıb.
İlk sayda baş redaktor “Həyat”ın qarşısına hansı vəzifələr qoyulduğunu yazır: “Azərbaycanda ilk dəfə demokratik qaydada seçkilər keçirilmişdir (1990-cı ilin sentyabr ayında keçirilmiş parlament seçkisi – B,N.). Heç şübhəsiz, əyintilər də, demokratiya pərdəsi altında sui-istifadələr də olmuş, nəticədə xalq deputatları sırasına bu yüksək etimada layiq olmayanlar da düşmüşlər. Nə etmək olar, biz əsl demokratiyanı indi-indi öyrənirik. “Həyat” qəzeti öz oxucuları üçün demokratiyanı və qanunları öyrənmək məktəbinə, etibarlı bələdçiyə çevriləcəkdir”.
İlk xəbərdarlıq
Çox keçmir “Həyat”dakı yazıların birinə görə Mərkəzi Komitədən qəzetə xəbərdarlıq gəlir.
Şakir Yaqubov: “Birinci “qulaqburma”sını təxminən ikinci həftənin sonunda aldıq: o vaxt sovet qoşunlarının Vilnüsə müdaxiləsini 1986-cı ilin dekabrında Alma-Atada (o vaxt şəhərin rəsmi adı beləydi), 1989-cu ilin aprelində Tbilisidə və 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı hadisələrlə eyni tutduğumuza görə. “Söz verdik” ki, bu, bir daha təkrarlanmayacaq”.
“Həyat”ın Xocalı imtahanı
Xocalı qırğınının səhərisi – 1992-ci il fevralın 27-də “Həyat”da dərc olunan xəbər bu gün də qəzeti qınaq obyektinə çevirir. Həmin xəbərdə Xocalını ermənilərin tutmadığı, yalnız iki sakinin həlak olduğu bildirilir. Bu xəbər qəzetə necə çıxıb?
Şakir Yaqubov: “1992-ci il fevralın 26-sı idi, axşam mətbəədə idim və “Həyat” qəzetinin növbəti nömrəsini “bağlayırdıq”, köhnə qəzetçilərin diliylə desək, “vyorstka” edirdik. Təxminən saat 20 radələrində “Azərinform”un (indiki AZƏRTAC-ın – B.N.) nömrəyə qoyulmaq üçün göndərdiyi materialların növbəti topasını “Azərbaycan” nəşriyyatının inzibati korpusunun beşinci mərtəbəsində yerləşən teletayp otağından gətirdilər.
Buraxılış tarixi saat 19:29 olan bir yazı diqqətimi cəlb elədi: “Xocalı od içində”. Material belə başlanırdı: “Respublika Müdafiə Nazirliyinin mətbuat mərkəzindən Azərinformun müxbirinə xəbər vermişlər ki, fevralın 26-na keçən gecə ərzində erməni silahlı birləşmələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı polkun zirehli texnikasının köməyi ilə Xocalı şəhərinə basqın etmişlər. Azərbaycan Xalq Cəbhəsinin informasiya mərkəzindən alınmış məlumata görə, hücumdan əvvəl – hələ fevralın 25-də axşam şəhər toplardan, zirehli transportyorlardan və zirehli maşınlardan şiddətli atəşə tutulmuşdur. Nəticədə şəhərin bir neçə yerində yanğınlar başlanmışdır. Fevralın 26-da səhər saat 5 radələrində şəhər əslində tamamilə alova bürünmüşdür. İlkin məlumata görə, səhər saat 8-ə yaxın Xocalı erməni quldur birləşmələri tərəfindən tutulmuşdur”.
Mətnin bu yerində materialın əvvəlinci hissəsi tamamlanır və “ulduz” işarəsindən sonra yekun hissəsi gəlirdi, bu hissədə isə məlumat mənbəyi istisnasız olaraq Azərinformun özü idi: “Xocalı ilə əlaqə hələ gecə ikən kəsilmişdi, ona görə də orada cərəyan etmiş hadisələrin tam təfərrüatını və baş vermiş faciənin miqyasını çatdırmaq hələlik çətindir. Azərinformun Ağdam şəhərindəki xüsusi müxbiri E.Rüstəmov yanan şəhərdən çətinliklə çıxaraq Ağdama gəlib çatmış bəzi sakinlərlə söhbət edə bilmişdir. Onların dediyinə görə, yerli əhali arasında ölənlər və yaralananlar, o cümlədən qadınlar, qocalar və uşaqlar vardır. Sakinlər var-yoxlarını ataraq şəhərdən tələsik qaçmışlar”.
