Əhməd hara gedir?
- 13 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasından istefa verib. O, qərarını partiyanın bütün təməl hədəflərdən, demokratiya yolundan kənarlaşması ilə əsaslandırıb, yeni hərəkat yaradacağını deyib.
Novator.az bildirir ki, Əhməd Davudoğlu 1959-cu ildə Konyada doğulub. İstanbuldakı Bosfor Universitetini bitirib. İqtisadçı, politoloq və beynəlxalq münasibətlər mütəxəssisidir.
Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2009-cu ildən xarici işlər naziri, 2014-cü ilin avqust ayından 2016-cı ilin may ayına kimi Ədalət və İnkişaf Partiyasının sədri və baş naziri olub.
Ədalət və İnkişaf Partiyası 2001-ci il avqustun 14-də yaradılıb, 2002-ci ildən hakimiyyətdədir. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub, 28 avqust 2014-cü ildən prezidentdir.
2017-ci ildə aparılan konstitusiya dəyişikliyində prezident partiya üzvü olmaq hüququ əldə edib. Həmin il mayın 2-də Rəcəb Teyyub Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasına dönüb, mayın 21-də sədr seçilib. 2018-ci ilin iyul ayında Türkiyədə idarə üsulu dəyişib, baş nazir postu ləğv edilib, prezident hökumət başçısı olub.
1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.
1999-cu ildə həbsdə yatıb. 2003-2014-cü illərdə baş nazir olub.