Material yığıldı və birinci səhifəyə qoyuldu.
…Saat 21:06-da Azərinformdan “Qəzetlərin 27 fevral nömrələrinə” qrifli yeni material aldıq. Bu materialın faktologiyası “Xocalı od içində” yazısından ciddi şəkildə fərqlənirdi, üstəlik də onu hansısa bir qurum deyil, Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti hazırlamışdı və belə hallar üçün qəbul edilmiş qaydaya görə, daha rəsmi xarakter daşıdığından onu dərc eləməli idik; “Xocalı od içində” yazısını nömrədən çıxardıq.
“Xocalıda vəziyyət haqqında” adlanan və əvvəlki yazı kimi iki hissədən ibarət olan bu materialın birinci hissəsi – o vaxt üçün də, bu gün üçün də vacib olan hissə aşağıdakı mətndən ibarət idi: “Respublika Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvələri şəhər üzərinə hücuma keçmişlər. Atəş və hücumlar bu gün bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağıdılmış, evlər yandırılmışdır. Yaralananlar vardır. İlkin məlumata görə, iki sakin həlak olmuşdur. Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız-hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədi ilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir.
Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür”.
Baş vermiş faciənin – azərbaycanlılara qarşı soyqırımının miqyasları barədə məlumatsızdıq, ona görə də ikinci materiala görə dirəniş göstərməyimiz tam yersiz olardı…”.
Mehman Cavadoğlunun təyinatı
Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra qəzetin baş redaktoru dəyişir. Milli Məclisin 17 iyul 1992-ci il qərarı ilə Əfqan Əsgərov vəzifəsindən azad edilir, Mehman Cavadoğlu “Həyat”a baş redaktor təyin olunur.
Mehman Cavadoğlu: “Mənə baş redaktor postunu İsa bəy (İsa Qəmbər onda parlamentin sədri idi -B.N.) təklif etdi. Dedi ki, qəzetdə dəyişiklik olmalıdır. Mən də təklifi qəbul etdim”.
Mehman Cavadoğlu bildirir ki, o, baş redaktor təyin ediləndən sonra qəzetdə xeyli dəyişiklik olub: “Xeyli kadr dəyişikliyi oldu. Bu zaman əsasən professionallıq prinsipi meyar götürüldü. Yeni xəttə uyğun olan, yeni jurnalistikanın tələblərinə cavab verən işçilər gəldi. Qəzet rəsmi dövlət qəzeti idi, ancaq bizim onu daha kütləvi, populyar qəzetə çevirmək məqsədimiz vardı. Ona görə yeni nəfəs lazım idi. Xüsusilə də gənclərdən ibarət yeni kadrlar dəvət elədik“.
Mehman Cavadoğlunun sözlərinə görə, “Həyat” Milli Məclisin orqanı olsa da, parlamentin rəhbərliyi redaksiyanın işinə qarışmayıb: “Redaksiyaya tam sərbəstlik verilmişdi. Təbii ki, biz dövlət qəzeti idik, amma problemləri yazmaq da, tənqid eləmək də bir missiyadır. Bu məsələdə bizə tam sərbəstlik verilmişdi. O vaxt qəzet kifayət qədər tənqidi ruhda çıxırdı”.
“Azərbaycan” adı parlament qəzetinə qaytarılır
Mehman Cavadoğlu baş redaktor olandan sonra rəsmi dövlət qəzetinin “Azərbaycan” adlandırılması məsələsini yenidən gündəmə gətirir, bu istəyini parlament sədri İsa Qəmbərlə bölüşür.
Mehman Cavadoğlu: “Bu, zamanın tələbi idi. Xalq Cümhuriyyəti dövründə parlamentin mətbu orqanı “Azərbaycan” adlanıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası isə özünü Xalq Cümhuriyyətin varisi elan edib. Cümhuriyyətin xeyli atributu – himni, gerbi, bayrağı, bərpa edilmişdi. Parlamentin orqanı olan rəsmi dövlət qəzetinin “Azərbaycan” adlandırlması da bu baxımdan vacib idi. İsa bəy mənim bu təklifimi çox maraqla qarşıladı və təklifin həyata keçirilməsinə onun çox böyük köməyi oldu. Beləliklə, bu işi görə bildik və “Azərbaycan” adının qəzetə qaytarılmasına nail olduq”.
İsa Qəmbər: “AXC hakimiyyətə gələndən sonra parlamentin “Həyat” qəzetinə Mehman Cavadoğlunu baş redaktor təyin etdik. Qəzet qısa müddətdə daha da populyarlaşdı, maraqla oxunmağa başladı. Çünki mətbuata azadlıq vermişdik. Həmin mərhələdə Mehman bəylə söhbətimiz oldu ki, Xalq Cümhuriyyəti dövründə parlamentin mətbu orqanı “Azərbaycan” adlanıb, indi isə “Azərbaycan” adı Qarabağa Xalq Yardımı Komitəsinin mətbuat orqanındadır.
O zaman Sabir Rüstəmxanlı mətbuat və informasiya naziri idi. Sabir bəy həm də Qarabağa Xalq Yardımı Komitəsinin buraxdığı “Azərbaycan” qəzetinin ilk baş redaktoru olmuşdu. Onunla söhbət etdim ki, yaxşı olar parlamentin qəzeti “Azərbaycan” adı ilə çıxmağa davam etsin. Hər halda bu ad parlament qəzetinə aiddir. Sabir bəy də, sağ olsun, etiraz etmədi”.
Mehman Cavadoğlu deyir ki, “Həyat”ın “Azərbaycan” adlanması prosesi heç də rəvan getməyib: “Ölkədə qanuna görə eyni adda iki qəzet nəşr oluna bilməzdi. Ona görə biz “Azərbaycan” adını Qarabağa Xalq Yardımı Komitəsindən almaq istədik, təklif etdik ki, onlar qəzeti başqa adla buraxsınlar. Bununla bağlı xeyli danışıq getdi. Məsələ bir ay, ay yarım çəkdi. Çünki rəhmətlik Bayram Bayramovla (Qarabağa Xalq Yardımı Komitəsinin rəhbəri – B.N.) danışıqlar bir az çətin gedirdi. O, qəzetin adından imtina etmək istəmirdi. Buna da təbii baxmaq lazımdır. Qarabağa Xalq Yardımı Komitəsinin qəzeti xeyli populyarlıq qazanmışdı, geniş oxucu kütləsi vardı. Axırda adı almağa nail olduq. Əslində Qarabağa Xalq Yardımı Komitəsinin nəşr etdiyi “Azərbaycan” qəzetinin kollektivi bizim təklifə razı idi. Kompromis variant kimi “Azərbaycan”ın işçiləri yeni “Azərbaycan”a dəvət olundular”.
Ad dəyişikliyi istiqamətində danışıqlar gedən dövrdə Qarabağa Xalq Yardımı Komitəsinin “Azərbaycan” qəzetinin baş redaktoru Şərif Kərimli olub. O, dəyişikliyin tərəfdarı idi. Redaksiyada buna tərəfdar çıxan başqa şəxslərin olduğunu redaksiya kollektivinin bu müraciəti də təsdiqləyir.
Müraciət Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərə ünvanlanıb: “Bildiyiniz kimi, 1989-cu ildə demokratik hərəkatın ilk carçısı olan “Azərbaycan” qəzeti yenidən fəaliyyətə başladı. Varislik ənənələrini davam etdirən qəzet Azərbaycan Demokratik Cümhuriyyətinin prinsiplərinə sadiq qalaraq Azərbaycandakı xalq hərəkatının güzgüsünə çevrildi. Bu yolda kollektiv bir çox maneələrə – qadağalara, rəhbər orqanlar tərəfindən edilən təzyiq və təsirlərə sinə gərib, Azərbaycan xalqının mənafeyinə xələl gətirə biləcək hər cür yabançı, antidemokratik hallara qarşı mübarizə apardı.
Hörmətli İsa bəy! Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin bütün atributları rəsmi şəkildə bərpa olunmağa başlamışdır. Lakin təəssüflər olsun ki, Azərbaycan Demokratik Cümhuriyyətinin ilk və son mətbu orqanı olan “Azərbaycan” qəzeti unudulmuşdur. Varislik ənənələrini əlində rəhbər tutan indiki demokratik respublika öz ilk mətbu orqanına da biganə qalmamalıdır. Həm varislik ənənələri, həm də demokratik hərəkatdakı obyektiv mövqeyi baxımından “Azərbaycan” qəzetinin bu gün Azərbaycan dövlətinin rəsmi orqanı olmağa mənəvi haqqı vardır. “Azərbaycan” qəzetinin kollektivi Sizdən xahiş edir ki, qəzetin əvvəlki statusunun bərpa edilməsinə kömək göstərəsiniz”.
Beləliklə, hüquqi baxımdan proses “Həyat” və “Azərbaycan” qəzetlərinin birləşdirilməsi formasında yekunlaşır. Ali Sovetin 14 sentyabr 1992-ci il qərarı ilə “Həyat” və onun rusca əlavəsi olan “Respublika” qəzetlərinin nəşri dayandırılır, Ali Sovetin orqanı kimi “Azərbaycan”qəzeti və onun rusca “Azerbaydjan” əlavəsi təsis edilir. Bu qəzetlər Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan və rus dillərində çıxmış “Azərbaycan” və “Azerbaydjan” qəzetlərinin varisi sayılır və həmin qəzetlərin dövriliyi saxlanır.
Mehman Cavadoğlu “Azərbaycan” qəzetinin baş redaktoru təyin edilir.
1992-ci ilin 23 sentyabrından parlamentin mətbu orqanı “Azərbaycan” adı ilə çıxmağa başlayır.
Cümhuriyyət dövründə “Azərbaycan”ın 443 sayı işıq üzü görüb. Yeni “Azərbaycan” nəşrə 444-cü saydan başlayır.
444-cü sayda baş redaktor Mehman Cavadoğlu “72 illik ayrılıqdan sonra” başlıqlı yazı ilə çıxış edir: “Düz 72 illik fasilədən sonra “Azərbaycan” qəzeti yenidən nəşrə başlayır. 1918-1920-ci illərdə 443 nömrəsi işıq üzü görmüş “Azərbaycan” qəzetinin müxtəlif vaxtlarda redaktorları olmuş Ceyhun və Üzeyir Hacıbəyov qardaşlarının, Xəlil İbrahimin, Şəfi bəy Rüstəmbəylinin yalnız bir arzuları var idi: müstəqil, azad və demokratik Azərbaycan dövləti qurmaq, xalqımızın milli şüurunu özünə qaytarmaq. O dövrün əksər ziyalıları və dövlət xadimləri böyük Məmməd Əminin başçılığı altında bu ideyaları həyata keçirmək üçün mübarizə aparmış, öz canlarını və qanlarını əsirgəməmişlər. “Azərbaycan” qəzeti də bu mübarizədə onların ən yaxın yardımçısı olmuşdur.
ADR xarici müdaxilə nəticəsində zorakılıqla devrildikdən sonra bu ideyalar təkcə xaricdəki mühacirlərimizin qəlbində və əməllərində deyil, həm də bütövlükdə Azərbaycan xalqının ürəyində yaşadı, 1988-ci ildə başlayan geniş xalq hərəkatı nəticəsində meydanlara çıxdı.
Məhz bu kütləvi xalq hərəkatının dalğasında hörmətli şairimiz və hərəkatımızın liderlərindən olan Sabir Rüstəmxanlının redaktorluğu ilə “Azərbaycan” qəzeti nəşrə başladı. Bu qəzet Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını yaydı. Özü də elə bir vaxtda ki, nə həmin cümhuriyyətin, nə də onların liderlərinin adlarını çəkməyə icazə verilirdi.
Artıq “Azərbaycan” qəzeti dövlət qəzeti kimi əvvəlki statusuna qayıdır. Bu çətin və məsul dövrdə qəzetin üzərinə böyük vəzifələr düşür. Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi altında çox gərgin mübarizələrdən sonra hakimiyyətə gəlmiş demokratik qüvvələrə yaxından kömək etmək, respublikamızın və xalqımızın üzləşdiyi problemlərdən ətraflı bəhs etmək yeni qəzetin əsas devizi olacaq. Totalitar dövrün rəsmi qəzetlərinə xas olan məddahlıq və hadisələrə birtərəfli yanaşmaq meyli bizdən çox uzaqdır. Qəzetin fəaliyyətini demokratik dövlətçilik ənənələrimizi bərpa etmək, onu daha da möhkəmlətmək istiqamətində quracağıq. Bu məsələdə yol verilən nöqsanlar, taktiki səhvlər hərtərəfli təhlil ediləcək, aşağıdan başlamış prezidentə kimi hamının səhvləri tənqid olunacaq, konstruktiv təkliflər veriləcək. Dövlətin, hökumətin fəaliyyətinə və cəmiyyətdə baş verən proseslərə hərtərəfli diqqət yetiriləcək. Bu və ya digər məsələlərlə bağlı həm iqtidarda, həm də müxalifətdə olan partiyaların mövqeyi oxuculara çatdırılacaq, bütün partiyaların fəaliyyətinə imkan daxilində yer veriləcək”.
“Azərbaycan”ın rəhbərliyində dəyişikliklər
1993-cü ilin iyununda Azərbaycanda baş verən proseslər Xalq Cəbhəsinin hakimiyyətinə son qoyur. İsa Qəmbər parlament sədrliyindən istefa verir. İyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçilir. Bunun səhəri günü Mehman Cavadoğlu baş redaktor vəzifəsindən istefa verir.
Mehman Cavadoğlu: “Mənə “istefa ver” deyən olmamışdı. Biz bir komanda idik. Bir komanda ilə gəlib, bir komanda ilə də getməliydik. Bu, mənəvi məsuliyyət, mənəvi borc idi. Ölkədə hakimiyyət dəyişəndən sonra mən baş redaktorluqdan getmək üçün ərizə ilə müraciət etdim. Ərizəmi iyunun 16-sı yazmışdım, ancaq istəyimin təmin olunması bir müddət çəkdi”.
Mehman Cavadoğlu ərizəsini yazandan sonra daxili əmrlə müavini Şərif Kərimlini baş redaktor əvəzi təyin edir və daha işə çıxmır.
İstefa Milli Məclisin 29 iyul 1993-cü il qərarı ilə təmin olunur. Başqa bir qərarla həmin gün Əmir Mustafayev “Azərbaycan” qəzetinin baş redaktoru təyin edilir. O, 9 ilə yaxın bu qəzetə rəhbərlik edir.
2002-ci ilin aprelindən indiyədək “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
“Azərbaycan” qəzeti indi də Milli Məclisin orqanı, rəsmi dövlət qəzetidir.
Fərqli yanaşmalar
“Azərbaycan” qəzetinin çağdaş tarixinə yanaşmalar fərqlidir.
Qəzetin hazırkı baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov hesab edir ki, “Həyat”la “Azərbaycan”ın birləşdirilməsi zamanı ədalətsizliyə yol verilib.
Bəxtiyar Sadıqov 2018-ci ilin sentyabrında “Azərbaycan” qəzetində işıq üzü görən “İki “Azərbaycan” arasındakı körpü” məqaləsində yazır: “Həyat”ın 440 nömrəsi unuduldu. Başqa sözlə, “Azərbaycan” adı geriyə qaytarılarkən Xalq Cümhuriyyəti dövrünün “Azərbaycan”ının say nömrəsi ilə hesablanma başladı: müasir “Azərbaycan”ın ilk nömrəsi 444 göstərildi. Beləliklə, rəsmi dövlət qəzeti və parlamentin orqanı kimi nəşr olunan “Həyat”ın 440 nömrəsi nəzərə alınmadı. Sanki heç olmayıbmış! Halbuki “Həyat”la “Azərbaycan”ı birləşdirən ümumi cəhətlər də çoxdur.
Əvvəla, hər ikisi dövlət qəzeti və parlamentin orqanı kimi nəşr olunub.
İkincisi, daim dövlətçilik mövqeyində olmuş, müxalifət qəzeti funksiyasını yerinə yetirməmişlər.
Üçüncüsü, dövlətə, dövlətçiliyə, demokratiyaya xidmət göstərmişlər (hansısa partiyaya yox), milli maraqları daim uca tutmuşlar.
Dördüncüsü, hər ikisində qəribə tale oxşarlığı müşahidə olunur. Belə ki, həm “Azərbaycan”, həm də “Həyat” hər ikisi eyni müddətdə, eyni sayda (443 və 440) çıxmışdır; hər ikisinin bütün nömrələri qorunub saxlanmayıb; “Azərbaycan” sovet dövründə unutduruldu, yox edildi, “Həyat” isə indi yoxdur və yaddan çıxıb!”
Mehman Cavadoğlu isə hesab edir ki, birləşmə zamanı “Həyat”ın nömrələri əlavə olunsaydı, rəqəmlərdə müəyyən qarışıqlıq yaranardı: “O baxımdan qəzetin adı bərpa olunurdusa, “Azərbaycan”ın bu ad altında parlamentin orqanı kimi çıxan saylarının ardıcıllığı bərpa olunmalı idi…”.
Dəyişməz həqiqət
Qəzetin çağdaş tarixinə yanaşmalar fərqlənsə də, dəyişməyən bir həqiqət var: “Azərbaycan”ın tarixi 100 ili ötür və onun yaranması da, bərpası da Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsidir.